AMEA-nın müxbir üzvü, Fizika İnstitutunun laboratoriya rəhbəri, fizika elmləri doktoru Səlimə İbrahim qızı Mehdiyeva 1941-ci ildə Naxçıvanda dünyaya gəlib. 1963-cü ildə Bakı Dövlət Universitetinin fizika fakultəsini bitirib, AMEA Fizika İnstitutunun aspiranturasında oxuyub. 1967-ci ildə Vilnus Dövlət Universitetində selen yarımkeçiricisinin tədqiqi ilə bağlı namizədlik, 1988-ci ildə Fizika İnstitutunun müdafiə şurasında “Selen və polietilen əsasında xətti polimer yarımkeçirici və dielektriklərin strukturu və fiziki xassələri” mövzusunda doktorluq dissertasiyasını müdafiə edib. Elə həmin il fizika-riyaziyyat elmləri doktoru elmi dərəcəsini, 1993-cü ildə isə professor elmi adını alıb. Səlimə xanım ölkəmizdə AMEA-nın fizika ixtisası üzrə ilk qadın müxbir üzvüdür. 1969-1978-ci illərdə Fizika İnstitutunda elmi katib, 1995-2002-ci illərdə elmi işlər üzrə direktor müavini işləyib. 1976-cı ildən institutda “Qeyri-kristalik yarımkeçiricilərin fizikası və
elektronikası” laboratoriyasının rəhbəridir. “Развитие физики селена // C. Мехтиева, Д. Абдинов. Элм, 2000, 232 с.” adlı kitabın, 224 elmi məqalənin, xaricdə çıxmış 127 elmi əsərlərin müəllifidir. 2017-ci ildən Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvüdür. İndiyədək 13 fəlsəfə doktoru, 1 elmlər doktoru yetirib. Müəlliflik şəhadətnamələri və patentlərin sayı 14-dür.
Səlimə Mehdiyeva elm aləmində nüfuzlu xanım kimi özünü təsdiq edib. Yüksək səviyyəli alimlər yetişdirib. Onun rəhbərlik etdiyi laboratoriyada xeyli gənc tədqiqatçı çalışır. Nüfuzlu alim onlar üçün mümkün olan elmi mühiti yaradıb.
Bu da onların elmi baxışlarının formalaşması və uğurlar əldə etmələrinə səbəb olub. Hazırda tədqiqatçı-alimin yetirmələri qarşıya konkret problemlər qoyub onları uğurla həll etməyə qadirdirlər. Alimin keçmiş aspirantları, bu günün doktorantları dissertasiya müdafiə edərək fizika üzrə fəlsəfə doktoru və fizika elmləri doktoru elmi dərəcələri alıblar. Səlimə xanım elmin cəmiyyətdə populyarlaşması və gənclərin elmə həvəsini artırmaq üçün təbliğatın optimal yolunu orta məktəblərdə görür. Hesab edir ki, öz fənnini yüksək səviyyədə tədris edən peşəkar müəllim maraqlı misallar, əyani nümunələrlə həmin fənni şagirdlərinə sevdirə bilər. Müəllim nümunə olmalı və fənnini şagirdlərinə sevdirməyi bacarmalıdır...
Səlimə xanım söhbətlərində bildirir ki, şəxsən mənim fizika elminə marağım fənn müəllimimizin özündən gəlmişdi. Fizika müəllimimiz şagirdlərini ürəkdən sevirdi, onları həvəslə elmin sirlərinə öyrədir, daha çox bilmələrinə can yandırırdı...
Müdrik alimimiz onu da qeyd edir ki, elmin cəmiyyətdə populyarlaşmasının bir yolu da ziyalıların həmin yenilikləri gənclərə maraqla çatdırmaq arzusu ilə bağlıdır. Bunun da həlli yolları ruhi istək, elmi-kütləvi məqalələr, kitablar yazmaq, qəzet və jurnallarda, televiziya verilişlərində çıxışlar etmək, maraqlı kəşfləri, elmi nəticələri təbliğ etməklə mümkündür. 1980-ci illərdə gənclərə elmi maraq şəxsən elmi nümunənin özündən, tədqiqatçı-alimlərin şəxsi nümunəsindən– müdrik vicdandan, vicdanlı ağıldan gəlirdi. O zaman elmə həvəs böyük idi. Gənclər Akademiyaya, universitetlərə dərəcələrə görə yox, elmə sonsuz maraqlarına görə gəlirdilər.
Səlimə xanım xatırladır ki, mən elmi katib olduğum illərdə televiziyada “Evrika” elmi-kütləvi verilişinin aparıcısı olmuşam. Mənim “Evrika” proqramını aparmağımın maraqlı tarixçəsi olub. 1980-ci illər idi. O zaman indiki kimi sosial şəbəkələr mövcud deyildi. Elmin populyarlaşması ya qəzetlər, ya da dövlət televiziyası vasitəsilə mümkün olurdu. İnstitutumuzda alınan elmi nəticələri əks etdirən sərgi var idi. Bir gün dövlət televiziyasından instituta nümayəndələr gəldi, elmi işlərimizlə tanış olmaq istədilər, mən də elmi katib kimi onları institutda aparılan işlərlə, sərgidəki eksponatlarla tanış etdim. Bu, qonaqları çox maraqlandırdı və məni televiziyanın elmi-kütləvi proqramının aparıcısı olmağımı təklif etdilər. Beləliklə, televiziyada 3 ilə yaxın “Evrika” verilişini apardım. Verilişlər rəngarəng idi, tamaşaçılarda böyük maraq doğururdu. Çünki elm sahələrinə aid olan məlumatlar məşhur alimlər tərəfindən verilirdi. Xarici ölkələrdə yaşayan alimlərimizlə də əlaqələrimiz var idi. Dissertasiya müdafiələrinə, beynəlxalq konfranslara, institut seminarlarına tanınmış, nüfuzlu alimlər dəvət olunur, onlar əməkdaşları, habelə, ictimaiyyəti müasir elmi işlərin, tədqiqatların nəticələri ilə tanış edirdilər. Hazırda insanların sosial şəbəkələr vasitəsilə rəyini bilmək çox asandır. O zaman elmi araşdırmaların inkişafına təkan verəcək rəy və təkliflər əsasən ölkə daxilindən və ya xaricdən gələn maraqlı təkliflər, yaxud məktublar hesabına olurdu.
Yeri gəlmişkən onu da bildirim ki, mən magistraturada oxuduğum zaman çox hörmətli Səlimə xanım mənə dərs deyib. Hər bir elmi işçinin ona olan hörmətini, sevgisini yaxından müşahidə etmişəm.Vaxtilə bir yerdə təhsil aldığımız tələbə yoldaşlarımız indi gənc tədqiqatçı kimi onun rəhbərlik etdiyi laboratoriyada həvəslə fəaliyyət göstərir. Səlimə xanım da, onun yetirmələri də çalışır ki, əldə etdikləri elmi nəticələri vaxtında praktikaya tətbiq etsin, yeni tədqiqatların aparılmasına yollar açılsın.
Səlimə xanım rəhbərlik etdiyi kollektivə ailə üzvləri kimi baxır. Hesab edir ki, hər bir işçiyə hörmətlə, məsuliyyətlə, tələbkarlıqla yanaşmaq özünə hörmət, dəyər və qiymət deməkdir. Hər kəsin çətinliklərini, problem-mövzularını bilib onlara kömək etmək Səlimə xanımın həyat tərzidir.
Təbii ki, qayğıkeş alimin etimadını doğruldan alimlərimiz çoxdur. Tərəddüd edənlərimiz, elmin çətinliklərini görüb geri çəkilənlərimiz də olub. Belə olanda Səlimə xanım bildirir ki, ingilis atalar sözündə deyildiyi kimi, həyat– fırtınanın keçməsini gözləmək deyildir, həyat– yağışda rəqs etməyi bacarmaqdır. Bununla belə, fədakar alim iradi keyfiyyətlərə nə qədər güvənirsə, bir o qədər də alın yazısına, taleyə, bəxtə, Allahın qismətinə inanır. Hər şeyi Haqq-taaladan görür.
Görkəmli fizik Səlimə Mehdiyeva müsbət enerjili, pozitiv auralı ziyalı, kübar təbiətli xanımdır. O, ali həyat sevgisinə malikdir. İctimai işləri maraqla yerinə
yetirir, elmi araşdırmalarına can-zəka yandırır, daha çox sevgi aşılayır. Səlimə xanım kifayət qədər təmkinli, ədalətli insandır. Lazımi qərar verməkdə tələsmir, başdansovduluq etmir, sui-istifadə hallarına yol vermir. Şəxsi həyatından, işindən və ixtisasından çox razıdır, ürəyicə olan işlə məşğul olur. Yalan danışmaq, işə məsuliyyətsizlik, süni rəftar onun fitrətinə yaddır. Diqqət və müşahidə də Səlimə xanımın əxlaqi-mənəvi dəyərlərindəndir.
AMEA-nın müxbir üzvü, professor Səlimə xanım Mehdiyeva AMEA-nın Fizika İnstitutunda Qadınlar təşkilatının sədri, Akademiya Qadınlar Şurası İdarə Heyətinin üzvü, hörmət və nüfuz sahibidir, elmi-təşkilati və ictimai işləri yüksək səviyyədə yerinə yetirən vətənpərvər şəxsiyyətdir. Səlimə xanım ailəni və elmi tədqiqatı bir arada uğurla həyata keçirən azərbaycanlı ziyalıdır. Eyni zamanda fədakar və mehriban anadır. Onun oğlu Meksika Birləşmış Ştatlarında Azərbaycanın səlahiyyətli səfiri, qızı isə memardır.
Səlimə Mehdiyeva gənclərə həmişə tövsiyə edir ki, ixtisas seçərkən diplom xatirinə deyil, ürəklərinin səsinə qulaq assınlar. Belə olanda bütün sahələrdə böyük uğur əldə etmək olar. İşə məsuliyyət, tutulan yola, mərama sevgi qələbənin rəhni, sevinc mənbəyidir.
Çox hörmətli Səlimə xanım, çox sevimli müəllimim! Sizin doğum gününüzü ali səviyyədə qeyd etdik. Arzumuz budur ki, hər zaman nikbin qalasınız, hər dəfə yeni ideyalar, layihələr irəli sürməklə, yeni tədqiqatlar aparmaqla bizi və elmi ictimaiyyətimizi sevindirəsiniz. Biz, Fizika İnstitutunun dəyərli kollektivi Sizinlə, sizin kimi elm fədailəri, məşhur fiziklərlə qürurlanır, ürəkdən fəxr edirik. Sizə dərin təşəkkür və minnətdarlığımızı bildiririk, möhtərəm Səlimə xanım. Sizin biz gənclərə verdiyiniz tövsiyələr gələcəyimiz üçün faydalı və dəyərlidir. Sizi təvəllüd gününüz, Azərbaycanın elm və mədəniyyət xadimləri seriyasından AMEA-nın Mərkəzi Elmi Kitabxanasının hazırladığı “Səlimə İbrahim qızı Mehdiyeva” adlı (biblioqrafik göstərici) kitabınız münasibətilə kollektivimiz adından səmimi-qəlbdən təbrik edir, Sizə möhkəm can sağlığı, elmi-təşkilati fəaliyyətinizdə böyük uğurlar, ailə səadəti, daimi xoşbəxtlik arzulayırıq.
Suma Hüseynova
AMEA Fizika İnstitutunun aparıcı elmi işçisi,
Fizika üzrə fəlsəfə doktoru, dosent