Azərbaycan hökuməti dövlət-özəl tərəfdaşlığı (PPP) formatında 6 strateji layihəni təsdiqləyib.
Bu barədə iqtisadiyyat nazirinin müavini Səməd Bəşirli "Alman-Azərbaycan İxracın Maliyyələşdirilməsi Konfransı 2025"də bildirib.
Onun sözlərinə görə, Azərbaycan iqtisadiyyatın şaxələndirilməsinə, qeyri-neft sektorunun inkişafına, islahatlar və şəffaflığın artırılması hesabına investorlar üçün əlverişli şəraitin yaradılmasına xüsusi diqqət yetirir.
"İnvestorlara ideyanın yaranmasından həyata keçirilməsinə qədərki yolda kömək etmək üçün investisiya platformaları portfeli yaratmışıq. Bunların arasında Ələt Xüsusi İqtisadi Zonası və investisiyaların hərəkətverici qüvvəsinə çevrilmiş 9 sənaye parkı var. Bu platformalar torpaq sahələri, müasir mühəndis infrastrukturu, kommunal xidmətlərlə təmin edilib ki, bu da kimya, maşınqayırma, əczaçılıq, aqroemal və digər sahələr üçün əlverişli şərait yaradır", - nazir müavini qeyd edib.
O vurğulayıb ki, investisiyaların cəlb edilməsində dövlət-özəl tərəfdaşlığı layihələri mühüm rol oynayır.
"Bu il hökumət PPP formatında 6 strateji layihəni təsdiqləyib. Bu layihələr Ağ Şəhərdə Elm və Texnologiya Parkının yaradılmasını, Lənkəranda bərk tullantıların idarə edilməsini, ərzaq təhlükəsizliyi infrastrukturunun inkişafını və digər təşəbbüsləri əhatə edir. Bu yaxınlarda Prezident İlham Əliyevin himayəsi altında keçirilən I Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda dövlət-özəl tərəfdaşlığı çərçivəsində ölkədə ilk dəfə dəniz suyunun duzsuzlaşdırılması qurğusunun tikintisi haqqında saziş imzalanıb", - S.Bəşirli bildirib.
S.Bəşirli əlavə edib ki, Azərbaycan artıq investisiya əməkdaşlığının daha da dərinləşdirilməsi üçün möhkəm zəmin formalaşdırıb: "Almaniya ilə birgə yol xəritəmiz, etibarlı layihə portfelimiz və ixracyönümlü investisiyaları dəstəkləyən maliyyə arxitekturamız var. Almaniya texnologiyalar, mühəndis həlləri və riskləri idarəetmə mexanizmləri təqdim edir. Azərbaycan əlverişli coğrafi mövqe, resurslar, ixtisaslı kadrlar və əlverişli investisiya siyasəti təklif edir. Biz birlikdə niyyətlərdən konkret nəticələrə keçə bilərik".
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.