AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət müzakirə edildi

  • + A
  • - A
  • 24-02-2023, 19:54

    Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət müzakirə edildi

    Azadmedia.az xəbər verir ki, bu gün Milli Məclisdə Gündəliyin 2-ci məsələsini müzakirəyə təqdim edən spiker Sahibə Qafarova bildirib ki, Milli Məclis qanunvericiliyə uyğun olaraq bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsini dinləyəcək. O, illik məruzəni təqdim etmək üçün ədliyyə nazirinin müavini Vilayət Zahirova söz verib.
    Məruzəni diqqətə çatdıran nazir müavini ölkəmizin 2022-ci ildə də Prezident İlham Əliyevin rəhbərliyi ilə inkişaf yolunu davam etdirdiyini vurğulayıb. Ölkədə həyata keçirilən quruculuq işlərində, infrastruktur layihələrində, həmçinin post-konflikt tədbirlərində Azərbaycan bələdiyyələrinin də yaxından iştirak etdiyini deyən nazir müavini ötən dövrdə yerli özünüidarəetmə orqanlarının Vətən müharibəsi veteranlarının və şəhid ailələrinin çoxsaylı müraciətlərinin təmin olunması, şəhidlərimizin xatirəsinin əbədiləşdirilməsi istiqamətində gördüyü işlərdən danışıb.
    Vilayət Zahirov 2022-ci ildə də bələdiyyələrin fəaliyyətinin təkmilləşdirilməsi üzrə aparılan işlərdən söz açıb, dövlət başçısının təsdiq etdiyi "Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planı"nda nəzərdə tutulduğu kimi, yerli özünüidarəetmə sisteminin müasir innovativ cəmiyyətin tələblərinə uyğunlaşdırılması üzrə tapşırıqların icrası istiqamətində zəruri tədbirlərin görüldüyünü bildirib.
    O, qeyd edib ki, ötən il 95466 bələdiyyə aktı hüquqi ekspertizadan keçirilib, onların da 95,6%-i qanunvericiliyə uyğun hesab edilib. Habelə bələdiyyələrin fəaliyyəti ilə bağlı 4180 müraciətə baxılıb. Ümumilikdə həm aktlar, həm də müraciətlər üzrə inzibati nəzarət icraatı zamanı qanunvericiliyin tələblərinə zidd olan 3799 aktla bağlı bələdiyyələrə təkliflər verilib, onların da 2044-ü ləğv edilib, 1399-u dəyişdirilib, təmin olunmayan 40 təklif üzrə isə məhkəmələrdə iddia qaldırılıb.
    Ötən ildə bələdiyyələrin 68 vəzifəli şəxsi inzibati məsuliyyətə cəlb edilib, aparılmış araşdırmalar zamanı 27 halda ciddi qanun pozuntuları ilə bağlı aidiyyəti üzrə istintaq orqanlarına müraciət olunub, həmin materiallardan 12-si üzrə cinayət işi başlanılıb.
    2022-ci ildə yerli büdcə gəlirlərinin artırılması istiqamətində atılan addımlardan danışan nazir müavini bələdiyyə büdcələrindəki artımları diqqətə çatdırıb. O, nazirlik tərəfindən bələdiyyələrin fəaliyyətinin təkmilləşdirilməsi, “Bələdiyyələrlə iş portalı”nın daha təkmil yeni versiyasının hazırlanması haqqında məlumat verib.
    Sonra parlamentin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov məsələ ilə bağlı komitənin rəyini təqdim edib.
    O, bildirib ki, Ümummilli Lider Heydər Əliyevin qurub yaratdığı, cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla inkişaf edən müasir Azərbaycanda 2022-ci ildə də regional idarəetmə sahəsində mühüm tədbirlər həyata keçirilib. Qeyd olunub ki, bələdiyyə qanunvericiliyinin təkmilləşdirilməsi sayəsində bu sahədə müəyyən uğurlar əldə olunub. Belə ki, bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətlə bağlı göstəricilərlə tanış olduqda, bu istiqamətdə xeyli diqqət çəkən məqamlara rast gəlinir. Otən illə müqayisədə hüquqi ekspertizadan keçirilən bələdiyyə aktlarının sayı artmış, qanunsuz bələdiyyə aktlarının ləğvi üçün daha çox tədbir görülmüşdür.
    Diqqət çəkən məsələlərdən biri də bələdiyyə fəaliyyəti ilə bağlı müraciətlərə, xüsusilə şəhid ailələrinin, müharibə iştirakçılarının müraciətlərinə daha həssas yanaşılmasıdır.
    Komitə sədri bildirib ki, bələdiyyələrdə aşkarlıq və hesabatlılığın təmini, yerli özünüidarəetmədə rəqəmsal infrastrukturun təkmilləşdirilməsi məsələləri də diqqətdən kənarda qalmayıb.
    Komitə sədri çıxışının sonunda bələdiyyə seçkilərinin keçirilməsi, bələdiyyələrin birləşdirilməsi, üzvlərinin sayının azaldılması, böyük şəhər bələdiyyələrinin yaradılması, bələdiyyələrə məxsus ərazilərin xəritələrinin bələdiyyələrə verilməsi, bələdiyyələrin maliyyə dayanıqlığının artırılması kimi məsələlərlə bağlı təkliflərini səsləndirib.
    Sənədin müzakirəsində komitə sədri Hicran Hüseynova, deputatlar Rəşad Mahmudov, Kamran Bayramov, Razi Nurullayev, Aydın Mirzəzadə, Səbinə Xasayeva, Rauf Əliyev, Azər Badamov məruzənin əhatəli hazırlandığını bildiriblər, bələdiyyələrin fəaliyyətinin səmərəliliyinin və onların maliyyə dayanıqlığının artırılması kimi məsələlərlə bağlı fikirlərini açıqlayıblar.
    Ədliyyə nazirinin müavini Vilayət Zahirov deputatların səsləndirdikləri sualları cavablandırıb, qaldırılan bəzi məsələlərə aydınlıq gətirib.
    Müzakirələrin yekununda Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsi nəzərə alınıb.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR