Dünya sivilizasiyasına mühüm töhfələr vermiş Azərbaycan xalqı tarixin sərt sınaqları üzündən ötən əsrin 90-cı illərinədək vahid ideologiya əsasında təməli qoyulan dövlətçilik ənənələri formalaşdırmaq, milli mənafelər ətrafında birləşməkdən uzaq düşmüşdü. 1991-ci ilin oktyabrında müstəqilliyə nail olmuş Azərbaycanda cəmiyyətin parçalanma təhlükəsi, milli birlik və həmrəylik ideyalarının özünə yer tapmaması ciddi problemə, dövlətin inkişafını əngəlləyən amilə çevrilmişdi. Məhz bu səbəbdən 1993-cü ilin iyun ayınadək Azərbaycanda vətəndaş həmrəyliyi mövcud olmamış, cəmiyyətdəki qarşıdurmalar daha da kəskinləşərək siyasi böhrana gətirib çıxarmışdı.
1918-ci il mayın 27-də Müsəlman Fraksiyasının, yəni Zaqafqaziya müsəlman şurasının (Zaqafqaziya müsəlman parlamentinin) üzvləri də ayrıca iclas keçirdilər və Azərbaycanın müstəqilliyini elan etmək qərarına gəldilər. Bu məqsədlə Zaqafqaziya müsəlman şurası özünü Azərbaycan Milli Şurası, daha doğrusu, Azərbaycan Parlamenti elan etdi. Bununla, əslində Azərbaycanın tarixində ilk parlament yarandı və ilk parlamentli respublikanın bünövrəsi qoyuldu. Həmin iclasda Azərbaycan Milli Şurasının rəyasət heyəti və sədri seçildi. M. Rəsulzadə Milli Şuranın sədri oldu. Mayın 28-də Həsən bəy Ağayevin sədrliyi ilə Azərbaycan Milli Şurasının tarixi iclası keçirildi. İclasda iştirak edən Həsən bəy Ağayev (sədr), Mustafa Mahmudov (katib), Fətəli xan Xoyski, Xəlil bəy Xasməmmədov, Nəsib bəy Yusifbəyli, Mir Hidayət Seyidov, Nəriman bəy Nərimanbəyov, Heybət Qulu Məmmədbəyov, Mehdi bəy Hacinski, Əli Əskər bəy Mahmudbəyov, Asian bəy Qardaşov, Sultan Məcid Qənizadə, Əkbər Ağa Şeyxülislamov, Mehdi bəy Hacıbababəyov, Məmməd Yusif Cəfərov, Xudadat bəy Məlik-Aslanov, Rəhim bəy Vəkilov, Həmid bəy Şahtaxtinski, Firudun bəy Köçərlinski, Camo bəy Hacınski, Şəfi bəy Rüstəmbəyov, Xosrov Paşa bəy Sultanov, Cəfər Axundov, Məhəmməd Məhərrəmov, Cavad Məlik-Yeqanov və Hacı Molla Səlim Axundzadə Azərbaycanın İSTİQLAL BƏYANNAMƏSİNİ qəbul etdilər. Azərbaycan Milli Şurasının İstiqlal Bəyannaməsində deyilirdi: "Bu gündən etibarən Azərbaycan xalqı hakimiyyət haqqına malik olduğu kimi, Cənub-Şərqi Zaqafqaziyanı əhatə edən Azərbaycan da tam hüquqlu müstəqil bir dövlətdir. Müstəqil Azərbaycan dövlətinin idarə forması Xalq Cümhuriyyətidir. Azərbaycan Xalq Cümhuriyyəti bütün millətlərlə, xüsusilə qonşu olduğu millətlər və dövlətlərlə mehriban münasibətlər yaratmaq əzmindədir. Azərbaycan Xalq Cümhuriyyəti milliyyətindən, məzhəbindən, sinfindən, silkindən və cinsindən asılı olmayaraq öz sərhədləri daxilində yaşayan bütün vətəndaşlarına siyasi hüquqlar və vətəndaşlıq hüququ təmin edir. Azərbaycan Xalq Cümhuriyyəti öz ərazisi daxilində yaşayan bütün millətlərin sərbəst inkişafı üçün geniş imkanlar yaradır. Müəssislər Məclisi toplanana qədər Azərbaycanın başında xalqın seçdiyi Milli Şura və Milli Şura qarşısında məsuliyyət daşıyan Müvəqqəti hökumət durur".
İstiqlal Bəyannaməsi bütün türk-müsəlman dünyasında, ümumiyyətlə bütün Şərqdə ilk dəfə olaraq Azərbaycanda ən demokratik respublika idarə üsulunun - parlamentli respublikanın yaradılacağından xəbər verirdi. Azərbaycan Milli Şurası həmin iclasında, eyni zamanda, bitərəf Fətəli xan Xoyskinin başçılığı ilə Azərbaycan Xalq Cümhuriyyətinin ilk Müvəqqəti hökumətinin tərkibini də təsdiq etdi. İlk Müvəqqəti hökumət bu tərkibdə idi: Fətəli xan Xoyski - Nazirlər Şurasının sədri və daxili işlər naziri; Xosrov Paşa bəy Sultanov - hərbi nazir; Məmməd Həsən Hacınski - xarici işlər naziri; Nəsib bəy Yusifbəyli - maliyyə naziri və xalq maarifi naziri; Xəlil bəy Xasməmmədov - ədliyyə naziri; Məmməd Yusif Cəfərov - ticarət və sənaye naziri; Əkbər Ağa Şeyxülislamov - əkinçilik naziri və əmək naziri; Xudadat bəy Məlik- Aslanov - yollar naziri və poçt-teleqraf naziri; Camo bəy Hacınski - dövlət nəzarətçisi. Beləliklə, Birinci Dünya müharibəsinin gedişində və Romanovlar mütləqiyyətinin devrilməsi nəticəsində yaranmış çox mürəkkəb bir tarixi şəraitdə Azərbaycanın şimal torpaqlarında dövlətçilik ənənələrimiz yenidən, özü də bu dəfə parlamentli respublika formasında dirçəldi. Sovet Rusiyasının hərbi müdaxiləsi və XI Qızıl Ordu hissələrinin qanlı hərbi əməliyyatları nəticəsində Şimali Azərbaycan yenidən Rusiyanın tərkibinə qatılsa da, Azərbaycan Xalq Cümhuriyyəti xalqımızın azadlıq hərəkatı tarixində dərin iz qoydu. Cəmi 23 ay yaşamasına baxmayaraq Azərbaycan Xalq Cümhuriyyəti sübut etdi ki, ən qəddar müstəmləkə və repressiya rejimləri belə, Azərbaycan xalqının azadlıq ideallarını və müstəqil dövlətçilik ənənələrini məhv etməyə qadir deyildir.
Şimali Osetiya-Alaniya Respublikasının paytaxtı Vladiqafqaz şəhərində Şimali Osetiya-Alaniya Respublikası “Azərbaycanlıları Konqresi” Müstəqil Azərbaycan dövlətinin qurulmasının 105 illiyi münasibəti ilə təntənəli tədbir keçirdilər.
Şimali Osetiya-Alaniya Respublikası “Azərbaycanlıları Konqresi”nin fəxri prezidenti Şahin Məmmədov, Konqresin sədri Murtaza Gülməmmədovun və konqres üzvülərinin iştirakı ilə Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 105-ci il dönümülə bağlı təntənəli tədbir keçirildi.
Murtuza Gülməmmədov,
Şimali Osetiya-Alaniya Respublikası
Azərbaycanlıları Konqresinin sədri