Isparta, 13 iyul — Azadmedia.azISPARTA şəhəri milli parklarla əhatə olunmuş xüsusilə təbiət turizmini sevənlər üçün unikal bir coğrafiyadır.
“Go Türkiye” proqramı çərçivəsində Türkiyənin turizm imkanları tanıdılır.
Azadmedia.az xəbər verir ki, Türkiyə Mədəniyyət və Turizm nazirliyinin proqramı çərçivəsində Türkiyənin turizm potensialının tanıdılması məqsədilə “Go Turkiye” Turizm Bürosu dünyanın altı ölkəsindən olan nüfuzlu media şirkətlərinin nümayəndələri İstanbulda görüşərək, ilk səfərlərini Antalyadan başlayıblar.
Belə ki, proqramda Azərbaycan, Özbəkistan Qazaxıstan, Serbiya, Macarıstan və Rumıniya olmaqla altı ölkədən olan beynəlxalq jurnalistlər və eyni zamanda bloqqerlər iştirak edir. Azərbaycanı xəbər saytı adına Azadmedia.az və saytın Redaktoru jurnalist Ülkər Piriyeva təmsil edir.
Isparta həm dağları, həm də gölləri ilə məşhurdur. Burada həm də çoxlu qədim şəhərlər və onların qalıqları var.
İqlimi yarı quraq, az rütubətli, qışda sərin, yayda isə istidir.
Ispartada gəzməli yerlər arasında olmazsa olmaz olan Lavanda ətirli kəndin, Eğirdir gölü, Süleyman Demirel Külliyesi, Pisidia Antiokheia Qədim Şəhər, Davraz Kayak Mərkəzi, Isparta Gül Bağlarının adlarını çəkmək olar. Eğirdir XIV əsrdə Osmanlı hakimiyyəti altına alınıb. Eğirdir gölü Türkiyənin dördüncü ən böyük təbii möcüzəsidir, təmiz çimərlikləri ilə məşhurdur, günün müxtəlif vaxtlarında fərqli rənglərə bürünən göldə gün batımında rəngarəng mənzərədən zövq ala bilərsiz.
Isparta həmçinin yerli əllə toxunmuş xalçaları, qızılgül becərilməsi və bir qədər də lavandaları ilə məşhurdur. Isparta güllər şəhəri olduğundan qızılgül şərbəti, qızılgül çayı və qızılgül lokumunu burada mütləq dadmaq lazımdır.
Qoxu Cənnəti olan Isparta, dünyadakı Yağlı Gülü “Rosa Damescana” təsərrüfatı ilə məşğuldur və dünyada gül yağının yüzdə 65-ni istehsal edir, həmçinin Lavanda və Zanbaqda əkimi də çox güclü mövqedədir. Qeyd edim ki, gül yağının yüzdə yetmişi Fransaya satılır.
4-6 ton arası güldən sadəcə 1 lt təmiz gül yağı alınır. Gül yağının özəlliyi isə parfümlərin qalıcığını qorumaqdır.
Bundan başqa Lavanda xüsusilə iyun ayında bölgədə çiçəklənməyə başlayır və çiçəkləmə tədricən təxminən 45-50 gün davam edir. Çiçəkləmə dövründə kənd demək olar ki, bənövşəyi rəngə bürünür. Çiçəklənmə dövründə bu vizual ziyafət fotoqrafların və turistlərin sözsüz ki, diqqətini çəkir. Avqust ayında lavanda məhsulu başlayır. Bir tərəfdən lavanda yığılır, digər tərəfdən yığılan lavandanın yağı çıxarılaraq toxumu üçün qurumağa buraxılır.
Meyvə məhsulları arasında alma, gilas, ərik və üzüm yetişdirilməsi mühüm yer tutur. Isparta albalı gilası olduqca məşhurdur və istehsal olunan gilasın böyük hissəsi ixrac edilir. Yol boyu daddığımız gilasları doğrudan da çox ləzzətlidir.
Ispartada ən əhəmiyyətli göllər Eğirdir, Kovada və Gölcük gölləridir ki, burada çox rahat şəkildə gəmi turlarına çıxa bilərsiz.
Yeri gəlmişkən, Isparta hər il Türkiyənin ən yüksək həyat məmnuniyyətinə malik 10 şəhəri sırasındadır.
Ispartaya təyyarə ilə gedəcəksinizsə, sizə ən yaxın hava limanı Isparta Süleyman Demirel Hava Limanıdır. Isparta şəhər mərkəzi də Isparta Süleyman Demirel Hava Limanına avtomobillə yarım saatlıq məsafədədir. Qeyd edim ki, məşhur və mərhum siyasətçi Süleyman Demirelin ana vətənidir Isparta. Yol boyu DSİ - Dövlət Su İşlər idarəsi işarələrini hər yerdə görə bilərsuz. Demirel dönəmində xeyli sayda su barajları salınıb.
Bundan əlavə, istər İspartanın mərkəzində, istərsə də göl kənarında yay istirahət yeri olan Eğirdirdə hər büdcəyə uyğun olan otellər və kirayə evlər tapa bilərsiniz.
Xüsusilə balıq restoranları adanın vazkeçilməyən hissəsinə çevrilib. Gəziləcək yerlər sırasında həmçinin tarixi quruluşlar - Aya Stefanos kilsəsi, Raq muzeyi, Eğirdir qalası, Dündar bəy mədrəsəsi kimi yerlər diqqəti cəlb edir.
Göllər Bölgəsində yerləşdiyi üçün çox münbit torpaqlara sahib olan Isparta əsrlər boyu müxtəlif sivilizasiyalar tərəfindən yaşayış nöqtəsi kimi istifadə edilmişdir.
Isparta Şəhər Mədəniyyət və Tutuzm idarəsinin rəhbəri Ali Göçerin vurğuladığı kimi bu şəhər bir günlüyünə gəzilə biləcək şəhər deyil, ən azı 3-4 gün dolu-dolu vaxt ayırmalısınız.
Türkiyə Mədəniyyət və Turizm nazirliyinə, Türkiyənin turizm potensialının tanıdılması məqsədilə “Go Turkiye” proqramı təşkilatçılarına, Isparta Valiliğinə, Isparta Mədəniyyət və Turizm idarəsi rəhbərliyinə, Lavanta qoxulu kənddə iş adamı Salahattin bəyə, Betül və Aslı hanıma, Mustafa bəyə təşəkkürlərimlə...
13 iyul, Ispartadan sevgi ilə qalın..
Ülkər Piriyeva
Davamı olacaq.. Bizimlə qalın..