AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Naxçıvanda yeni qurum YARADILDI

  • + A
  • - A
  • 28-07-2023, 20:48

    Naxçıvanda yeni qurum YARADILDI

    "Naxçıvan Muxtar Respublikasının Tibb Müəssisələrinin İdarəetmə Birliyi” publik hüquqi şəxsin yaradılması haqqında fərman imzalanıb.

    Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinin birinci müavini Azər Zeynalovun imzaladığı fərmanda deyilir.

    "Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II hissəsinin 22-ci bəndini rəhbər tutaraq, muxtar respublikada səhiyyə sahəsində idarəetmənin təkmilləşdirilməsi, fəaliyyətin optimallaşdırılması, habelə səmərəli idarəetmə üsullarını tətbiq edərək əhaliyə göstərilən tibbi xidmətlərin keyfiyyətinin yüksəldilməsi məqsədilə qərara alıram:

    1. “Naxçıvan Muxtar Respublikasının Tibb Müəssisələrinin İdarəetmə Birliyi” publik hüquqi şəxsi yaradılsın.

    2. Müəyyən edilsin ki:

    2.1. “Naxçıvan Muxtar Respublikasının Tibb Müəssisələrinin İdarəetmə Birliyi” publik hüquqi şəxsə ümumi rəhbərliyi və nəzarəti Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin vəzifəyə təyin və vəzifədən azad etdiyi sədrdən və digər 4 (dörd) üzvdən ibarət Müşahidə Şurası həyata keçirir;

    2.2. “Naxçıvan Muxtar Respublikasının Tibb Müəssisələrinin İdarəetmə Birliyi” publik hüquqi şəxsin Müşahidə Şurası Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin vəzifəyə təyin və vəzifədən azad etdiyi sədrdən, Naxçıvan Muxtar Respublikası səhiyyə nazirinin müavinindən, Naxçıvan Muxtar Respublikası əmək və əhalinin sosial müdafiəsi nazirinin müavinindən, Naxçıvan Muxtar Respublikası İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyəti sədrinin müavinindən və Səhiyyə İşçiləri Həmkarlar İttifaqının Naxçıvan Muxtar Respublikası Komitəsinin sədrindən ibarət tərkibdə formalaşdırılır;

    2.3. “Naxçıvan Muxtar Respublikasının Tibb Müəssisələrinin İdarəetmə Birliyi” publik hüquqi şəxsin fəaliyyətinə cari rəhbərliyi “Naxçıvan Muxtar Respublikasının Tibb Müəssisələrinin İdarəetmə Birliyi” publik hüquqi şəxsin Müşahidə Şurasının vəzifəyə təyin və vəzifədən azad etdiyi İcraçı direktor həyata keçirir. İcraçı direktorun Müşahidə Şurası tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən 2 (iki) müavini vardır;

    2.4. “Naxçıvan Muxtar Respublikasının Tibb Müəssisələrinin İdarəetmə Birliyi” publik hüquqi şəxsin saxlanması və fəaliyyətinin təmin edilməsi dövlət büdcəsindən ayırmalar, tabeliyində olan səhiyyə müəssisələrinin göstərdiyi xidmətlərdən əldə edilən daxilolmalar, ianələr, qrantlar və qanunla qadağan olunmayan digər mənbələrdən daxil olan vəsait hesabına həyata keçirilir.

    3. “Naxçıvan Muxtar Respublikasının Tibb Müəssisələrinin İdarəetmə Birliyi” publik hüquqi şəxsin təsisçisinin səlahiyyətlərinin həyata keçirilməsi aşağıdakılara həvalə edilsin:

    3.1. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədrinə:

    3.1.1. nizamnamənin təsdiqi və nizamnamə fondunun miqdarının müəyyən edilməsi, onlarda dəyişiklik edilməsi;

    3.1.2. “Naxçıvan Muxtar Respublikasının Tibb Müəssisələrinin İdarəetmə Birliyi” publik hüquqi şəxsin yenidən təşkili və ləğvi;

    3.1.3. “Naxçıvan Muxtar Respublikasının Tibb Müəssisələrinin İdarəetmə Birliyi” publik hüquqi şəxsin idarəetmə orqanlarının yaradılması, Müşahidə Şurasının sədrinin və üzvlərinin vəzifəyə təyin və vəzifədən azad edilməsi;

    3.1.4. “Publik hüquqi şəxslər haqqında” Azərbaycan Respublikası Qanununun

    3.3-cü maddəsində nəzərdə tutulmuş qərarın qəbul edilməsi;

    3.2. “Naxçıvan Muxtar Respublikasının Tibb Müəssisələrinin İdarəetmə Birliyi” publik hüquqi şəxsinə:

    3.2.1. bu Fərmanın 3.1-ci bəndində qeyd edilənlər istisna olmaqla, “Publik hüquqi şəxslər haqqında” Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsində publik hüquqi şəxsin təsisçisinin səlahiyyətlərinə aid edilmiş digər məsələlərin həlli.

    4. Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti:

    4.1. “Naxçıvan Muxtar Respublikasının Tibb Müəssisələrinin İdarəetmə Birliyi” publik hüquqi şəxsin nizamnaməsinin və strukturunun layihəsini, o cümlədən nizamnamə fondunun miqdarı barədə təkliflərini bir ay müddətində hazırlayıb Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə təqdim etsin;

    4.2. “Naxçıvan Muxtar Respublikasının Tibb Müəssisələrinin İdarəetmə Birliyi” publik hüquqi şəxsin tabeliyinə veriləcək dövlət səhiyyə sisteminə daxil olan tibb müəssisələrinin siyahısını Naxçıvan Muxtar Respublikasının Ali Məclisi ilə razılaşdırmaqla iki ay müddətində təsdiq etsin;

    4.3. Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin aktlarının bu Fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini iki ay müddətində hazırlayıb Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə təqdim etsin;

    4.4. Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını iki ay müddətində təmin edib Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə məlumat versin;

    4.5. Bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

    5. Naxçıvan Muxtar Respublikasının Səhiyyə Nazirliyi və Naxçıvan Muxtar Respublikasının İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi bu Fərmandan irəli gələn məsələləri həll etsinlər".


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR