AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Qarabağ, Şərqi Zəngəzur və Naxçıvan yaşıl enerji zonasıdır - Özəl

  • + A
  • - A
  • 30-10-2023, 18:01

    Qarabağ, Şərqi Zəngəzur və Naxçıvan yaşıl enerji zonasıdır -



    Masallı, 31 oktyabr — Azadmedia.az


    Qarabağ, Şərqi Zəngəzur və Naxçıvan yaşıl enerji zonasıdır

    Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları işğaldan azad ediləndən sonra bu ərazilərdə “yaşıl texnologiya”ların tətbiqi ilə bağlı layihələrin həyata keçirilməsi diqqət mərkəzində saxlanılıb. Bununla əlaqədar Nazirlər Kabinetinin 2022-ci il 21 iyun tarixli sərəncamı ilə təsdiqlənən “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində 2022–2026-cı illərdə “yaşıl enerji” zonasının yaradılması üzrə Tədbirlər Planı”na əsasən, genişhəcmli işlərin icrasına başlanılıb. Azərbaycan Prezidentinin 2022-ci il 16 noyabr tarixli sərəncamı ilə təsdiqlənən “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nda da Qarabağ və Şərqi Zəngəzurda “yaşıl enerji” layihələrinin həyata keçirilməsinə mühüm önəm verilib. Dövlətimizin başçısı tərəfindən bu məqsədin gerçəkləşməsi üçün 2021-ci il mayın 3-də “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində “yaşıl enerji” zonasının yaradılması ilə bağlı tədbirlər haqqında” sərəncam da imzalanıb.
    Adları çəkilən iqtisadi rayonlarda bərpaolunan enerji potensialının gerçəkləşməsini bu ərazilərin əlverişli coğrafi şəraiti və iqlim xüsusiyyətləri, həmçinin “yaşıl enerji” mənbələrindən, o cümlədən günəş, külək və su resurslarından geniş istifadəyə münbit zəmin şərtləndirir. Prezident İlham Əliyevin düşməndən təmizlənən torpaqlarımızın bərpaolunan zəngin enerji potensialını nəzərə alaraq o əraziləri “yaşıl enerji” zonası elan etməsi də məhz həmin amillə bağlıdır. Mütəxəssislərin araşdırmalarına görə, Qarabağ və Şərqi Zəngəzurda 4 min meqavatdan artıq günəş və 500 meqavatadək külək enerjisi potensialı mövcuddur. Artıq həmin potensialın hərəkətə gətirilməsi istiqamətində konkret tədbirlər həyata keçirilir, aparılan bərpa-quruculuq işlərində “yaşıl texnologiya”ların tətbiqinə üstünlük verilir. Qarabağ və Şərqi Zəngəzurun zəngin bərpaolunan enerji potensialı haqqında aydın təsəvvür yaratmaq üçün bəzi göstəriciləri diqqətə çatdıraq. Əvvəlcə qeyd edək ki, Yer səthinə düşən günəş radiasiyasının miqdarına görə, Füzuli, Cəbrayıl, Zəngilan rayonları Naxçıvan Muxtar Respublikası ərazisindən sonra ikinci yerdə dayanır. Burada bir kvadratmetr üfüqi səthə düşən günəş radiasiyası ildə 1600–1700 kilovat/saat təşkil edir. Bu torpaqların ümumi günəş enerjisi potensialı 3–4 min meqavatdır. Ərazidə ölçü müşahidə stansiyalarının quraşdırılması yolu ilə potensialın daha dəqiq hesablanması da nəzərdə tutulur. Aparılan araşdırmalara əsasən, 6 rayonda (Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Laçın və Kəlbəcər) günəş elektrik stansiyalarının tikintisi üçün ümumi sahəsi 14 min 427 hektar və güc qoyuluşu potensialı 7 min 214 meqavat olan 8 perspektiv ərazi müəyyənləşdirilib. Hər bir ərazi üzrə düşən günəş radiasiyasının miqdarına görə gözlənilən enerji istehsalı dəqiqləşdirilib.Qarabağda külək enerjisinin istehsalı da planlaşdırılır. Belə ki, regionun dağlıq hissəsində 100 metr hündürlükdə küləyin orta illik sürətinin saniyədə 7-8 metr olduğu geniş ərazilər mövcuddur. Kəlbəcər və Laçın rayonlarının Ermənistanla sərhəd ərazilərində küləyin orta illik sürəti saniyədə 10 metrə çatır. Ümumilikdə, Qarabağın dağlıq ərazilərində külək enerjisinin potensialı 300–500 meqavat həddində qiymətləndirilir. Ölçü müşahidə stansiyalarının quraşdırılması yolu iləbu sahənin də dəqiq potensialının hesablanacağı nəzərdə tutulur.Bütün bunlardan başqa, Kəlbəcər və Şuşada termal su ehtiyatları var. Qarşıda duran vəzifələrdən biri də həmin mənbələrdən enerji məqsədli istifadənin mümkünlüyünü tədqiq etməkdir. Qarabağ bölgəsində, həmçinin daş kömür yataqları mövcuddur. Məsələn, Tərtər rayonunun Çardaqlı kəndi 8,5 milyon ton daş kömür ehtiyatına malikdir.İşğaldan azad olunan ərazilər su ehtiyatlarının zənginliyi ilə də seçilir. Ümumilikdə, Azərbaycanın yerli su ehtiyatlarının 25 faizi məhz həmin sahələrdə formalaşır. Bununla yanşı, sözügedən torpaqlarda 14 çay və 9 su anbarı yerləşir. Mütəxəssislərin fikrincə, bu ərazilərin yerüstü və yeraltı su ehtiyatlarından həm içməli, həm də aqrar sahədə suvarma suyu kimi istifadə etmək üçün zəngin potensial var. İşğaldan azad edilən torpaqların mövcud su ehtiyatları burada alternativ, təmiz elektrik enerjisinin istehsalı üçün də yaxşı imkanlar yaradıb. Ötən müddətdə həmin ərazilərdə 30-a yaxın su elektrik stansiyası bərpa edilib. Yaxın gələcəkdə isə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının ərazilərində 237 meqavat gücündə 38 yeni su elektrik stansiyasının tikintisi ilə bağlı layihələrin işlənib hazırlanması nəzərdə tutulub. Cəbrayıl rayonu ərazisində, Araz çayı üzərində hazırda inşası davam etdirilən və qoyuluş gücü 200 meqavat olan “Xudafərin” və 80 meqavatlıq “Qız Qalası” su elektrik stansiyaları da regionun mühüm enerji obyektləri sırasındadır. Həmin obyektlərin isə 2–2,5 il müddətində istifadəyə verilməsi nəzərdə tutulur. Bundan əlavə, regionun Tərtərçay, Bərgüşadçay, Həkəri çayları və bu çayların qollarında kifayət qədər böyük enerji istehsal güclərinin yaradılması mümkündür. Artıq 30 meqavatlıq Bərgüşadçay və 43 meqavatlıq Həkəriçay kiçik SES-lərin inşası ilə bu çayların hidroenerji potensialından da istifadə edilməsi nəzərdə tutulur.Üç il əvvəl–2020-ci il oktyabrın 3-də Tərtər rayonunun Suqovuşan kəndi işğaldan azad edildikdən sonra burada quruculuq, təmir-bərpa işlərinə start verildi. Qısa vaxtda Tərtər çayı üzərində derivasiya tipli “Suqovuşan-1” və “Suqovuşan-2” kiçik su elektrik stansiyaları yenidən qurularaq istismara buraxıldı.Xatırladaq ki, “Suqovuşan-1” stansiyası ümumi gücü 4,8 MVt olmaqla, hər biri 1,6 MVt gücündə olan 3 ədəd hidroaqreqatdan, “Suqovuşan-2” isə ümumi gücü 3 MVt olmaqla, hər biri 1,0 MVt gücündə olan 3 ədəd hidroaqreqatdan ibarətdir. Hər iki stansiya yenidən fəaliyyətə başladığı dövrdən indiyədək 21,8 milyon kVt/st elektrik enerjisi istehsal edib.Bütün bu ehtiyatlar işğaldan azad olunan rayonlarımızda yeni enerji layihələrini gerçəkləşdirməyə imkan verir. Həmin istiqamətdə nəzərdə tutulan genişmiqyaslı işlər ardıcıllıqla həyata keçirilir. “Yaşıl enerji” layihələrinə xarici investorların cəlb edilməsi üçün də müəyyən əməli addımlar atılır.Qarabağ və Şərqi Zəngəzurla yanaşı, Naxçıvan Muxtar Respublikası da “yaşıl enerji” marafonuna qoşulub. Qədim diyarımızda “yaşıl enerji zonası”nın inkişafı üçün müvafiq konsepsiya hazırlanıb. Prezident İlham Əliyev tərəfindən Naxçıvanın da Qarabağ və Şərqi Zəngəzur kimi “yaşıl enerji” zonasına çevrilməsi məsələsi qarşıya mühüm vəzifə kimi qoyulub. Bir neçə gün bundan əvvəl Naxçıvanda Azərbaycan–Türkiyə III Enerji Forumunda da bu barədə ətraflı danışılıb. Müzakirələrdə külək və günəş enerjisi üzrə 1500 MVt-lıq istehsal güclərinin yaradılması və onun, ən azı, 1000 MVt-nın ixrac edilməsi planları çərçivəsində beynəlxalq enerji şirkətləri ilə əməkdaşlığın Naxçıvanı “yaşıl enerji”nin istehsal – ixracı mənbəyi və marşrutuna çevirəcəyi qeyd edilib. Həmçinin “TotalEnergies” və “Nobel Energy” şirkətləri ilə ümumi gücü 650 MVt olan günəş elektrik stansiyalarının inşası və istehsal ediləcək elektrik enerjisinin Türkiyəyə ixracı üzrə əməkdaşlıq edildiyi bildirilib. “Masdar” şirkəti ilə ilkin mərhələdə gücü 150 MVt olan günəş elektrik stansiyası, “Czech Engineering” şirkəti ilə günəş elektrik stansiyaları, eləcə də Almaniyanın “Notus” şirkəti ilə “yaşıl enerji” layihələrinin reallaşdırılması ilə bağlı planlar diqqətə çatdırılıb.Müstəqilliyimizin ilk illərində kəskin enerji böhranı yaşayan və Türkiyədən elektrik enerjisi idxal edən Naxçıvan Muxtar Respublikasının enerji təminatında bu gün elə bir ciddi çətinlik nəzərə çarpmır. Muxtar respublika artıq öz enerji təminatını ödəyir. Hazırda Naxçıvanda 1500 meqavat ancaq xarici investorların sərmayəsi hesabına olmaqla, külək və günəş elektrik stansiyalarının, o cümlədən dağ çaylarında kiçik su elektrik stansiyalarının tikilməsi planlaşdırılır.Bu il Mingəçevir İstilik Elektrik Stansiyasında (İES) yeni bir stansiyanın təməli qoyulub. Onun gücünə görə ölkənin ikinci İES olması planlaşdırılıb. Stansiyanın gücünün 1280 meqavat təşkil edəcəyi nəzərdə tutulub. Mingəçevir İES-in hazırkı gücü 2400 meqavatdan artıqdır. Bu müqayisədən aydın olur ki, Naxçıvanda böyük potensiala malik istehsal güclərinin yaradılması planlaşdırılır. Bu, 1500 meqavatın 1000 meqavatı ixraca yönəlməlidir. Türkiyənin isə Naxçıvanda istehsal edilən “yaşıl enerji”nin Avropaya ötürülməsində tranzit ölkəyə çevriləcəyi gözlənilir. Bu gün işğaldan azad edilən ərazilərdə də “yaşıl enerji”nin yaradılması diqqət mərkəzində saxlanılır. Həmin ərazilərdə olan çayların enerjisini nəzərə alsaq, düşməndən təmizlənən torpaqlarda, təqribən, 150 meqavat enerji əldə etmək olar. Ancaq həmin ərazilərdə daha böyük mənbələr var. “Sərsəng”, “Xudafərin” və “Qız qalası” su elektrik stansiyalarından (SES) isə Azərbaycana çatan gücün həcmi 200 meqavatdır.Qeyd edim ki, Qarabağda bp şirkətinin operatorluğu ilə 230 meqvatlıq GES 2024-cü ilə qədər tikilməlidir. O ərazilərdə 1000 meqavata qədər enerji mənbəyi var. Bu da azad edilən ərazilərin enerji tələbatını ödəməyə qadirdir. Artıq qalan hissə ixrac edilməlidir. Bu ixrac üçün isə Zəngəzur enerji dəhlizi öz rolunu oynamalıdır.


    Q.İsmayılov adına Şərəfə kənd tam orta məktəbi
    Emil Ilqar



    Ülkər Piriyeva


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR