Avropa İttifaqının (Aİ) Rusiyaya qarşı hazırladığı 12-ci sanksiya paketi Rusiyanın üçüncü ölkələr vasitəsilə mövcud qadağaları pozmasının qarşısını almaq məqsədi daşıyır.
“Bloomberg” agentliyi bildirir ki, yeni ixrac məhdudiyyətlərinə qaynaq maşınları, kimyəvi maddələr, müdafiə texnologiyaları və istehsal müəssisələrinin lisenziyası daxildir. İdxal qadağalarına metallar, alüminium məmulatları, nəqliyyat məhsulları və almazların əlavə edilməsi də gözlənilir.
Bildirildiyinə görə, 5 milyard avroya çata biləcək yeni sanksiyalar paketinin məqsədi Rusiyanın silah istehsalında istifadə olunan komponentləri, texnologiyaları və elektronikanı satın aldığı üçüncü ölkələr vasitəsilə mövcud qadağalardan yayınma yollarını aradan qaldırmaqdır.
Bundan əlavə, Aİ-də Rusiya aktivlərinin qaytarılmasına qadağa qoyulması və Rusiya vətəndaşlarının həssas sektorlarda fəaliyyətlərinin məhdudlaşdırılması da müzakirə edilir. Aİ planı çərçivəsində yeni sanksiyalar paketinə 100-dən çox fiziki və 40 hüquqi şəxs daxil edilə bilər.
“Bloomberg” sanksiyalar çərçivəsində təkliflərin dəyişə biləcəyini və onların qəbulunun yalnız 27 Aİ üzvünün yekdil razılığı ilə mümkün olduğunu bildirib. TRT
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.