Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş katibi Antonio Quterreş bəyan edib ki, İsrailin hücumlarında mülki əhalinin müdafiəsi hər şeydən üstün olmalıdır.
Quterreş hər gün uşaqların öldürüldüyü və yaralandığı Qəzzanın uşaqlar üçün qəbiristanlığa çevrildiyini vurğulayıb:
"Qəzzada şahidi olduğumuz beynəlxalq humanitar hüququn açıq şəkildə pozulmasından narahatıq".
Bölgədə təcili atəşkəsə ehtiyac olduğunu bildirən Quterreş BMT və tərəfdaşlarının Qəzza və İordan çayının qərb sahilindəki 2 milyon 700 min insan üçün bir milyard dollardan çox humanitar yardım çağırışı başlatdıqlarını açıqlayıb.
Avropa İttifaqı (Aİ) Şurasının sədri Çarlz Mişel İsrailin hər zaman Aİ-nin dostu və müttəfiqi olduğunu vurğulasa da, mülki şəxslərin hədəfə alınmasının qarşısını almaq üçün bütün tədbirləri görməyə çağırıb.
Ötən həftə keçirilən Aİ Liderlər Zirvə toplantısında humanitar atəşkəs çağırışını təkrarlayan Mişel gələcəkdə daimi sülhün yalnız iki dövlətli həll əsasında danışıqlar yolu ilə mümkün olacağını vurğulayıb.
NATO-nun Baş katibi Yens Stoltenberq də Qəzzadakı vəziyyətdən dərin narahat olduqlarını bildirib.
Stoltenberq bildirib ki, bölgədəki hücumlarda mülki vətəndaşları qorumaq vacibdir.
Əlcəzair Prezidenti Əbdülməcid Tebbun isə “İsrail Beynəlxalq Cinayət Məhkəməsində mühakimə olunmalıdır” deyə çağırış edərək, fələstinlilərə qarşı on illərdir davam edən cinayətlərin cəzasızlığına son qoyulmasının vacibliyini dilə gətirib.
Birləşmiş Ərəb Əmirlikləri də Qəzza zolağında hərtərəfli səhra xəstəxanası quracağını açıqlayıb.
Digər tərəfdən, İsrailin Qəzzaya hücumlarından sonra oktyabrın 7-dən bu yana 6-cı dəfə toplanan Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurası (BMT TŞ) yenə razılığa gələ bilməyib.
BMT TŞ-nın ABŞ-ın Nyu-York şəhərindəki mənzil qərargahında qapalı iclası keçirilib.
Görüşdən sonra mətbuata açıqlama verən ABŞ-ın BMT-dəki daimi nümayəndəsinin müavini Robert Vud "Hələlik razılıq əldə olunmayıb" deyib.
Vud bildirib ki, iclasda münaqişədə humanitar fasilə məsələsi gündəmə gətirilib, lakin Şura qarşısında bu məsələ ilə bağlı hələ də müxtəlif fikirlər var. TRT
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.