AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

50 illiyi qeyd edilən BAM-ın memarı ulu öndər Heydər Əliyevdir

  • + A
  • - A
  • 23-04-2024, 07:24

    50 illiyi qeyd edilən BAM-ın memarı ulu öndər Heydər Əliyevdir

    Elnurə Abuşova
    Ulu öndər Heydər Əliyevi Sibirin və Uzaq Şərqin böyük kəşfi - Baykal Amur Magistralının tikintisini sürətləndirən nəhəng, daha dəqiq desək, əsrin layihəsinin baş memarı adlandırırlar.

    Əsrin tikintisi kimi tarixə düşən bu strateji əhəmiyyətli dəmir yolu xəttinin əhəmiyyətini göstərmək üçün dünyada onu kosmosdakı orbital stansiyalarla müqayisə edirlər. Həmin orbital stansiyalar dünyanın tərəqqisinə hansı töhfələr verirsə, sözügedən dəmir yolu da demək olar ki, Avrasiyada eyni funksiyanı yerinə yetririr. Söhbət keçdiyi yollarla bəşəriyyəti heyrətə gətirməyə davam edən Baykal-Amur magistral (BAM) xəttindən gedir. Onun ərsəyə gəlməsinin əsas memarı isə Azərbaycanın Ümummilli lideri Heydər Əliyevdir.
    Cari ilin aprelin 22-də Moskvada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin Baykal-Amur magistralının 50 illik yubileyi münasibətilə dəmir yolu sahəsinin veteranları və işçiləri ilə birgə görüşü oldu. Bu görüşdə Rusiya Prezidenti Vladimir Putin bildirdi ki, Heydər Əliyev Baykal-Amur Magistralının (BAM) tarixində müstəsna, böyük rol oynayıb.
    Rusiya Prezidenti qeyd edib: “BAM-ın tikintisinin başlanmasının yarıməsrlik yubileyi münasibətilə Azərbaycan Prezidenti İlham Əliyevi təbrik etməkdən səmimi-qəlbdən şadam. Onun atası, - BAM-ın bütün inşaatçıları bunu yaxşı bilir, - Heydər Əlirza oğlu BAM-ın tarixində müstəsna, böyük rol oynayıb. Heydər Əlirza oğlu SSRİ Nazirlər Soveti sədrinin birinci müavini kimi Baykal-Amur Magistralının tikintisinə kuratorluq edirdi, bu çox çətin layihənin baş tutması üçün əlindən gələni əsirgəmirdi”.
    50 il əvvələ qayıdaq...
    BAM kompleksini yaratmaqla Ulu öndər Heydər Əliyev Sovetlər İttifaqının qarşısında dayanan dörd mühüm vəzifəni uğurla həll etdi. Bunlar geniş regionun təbii ehtiyatlarına etibarlı çıxış; ən qısa məsafədə tranzit daşınmasını təmin etmək;
    Şərq-Qərb qitələrarası ən qısa dəmir yolu marşrutunu yaratmaq; Trans-Sibirdə qatarların hərəkətində mümkün nasazlıqların və fasilələrin qarşısını almaq idi. Amma ən mühüm məqamlardan biri də BAM kompleksinin insan iradəsinin təbiət üzərində qələbəsi oldu.
    Mürəkkəb relyefə malik ərazilərdən keçən BAM-ın uzunluğu təxminən 4300 kilometrdir. Onun tikintisinin bütün tarixində 2 milyondan çox insan iştirak edib.
    Yol 11 tam axar çaydan, 7 dağ silsiləsindən, daimi buzlaqla örtülü yerlərdən keçir. Yüksək seysmik ərazilərdə 1000 kilometrdən çox yol çəkilib. Marşrut boyunca 8 tunel qazılıb, 142 körpü, 200-dən çox dəmir yolu stansiyası və səddlər, 60-dan çox şəhər və qəsəbə salınıb. Ümumiyyətlə, körpülər, tunellər, uçqun divarları və digər mühəndis qurğuları BAM-ın uzunluğunun üçdə birini təşkil edir. Büün bunlar BAM-ın nə dərəcədə möhtəşəm, eyni zamanda nə dərəcədə mürəkkəb bir kompleks olduğunu göstərir. Onun ideyası 19-cu əsrdə yaransa da, reallaşması ötən əsrin ikinci yarısına təsadüf etdi, məhz Ulu öndər Heydər Əliyevin titanik əməyi sayəsində BAM həyata vəsiqə aldı. Təsadüfi deyil ki, Heydər Əliyev Tayşetdən Sakit Okeana qədər uzanan, dağlıq ərazilərdən keçən BAM-ın memarı, obrazlı şəkildə deyilsə, ona həyat verən şəxs kimi bu gün də böyük ehtiramla anılır.
    Tikinti prosesinə nəzər saldıqda nədən Heydər Əliyevin əməyinin belə yüksək qiymətləndirilməsinin səbəblərini daha aydın sezmək olar. BAM-ın əsas magistralının çəkilməsinin 1984-cü il noyabrın 7-nə kimi başa çatdırılması nəzərdə tutulsa da, bunun mümkünsüzlüyü barədə ölkə rəhbərliyinə xəbərdarlıqlar olunmağa başlamışdı. Bu isə rəhbərliyi qane etmədiyindən tikintiyə nəzarət SSRİ Nazirlər Soveti sədrinin müavini vəzifəsini tutan Heydər Əliyevə həvalə edildi. 1980-ci illərdə Sov.İKP MK Siyasi Bürosunun görkəmli üzvlərindən biri olan Heydər Əliyevə ölkənin ən mürəkkəb sosial-iqtisadi, siyasi və mədəni vəzifələri həvalə edilmişdi. O, SSRİ-nin çoxlu sayda nazirliklərinin fəaliyyətinə cavabdeh idi. Rabitə, dəniz donanması, yol tikintisi bura daxil idi. Bundan əlavə, ittifaq respublikalarının avtomobil, çay və yol təsərrüfatı nazirlikləri də onun tabeliyində idi. Əslində, geniş ölkənin bütün nəqliyyat damarları Heydər Əliyevin ciddi nəzarəti altında idi.
    BAM isə təkcə inkişaf etmiş sosializm mərhələsinin deyil, bütövlükdə sovet dövründə də əsas nəqliyyat layihəsi idi. Ona gərə də layihənin icrası vacib, həm də dövlətin nüfuz məsələsi idi. Bu böyük məsuliyyətin altına girə biləcək şəxslərin sayı az idi və onların içində ən layiqli namizəd də məhz Heydər Əliyev idi. Rusiya Federasiyası Prezidentinin köməkçisi İqor Levitin bunu belə xatırlayır: “Ölkə rəhbərliyində heç də hamı BAM-ın tikintisinə başlamaq istəmirdi, lakin Heydər Əliyev bu ağır yükü öz üzərinə götürdü və ləyaqətlə çəkdi”. 1983-cü ildə Heydər Əliyevin sədrliyi ilə SSRİ Nazirlər Sovetinin Baykal-Amur magistralının tikintisi üzrə komissiyasının ilk iclası keçirildi, tikintinin əsas məsələləri müzakirə olundu. Onların arasında iş planının icrası, yolların bir hissəsinin istismara verilməsinə hazırlıq, Severomuyski və Kadarski tunellərinin tikintisi də yer alırdı. Qarşıya qoyulan tapşırıqların yerinə yetirilməsini, bütün müqavilələrə əməl olunmasını Heydər Əliyev şəxsən yoxlayırdı. 1984-cü ilin iyununda layihənin kuratoru kimi bölgəyə gəldi. O, tikinti gedən əraziyə gələn ilk gələn yüksəkrütbəli Sovet hökumətinin nümayəndəsi və Sov.İKP MK Siyasi Bürosunun ilk üzvü idi. Heydər Əliyev magistralın bütün tikilmiş və tikilməkdə olan obyektlərini şəxsən yoxlayırdı. Rusiyalı tarixçi Vasili Novikov bu xüsusda qeyd edir: “Heydər Əliyev özü obyektlərə baş çəkirdi, özü də onları qəbul edirdi və insanlarla, işçilərlə heyrətamiz dərəcədə isti münasibət qururdu. Çoxlarının xatırladığı kimi, o, içəri girəndə sakitcə ona yaxınlaşıb problemləriniz barədə danışa bilərdiniz. O isə bunları həll edirdi”. Heydər Əliyev tikintinin getdiyi ərazilərə işgüzar səfərləri zamanı görülən işlərin keyfiyyətini qiymətləndirməklə yanaşı, rayonun gələcək inkişafı üçün yaradılan şəraitə də xüsusi diqqət yetirirdi, inşaatçılar, yeni qəsəbə və şəhərlərin sakinləri ilə ünsiyyətdə olurdu, müxtəlif təhvil-təslim mərhələlərində obyektləri istismara qəbul edirdi.
    Azərbaycandan da olan işçilər BAM-ın inşasında əsas rollardan birini oynayırdılar. Özü də soydaşlarımız BAM-ın ən çətin hissələrindən birinə - 209 kilometr əbədi dona sahib ərazidən dəmir yolu xəttini çəkirdilər. Yenə azərbaycanlılar tərəfindən BAM-da Ulkan stansiyası inşa edilib və onun ətrafında eyniadlı qəsəbə salınıb. “AzBAM” tərəfindən reallaşdırılan inşaatda Heydər Əliyevin tapşırıq və tövsiyələri ilə binaların, xüsusilə dəmir yolu vağzalının bəzədilməsində Azərbaycan ornamentlərindən geniş istifadə olunub. Azərbaycanlılar bu hissəni başa çatdırdıqdan sonra da dayanmadılar və öz təşəbbüsləri ilə Anqoya qəsəbəsini və ilhamvericiləri olan Heydər Əliyevin adını daşıyan stansiyanı tikdilər. Haşiyəyə çıxaraq qeyd edək ki, 2008-ci ildə Anqoya stansiyasındakı vağzala Heydər Əliyevin adının verilməsi münasibətilə təntənəli mərasim keçirilib, burada Ulu Öndərin xatirə lövhəsi açılıb. BAM ilə ilk qatarı idarə etmiş dəmiryolçu Yuri Pavlovun qızı Svetlana Orlova həmin mərasimdə çıxışı zamanı qeyd edib: “Bu vağzala Heydər Əliyevin adının verilməsi olduqca tarixi andır, çünki SSRİ Nazirlər Soveti Sədrinin birinci müavini işlədiyi dövrlərdə Heydər Əliyev BAM-ın tikintisi üzrə yüksək səviyyəli komissiyaya rəhbərlik etmişdi. Heydər Əliyev burada nəinki yüksək vəzifəli bir şəxs, həmçinin sadə və səmimi bir insan kimi dərin məhəbbət qazanmışdı”.

    Möhtəşəm tikinti xəttinin son halqası çəkiləndə belə Heydər Əliyev işçilərin yaynında idi. Heydər Əliyev bütün magistral yolun ən çətin obyekti olan Severomuyski tunelinə gələndə tunel inşaatçıları ilə canlı söhbət etməyə nail oldu. Və bu görüş obyekt üçün dönüş nöqtəsi oldu. İşçilər ərazinin şəraitinə görə tunelin tikintisinin bütün çətinliklərindən danışıblar: ağır torpaq, yeraltı axınlar, qaz emissiyaları. Vəziyyətdən çıxış yolu kimi Heydər Əliyev əlavə ilmə tunelləri tikmək qərarına gəldi. Məhz bunun sayəsində dünyanın ən çətin inşaat nümunələrindən birini tamamlamaq mümkün oldu.
    BAM yalnız 29 sentyabr 1984-cü ildə Aleksandr Bondar və İvan Varşavskinin briqadaları Balbuxta qovşağında görüşdükdən sonra vahid magistral çevrildi: yolun şərq və qərb istiqamətləri vahid xətdə birləşdirildi. Məhz bu tarix magistralın doğum günü hesab olunur. Həmin vaxt helikopterlər birbaşa Bondarın briqadasının inşaatçılarının yanında yol yatağına enən Heydər Əliyevi briqadir relslərin çəkilməsinin bütün mərhələləri ilə tanış etdi, sonuncu ağacı şpalın içərisinə isə məhz Heydər Əliyev vurdu və ona verilən fəxri hüquqa görə inşaatçılara təşəkkür etdi.
    BAM-ın inşasında ekologiyaya qayğı nümunəsini xüsusi vurğulamaq istəyirəm.
    BAM-ın tikintisi zamanı Heydər Əliyev ekologiyaya da maksimum diqqət yetirirdi. Magistral yolun salındığı təbii mühit asanlıqla dağılır, lakin yavaş-yavaş və çətinliklə bərpa olunur. Buna görə də BAM zonasında təbii sərvətlərin mühafizəsi tədbirlərinə, təbii mühitə müdaxilə zonasının maksimum azaldılmasını Ulu öndər inşaatçılar qarşısında mühüm şərt kimi müəyyən etmişdi.
    Magistralın keçdiyi ərazinin ekstremal şəraiti yeni elmi və texniki həllər tələb edirdi. Burada dünya praktikasında ilk dəfə olaraq körpü dayaqlarının prinsipcə yeni dizaynı yaradıldı, tuneldə bir sıra yeni ideyalar həyata keçirildi, alt qatın doldurulması və daimi donmuş şəraitdə qazma və partlatma işlərinin aparılması texnologiyaları işlənib hazırlandı. Bütün bunlara Heydər Əliyev şəxsən nəzarət edirdi. Və elə bu səbəbdəndir ki, BAM həm də ətraf mühiti ən az dəyişdirən layihələr sırasında yer alır.
    BAM yaradılandan etibarən Uzaq Şərq regionlarının nəqliyyat dəstəyi və xarici ticarət əlaqələri, şərqdə yük axınlarının yenidən istiqamətləndirilməsi nəzərə alınmaqla böyük əhəmiyyət kəsb edir. BAM 1,5 milyon kvadratkilometr əraziyə iqtisadi xidmət göstərir. Dünya təcrübəsində dəmir yolunun tikilmiş ayrı-ayrı hissələrinin ümumi tikinti prosesinin davam etdirilməsi ilə eyni vaxtda istismara verilməsi bağlı heç bir nümunə yoxdur. Bu hal hələ ki, Heydər Əliyevin rəhbərliyi ilə BAM-da həyata keçirilən yeganə nümunədir. BAM həm də bundan sonra hələ onilliklər boyu tərəqqiyə xidmət edəcək layihələr sırasında yer alır. İqor Levitin bu xüsusda bildirir: “Heydər Əliyev Baykal-Amur Magistralının tikintisinə dəstək verən Siyasi Büro üzvlərindən biri olub. Bu magistralın tikintisi ilə bağlı qərar sayəsində bu gün Rusiyadan Şərqə yük daşıya bilirik”. Bundan əlavə, Uzaq Şərqin və Asiya-Sakit Okean regionu ölkələrinin bazarlarının nəqliyyat əlçatanlığı məsələsi son illərdə getdikcə aktuallaşır. Şərq poliqonunda yük dövriyyəsi son 10 ildə 50 faizdən çox artıb. Aydındır ki, daha da artacaq. Bu yükləri daşımaq üçün Rusiyanın şərqində yalnız iki xətt var - Trans-Sibir və BAM. Məhz onlar, xüsusən də BAM yükdaşımalar baxımından Rusiyanın iqtisadi həyatında müstəsna rol oynayır.
    BAM layihəsi reallaşarkən Heydər Əliyev gələcəkdə onun digər istiqamətlərə uzadılması kimi məqamları da nəzərə almışdı. Belə ki, BAM-ın Yakutska, Maqadana, sonra isə Çukotka və Kamçatkaya kimi inşası bu gün də Rusiya üçün prioritetdir. Amma onun reallaşması elə də asan deyil və buna rəhbərlik edəcək şəxslərin tapılması özü də ayrıca bir məsələdir.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR