AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Prezidentlə xanımı Həzi Aslanovun məzarını ziyarət etdi

  • + A
  • - A
  • 9-05-2024, 11:23

    Prezidentlə xanımı Həzi Aslanovun məzarını ziyarət etdi

    Mayın 9-da faşizm üzərində tarixi Qələbədən 79 il ötür.

    Bu münasibətlə Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev və birinci xanım Mehriban Əliyeva iki dəfə Sovet İttifaqı Qəhrəmanı, tank qoşunları general-mayoru Həzi Aslanovun məzarını ziyarət edərək abidəsi önünə gül dəstəsi qoyub, müharibədə həlak olan bütün Azərbaycan övladlarının xatirəsini ehtiramla anıblar.

    Qeyd edək ki, Azərbaycan xalqı faşizm üzərində tarixi Qələbəyə mühüm töhfələr verib. Bu Qələbənin qazanılmasında çox böyük payı olan xalqımız 600 min oğul və qızını cəbhəyə yola salıb. Onların 300 mindən çoxu döyüşlərdə qəhrəmanlıqla həlak olub. Həmin müharibə zamanı göstərdikləri igidliyə görə Azərbaycanın 130-dan çox nümayəndəsi Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb, 170 mindən artıq əsgər və zabitimiz müxtəlif orden və medallarla təltif edilib.

    Azərbaycan diviziyaları Qafqazdan Berlinədək şanlı döyüş yolu keçib, yüzlərlə həmyerlimiz isə partizan dəstələrinin tərkibində vuruşub. Bu Qələbədə Azərbaycan nefti həlledici rol oynayıb. Azərbaycan sovet ordusu üçün yanacaq-sürtkü materiallarının əsas tədarükçüsü olub. Mühərrik yağlarının 90 faizi, benzinin 80 faizi, neftin isə 70 faizi Azərbaycan tərəfindən təchiz edilib.

    Bu müharibədə şərəfli döyüş yolu keçmiş Azərbaycan övladlarının tarixi şücaətləri hər zaman ehtiramla anılıb. Xalqımızın Ümummilli Lideri Heydər Əliyev hakimiyyətdə olduğu bütün dövrlərdə müharibə veteranlarına xüsusi diqqət və qayğı göstərib, onları “xalqımızın qızıl fondu” adlandırıb. Prezident İlham Əliyev də müharibə veteranlarının sosial problemlərinin həllini daim diqqət mərkəzində saxlayır, 9 May - Qələbə bayramı ərəfəsində onlara maddi yardımlar göstərilir. Azərbaycan Prezidentinin 2024-cü il 2 may tarixli Sərəncamı ilə 1941-1945-ci illər müharibəsində iştirak etmiş şəxslərə 2000 manat məbləğində, İkinci Dünya müharibəsində həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, həmin dövrdə arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə, İkinci Dünya müharibəsi illərində döyüş cəbhələrinin arxa hüdudları, yaxud döyüşən donanmaların əməliyyat zonaları daxilində ordunun və donanmanın mənafeyi üçün tapşırıqları yerinə yetirmiş xüsusi birləşmələrin işçilərinə, İkinci Dünya müharibəsi dövründə Leninqrad şəhərinin müdafiəsinə görə müvafiq medal və döş nişanı ilə təltif edilmiş şəxslərə, habelə Leninqrad şəhərinin mühasirəsi iştirakçılarına 1000 manat məbləğində birdəfəlik maddi yardım verilib. Bütün bunlar bir daha sübut edir ki, müharibə veteranlarına hərtərəfli diqqət və qayğı Azərbaycanda dövlət siyasətinin başlıca prioritetlərindən biridir.

    Azərbaycan xalqı artıq dördüncü ildir ki, 1941-1945-ci illər müharibəsində faşizm üzərində Qələbəni 44 günlük Vətən müharibəsi nəticəsində əldə olunmuş böyük Zəfərin doğurduğu sevinc hissi ilə birgə ikiqat qürurla qeyd edir. Xalqımızın 30 il uğrunda mübarizə apardığı ədalət nəhayət Zəfər çaldı, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində ərazi bütövlüyünü və suverenliyini tam bərpa etdi.

    Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda mübarizədə və 1941-1945-ci illər müharibəsində canlarından keçmiş bütün oğul və qızlarımızın əziz xatirəsi xalqımızın qəlbində əbədi yaşayacaq.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR