Günə 10 ədəd “Hell” içən kişidən dəhşətli etiraflar: “Bədənim sönüb…”
Energetik içki aludəçisi olan gənc bir oğlan Medicina.az tibbi saytın “Həkimə sualın var?” bölməsinə öz başına gələnləri yazıb və kömək istəyib. Maarifləndirici portal enerji içkilərinin zərərləri ilə bağlı məsələlərin aktual olduğunu nəzərə alaraq, oxucunun razılığı ilə onun hekayətini işıqlandırmaq qərarına gəlib.
Həmin şəxs 32 yaşı olduğunu bildirir, gündə ən az 10 ədəd “Hell” enerji içkisi içdiyini və bu vərdişin onun səhhətinə göstərdiyi təsirlərdən bəhs edir: “32 yaşım var. 15 gün əvvəl işlə bağlı müayinədən keçməli oldum. Qanda bilirubin çox artıq çıxdı. Həkim qaraciyər göstəricilərimin də dəyişdiyini dedi. Qaraciyərim hərdən bir ağrıyır. Amma bu vaxta kimi səhhətimdə elə də ciddi problem olmayıb.
Mən gündə təxminən 10 ədəd Hell içirdim. İşlə bağlı Bakı-Qəbələ yolunda gecələr maşın sürürəm, oyaq qalmaq və yuxulamamaqdan ötrü “Hell” aludəçisi olmuşdum. Maşında yanımda ən azı 3-4 “Hell” olurdu. Bəzən elə gün olurdu ki, 12-14 qutu içirdim. Amma həkim “Hell”i dayandırmağımı tələb etdi. Mən də tərgitməyə başladım. Daha içmirəm, elə ki, gördüm dözmürəm, şirin çay içib yola verirəm. Həkim də dedi ki, gördün dayana bilmirsən, şirin su və ya şirin çay iç”.
Oxucu orqanizmində yaranan fəsadlar barədə də yazıb: “Əvvəlki orqanizmimlə indiki arasında çox fərq var. Tez-tez sanki ürəyimdən hava kimi titrəyiş keçir. Ağzımın içində qəribə tam yaranıb. Çox şeyə qarşı ikrah hissi keçirirəm. Heç nədən ləzzət ala bilmirəm. “Hell”in üstünlükləri o idi ki, çox yol gedirdim, iş görürdüm, yorulmurdum. Amma o yadımdadır ki, o qədər “Hell” içirdim, çay, su da içirdim, amma sidiyə az gedirdim. Bu qədər maye hara yoxa çıxırdı, bilmirəm.
3 ildir, vəhşicəsinə Hell içirdim, amma spirtli içki içmirdim.
Tərgitməyə başlayandan isə ancaq yatmaq istəyirəm, sakitçilik axtarıram, sanki beynim, bədənim sönüb, heç danışmağa da halım yoxdu. Sevdiyim qadınla da görüşmək istəmirəm. Həvəsim yoxdur. Bilmirəm, bu nə qədər davam edəcək. Hərdən istəyirəm yenidən qayıdım günə, heç olmasa, 5-6 dənə içim.
Kofein var içində, qəhvə içdim onu əvəz etmədi. Ancaq soyuq şirin çay içəndə bir az özümə gəlirəm. Özü də tərgitməyə başlayanda qiymətlər qalxdı. İndi təsəvvür edin, əvvəlki kimi içsəm, mənə gündəlik azı 20-25 manat pul lazım olardı. O qədər də qazanmırıq”.
Oxucu məktubunun sonunda bu vərdişindən daha asan qurtulmağın yolu və qanındakı bilirubin miqdarının çox olmasının yaradacağı təhlükə barədə soruşub, həkimlərimizdən kömək istəyib.
Tibbi sayt energetik içkilərdən asılı olan bütün insanlara məsləhət görür ki, onu birdən yox, tədricən azaltmaqla tərgitsinlər və əvəzləyici üsullar tapsınlar. Bu zaman həkim nəzarətində olub, orqanizmdə baş verəcək hər hansı dəyişikliklə bağlı onu məlumatlansınlar.
Orqanizm gec və çətin də olsa, bu asılılıqdan çıxacaq, energetik içki olmadan da enerji yığmağa başlayacaq.