Lerik rayon prokurorluğundan Azadmedia.az-a verilən məlumata görə Lerik Rayon Mərkəzi Publik Hüquqi Şəxsin Blaband kənd tibb məntəqəsində bəzi şəxslərə “COVİD-19” əleyhinə vaksinasiya olunmaları ilə bağlı saxta sənədlərin verilməsi barədə daxil olmuş müraciət əsasında Lerik rayon prokurorluğunda araşdırma aparılmışdır.
Araşdırmalarla həmin tibb məntəqəsinin tibb qardaşı Altay Abbasovun Bakı şəhərində yaşayan bir neçə şəxslə pul müqabilində razılaşaraq “COVİD-19” əleyhinə peyvənd olunmadıqları halda onların I və II doza vaksin oluhmaları ilə bağlı tibbi sənədlər tərtib edərək həmin məlumatları elektron məlumat bazasına yerləşdirməsinə əsaslı şübhələr müəyyən edilmişdir.
Faktla bağlı Lerik rayon prokurorluğunda Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi başlanmışdır.
Hazırda yuxarıda göstərilən cinayət əməllərinin törədilməsində hər hansı formada iştirak etmiş şəxslərin müəyyən edilməsi məqsədilə intensiv istintaq hərəkətləri davam etdirilir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.