Goranboy rayon prokurorluğunundan Azadmedia.az-a verilən məlumata görə sentyabrın 22-i saat 14 radələrində 1966-cı il təvəllüdlü Fərrux Qasımovun xəsarət alması nəticəsində ölməsi barədə Goranboy rayon prokurorluğuna məlumat daxil olmuşdur.
Aparılmış araşdırmalarla zərərçəkmişin qohumu 1956-cı il təvəllüdlü Əmiraslan Nağıyevin şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı idarə etdiyi “Niva” markalı avtobillə Fərrux Qasımovun üzərinə sürməklə xəsarətlər yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilmişdir.
Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanmışdır.
Əmiraslan Nağıyev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilmişdir.
Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.
Qeyd edək ki, azxəbər.com Əmiraslan Nağıyev Vətən müharibəsi şəhidi, gizir Vüsal Nağıyevin atası olmasını yazıb. Hadisə zamanı dünyasını dəyişən Fərrux Qasımov isə şəhidin qayınatası olmaqla yanaşı, eyni zamanda da dayısıdır. Hadisə şəhid Vüsal Nağıyevin adını daşıyan küçədə baş verib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.