Ötən il oktyabrın 20-də Vətən müharibəsinin gedişində Silahlı Qüvvələrimiz tərəfindən daha bir tarixi səhifə yazıldı. Həmin gün Zəngilan rayonu düşmən işğalından azad edildi. Zəngilanın işğaldan azad edilməsi sevinc və qürur hissi ilə qarşılandı.
Artıq bir ildir ki, Zəngilanda bayrağımız dalğalanır. Yurd-yuvalarından didərgin düşmüş soydaşlarımızın öz doğma torpaqlarına qovuşması üçün bu müddətdə mühüm işlər görülüb. Öz sakinlərini qarşılaması üçün nəhəng tikinti meydanına çevrilən Zəngilanda Rayon Polis Şöbəsinin əməkdaşları üzərlərinə düşən vəzifələri layiqincə yerinə yetirirlər.
Şəxsi heyət tərəfindən keçirilən nəzarət-profilaktik tədbirlərlə Vətən müharibəsi zamanı düşmənin atıb qaçdığı 7 avtomat, 3 pulemyot, 2 qumbaraatan, 42 əl qumbarası, 7 mina və müxtəlif partlayıcı vasitələr, xeyli sayda müxtəlif çaplı mərmi və 60 minə yaxın güllə aşkar edilərək götürülüb və aidiyyəti üzrə təhvil verilib.
Bundan başqa keçirilmiş kompleks tədbirlər nəticəsində rayon ərazisində yabanı halda bitmiş çəkisi 450 kiloqram olan 1810 ədəd çətənə bitkiləri yığılaraq məhv edilib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.