Göygöl Rayon Polis Şöbəsinin (RPŞ) təşkilatçılığı ilə rayonun 6 saylı tam orta məktəbində karantin tələbləri nəzərə alınmaqla “Narkomaniyaya yox deyək”, “Erkən nikah və onun fəsadları”, “Dini radikalizmə qarşı mübarizə zamanın çağırışıdır” və “Uşaqlar və yol hərəkəti təhlükəsizliyi” mövzularında tədbir keçirilib. Tədbirdə RPŞ-nin əməkdaşları, rayon icra hakimiyyətinin, məktəbin müəllim və şagird kollektivi iştirak edib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan Azadmedia.az-a verilən məlumata görə, RPŞ rəisinin şəxsi heyət üzrə köməkçisi, polis polkovnik-leytenantı Abbas Paşa, belə maarifləndirici tədbirlərin əhəmiyyətindən söz açıb, şagirdlərə layiqli vətəndaş olmaları, daim vətəninin sabahını düşünən xeyirxahlığı özlərinə mayak seçmələri üçün dəyərli nəsihətlər verib. O, narkomaniya əlehinə ölkənin hüquq-mühafizə, o cümlədən daxili işlər orqanlarının gördüyü qətiyyətli tədbirlərdən, bu istiqamətdə ictimaiyyət arasında aparılan profilaktiki tədbirlərin əhəmiyyətindən danışaraq bildirib ki, istər valideynlər, istərsə də ictimaiyyətin nümayəndələri, öz gələcəyinə biganə olmayan insanlar bu sahədə fəal mövqe tutmalı, yeniyetmə və gənclərin sağlam həyat yaşaması üçün ciddi addımlar atmalıdır. O, bildirib ki, bu məqsədlə dövlət tərəfindən narkomanlıqla mübarizə üçün bütün lazımi addımlar atılıb. Xüsusən yeniyetmə və gənclərin məşğulluğu, yüksək təhsili, idmanla məşğul olmaları üçün hər cür zəruri şərait yaradılıb.
RPŞ-nin Yetkinlik Yaşına Çatmayanlarla Proflaktiki İşin Təşkili qrupunun baş inspektoru, kapitanı Vüqar Məmmədov narkomaniyanın fəsadlarından, sağlam həyat tərzi istiqamətində maarifləndirmənin vacibliyindən, ölkəmizdə narkomaniyaya qarşı aparılan mübarizədən danışaraq bildirib ki, narkomanlıq cəmiyyətin mənəvi, əxlaqi dəyərlərini sarsıdır, sosial-iqtisada inkişafa mənfi təsir göstərir, insanların həyat və sağlamlığına ciddi təhlükə yaradır, cinayətkarlığın artmasına səbəb olur. Bu bəlaya düçar olan insanların sağlam həyata qayıtması isə artıq çətin olur.
Ekən nigahın fəsadlarından söz açan rayon icra hakimiyyətinin nümayəndəsi Ceyhun Hümbətov bildirib ki, gənc qızlar ailənin nə demək olduğunu dərk etsələr də, onlar erkən yaşda ərə getmək haqqında yox, mükəmməl təhsil almaq, hər hansı sahənin bacarıqlı mütəxəssisi kimi yetişmələri, milli-mənəvi dəyərlərimizə bələd olan, ədəbiyyatımızı, mədəniyyətimizi, tariximizi öyrənmələri, geniş dünyagörüşünə malik olmalarının qayğısına qalmalıdırlar. Birmənalı olaraq yetkinlik yaşına çatmayan qızların məcburən nikaha daxilolma halı valideynlər tərəfindən uşağa qarşı törədilən zorakılıq olmaqla, həm də övladının gələcəyi üçün təhlükə olduğunu, bunu edən valideynlərə qarşı qanunvericilikdə cəzaların nəzərdə tutulduğunu diqqətə çatdırıb.
Daha sonra çıxış edən RPŞ-nin Dövlət Yol Polisi Bölməsinin rəisi, polis mayoru Azər Ələkbərov belə tədbirlərin keçirilməsində məqsədin gələcəkdə uşaqların yol hərəkəti qaydalarını daha rahat və asan şəkildə mənimsəmələri, indidən onlarda küçə, yol, səki, işıqfor barəsində ilkin anlayışların formalaşdırılmasından ibarət olduğunu bildirib. O, eyni zamanda həm müəllimlər həm də valideynlər arasında maarifləndirici tədbirlərin təşkilinin uşaqların yollarda arzuolunmaz hadisələrlə üzləşməsinin qarşısını alan əsas amillərdən olduğunu vurğulayıb