Balakən Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə şəhər 1 saylı tam orta məktəbdə “Gəncliyimizi narkomaniyadan qoruyaq” mövzusunda maarifləndirmə tədbiri keçirilib. Karantin qaydalarına uyğun təşkil edilən tədbirdə məktəbin müəllim heyəti və yuxarı sinif şagirdləri iştirak ediblər.
Şagirdlərlə görüşdə çıxış edən RPŞ-nin rəisi, polis polkovnik-leytenantı Çingiz Aslanov narkotiklərin qanunsuz dövriyyəsinin cəmiyyətə və insanların sağlamlığına vurduğu zərərlərdən ətraflı bəhs edib, bu istiqamətdə hüquq-mühafizə orqanlarının, o cümlədən polisin apardığı qətiyyətli mübarizə barədə tədbir iştirakçılarını məlumatlandırıb. Qeyd olunub ki, 2021-ci ilin əvvəlindən bu günə kimi Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotiklərlə mübarizə tədbirləri nəticəsində 47-si saxlama, 25-i satış, eləcə də 16-sı kultivasiya olmaqla 88 fakt aşkarlanıb və aşkarlanmış faktlar üzrə 70 cinayət işi başlanılıb.Ümumilikdə 112 kiloqramdan artıq müxtəlif növ narkotik vasitələrin qanunsuz dövriyyədən çıxarıldığı diqqətə çatdırılıb.
“Ağ ölüm”ə qarşı mübarizədə maarifləndirmə işinin də vacibliyini qeyd edən polis polkovnik-leytenantı Ç.Aslanov gəncləri zərərli vərdişlərdən uzaq tutmaq üçün təhsil müəssisələrində bu formada tədbirlərin həyata keçirildiyini vurğulayıb.
Sonda məktəbliləri maraqlandıran suallar cavablandırılıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.