Türkiyə fevral ayında baş vermiş zəlzələ fəlakət zonasında 650 min ev tikməyi planlaşdırır. Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Berlin Zəlzələ Konfransının iştirakçılarına videomüraciətində deyib.
“Tikinti işləri fəal templə davam edir. Mənzillərin ilk açarları bu ilin oktyabr-noyabr aylarında evlərini itirənlərə təhvil veriləcək. İl ərzində şəhər və kəndlərdə 319 min, ümumilikdə isə 650 min bina tikməyi planlaşdırırıq. Əminəm ki, biz bu ağır yükün öhdəsindən həm də sizin mehriban köməyiniz sayəsində gedəcəyik”, - deyə Ərdoğan bildirib.
Ərdoğan həmçinin qeyd edib ki, Türkiyə fevral ayında ölkədə 50 mindən çox insanın həyatına son qoyan dağıdıcı zəlzələlərin nəticələrinin aradan qaldırılmasında dost və qardaş dövlətlərin köməyini unutmayacaq.
Dövlət başçısı qeyd edib ki, 2023-cü il fevralın 6-da baş vermiş zəlzələlərin mənfi nəticələrini Türkiyənin on bir vilayətinin 14 milyondan çox sakini hiss edib, 311 mindən çox yaşayış binası dağılıb və ya ciddi ziyan dəyib. Zəlzələnin Türkiyə iqtisadiyyatına dəyən zərərin 104 milyard dollar olduğu bildirilir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.