Nurəddin ƏDİLOĞLU yazır:
...Əyyub müəllimi 50 ilə yaxındır ki, tanıyıram. Yoldaşlığa, dostluğa çevriləcək tanışlığımızın təməli mən hələ orta məktəbin yuxarı sinifində oxuyarkən - ilk mətbu yazılarım rayon qəzetinin səhifələrində işıq üzü görəndə, qoyulub. O vaxt “Çağırış” qəzetinin redaktoru istedadlı şair Vaqif Hüseynov (1936-1985) idi. Qəzet əməkdaşlarının ictimaiyyət arasında böyük nüfuzu, xətir-hörməti vardı. Yetmişinci illərin mətbuat mühiti indikindən daha cəlbedici, həm də çox saf idi. Mən “Çağırış”ın redaksiyasında işə düzələndə Vaqif müəllim artıq dünyasını dəyişmişdi. Amma Əyyub müəllim elə məclis olmurdu ki, həyatdan vaxtsız getmiş Vaqif Hüseynovun özünəməxsus zarafatlarını, atmacalarını yada salmasın. Çox sonralar “Bığ haqqında ballada” hekayəmdə hazırcavab şair, cəfakeş redaktor obrazı yaradanda Əyyub müəllimin unudulmaz Vaqif Hüseynov haqqında xatirələrindən bəhrələndim. “Vətən sənə borcum qaldı”, “Ömür ki tələsən səhər yelidir…” – deyən və əlli yaşına çatmamış dünyasını dəyişən Vaqif Hüseynov yazırdı:
Həyat qəmli bir karvandır, addımlayir ağır-ağır,
Son mənzilə aparacaq qoşulduğum karvan məni...
...Hamımız ÖMÜR KARVANINA qoşulmuş yolçuyuq. Bu yolda dostları, yaxınları, doğmaları itirə-itirə SON mənzilə sarı gedirik... Geridə qalan yolda həm kədərli, həm də fərəhli anlar yaşamışıq. Dünya gözəl idi, həyat çox şirin...
Yaxşılar içində keçəndə ömrün,
Həyat şirin olar, xoş görünərmiş.
Yanında olmasa istədiyin DOST,
Dünyanın bir yanı boş görünərmiş...
...25 il əvvəl Əyyub müəllim 50 illik yubileyinin aparıcısı olmağı mənə həvalə etdi. Məclisin yuxarı başında şəxsiyyətinə böyük sayğı duyduğum atası MƏMMƏD KİŞİ ilə yanaşı oturmuşdu. Aralarında 19-20 il yaş fərqi olan ATA ilə OĞUL zahiri görkəmlərindən iki qardaşa, mehriban dosta, sirdaşa bənzəyirdilər. O gün SÖZ dünyasının sərrafı rəhmətlik Maşallah KƏRİMOVun şən söhbətləri də məclisə rövnəq verirdi...
1998-ci ildə Əyyub müəllimin tələbəlik illərindən dostluq etdiyi “Sevgi şairi” adı ilə anılan Nüsrət KƏSƏMƏNLİ Masallıya gəlmişdi. Boyca məndən hündür olan şairə Əyyub müəllim məni təqdim edən məqamda onun əzbər bildiyim şeirindən bir bənd dedim. Elə bil o an hər iksinin boyu bir qarış da ucaldı...
22 il əvvəl, ilk övladımın xeyir işində Əyyub müəllim sözün əsl mənasında mənə böyük qardaşlıq elədi. Onun elçiləri özünəxas zarafatla qarşılaması, toy ərəfəsində mənə mənəvi kömək göstərməsi unudulası hadisə deyil... İNSANIN böyüklüyü onun vəzifəsi, imkanı, çox və ya az yaşaması ilə deyil, elədiyi YAXŞILIQLARLA ölçülür...
İndi özünü ÖMÜR KARVANININ yorğun yolçusu adlandıran Əyyub müəllimin zahiri çox az dəyişib, amma gülərüzü, səmimi təbəssümü, səliqəli geyim-keçimi, danışıq tərzi elə əvvəlki kimidir... Adəti üzrə həmsöhbət olduğu müsahibini özünün cazibəsinə sala bilir. Müdrüklərdən biri deyib ki, adamları oxumaq kitabları oxumaqdan daha xeyirlidir. Əyyub müəllim adamları oxuya bilir. Köhnə KİŞİLƏR kimi QALMAQAL salmağı deyil, QAL yatızdırmağı bacarır...
Bəziləri onun sülhməramlı missiyasını başa düşmür, hətta onun səmimi təbəssümünün, uca boy-buxununun kölgəsində gizlədə bildiyi ÖZÜ boyda kədəri belə duymur... Biz onunla dəfələrlə doğma Masallımızın müxtəlif güşələrində bir süfrə arxasında oturmuşuq, müxtəlif xarakterli insanlarla və peşə sahibləri ilə ünsiyyət qurub, dostluq etmişik. Amma Əyyub müəllimlə qoşa şəkil çəkdirdiyimiz yadıma gəlmir. Bu şəkil bir həftə öncə Masallının mənəvi zirvəsi - şair, bəstəçi, həkim, poliqlot, müəllim- bir sözlə, ictimai xadim Mir Kazım bəy ASLANLININ qəbirüstü abidəsinin açılış mərasimində çəkilib.
Masallının görkəmli tarixi şəxsiyyətlərini, igid oğullarını sənədli filmlərində əbədiləşdirən, Xalq Teatrının tamaşalarına səhnə tərtibatı verən istedadlı konooperator ELSEVƏR ƏLÖVSƏTOĞLU bizim bu qoşa şəklimizi kökü torpağın dərinliklərinə işləyən qocaman palıd və nil ağaclarının əhatəsində çəkib... Demək istəyib ki, biz də kökümüzlə bu torpağa bağlıyıq... Biz də Masallı təbiətinin bir parçasıyıq...
Mən bu təbrik yazımda Əyyub müəllimin ictimai və jurnalistik fəaliyyətindən söz açmağa lüzüm görmürəm. Onu tanıyanlar yaxşı bilirlər ki, 2010-cu ildə Milli Mətbuatımızın 135 illiyi münasibətilə “Tərəqqi” medalı ilə təltif edilib. Hal-hazırda Rayon Ağsaqqallar Şurasının sədr müavinidir, Masallı Rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın sədridir...
Əyyub müəllimin 75 yaşına arzum-diləyim nədir? Qoy əsrin dörddə üçünün tamamında arxada qoyduğu HƏYAT yoluna boylananda əsla kədərlənməsin!..
Sözümün canı odur ki, qədim Muğan cəngavəri kimi uca qamətini ŞAX tutsun! 80 illik yubileyində 50 illiyindəki kimi birlikdə olaq və sevdiyi xanəndə əməkdar artist Zakir ƏLİYEV Əyyub müəllimin yubileyində muğam oxusun, mən də məclisinə gələnlərə Masallının tanınmış şairi Arif FƏRZƏLİNİN şeirlərindən bir-ikisini deyərəm, inşallah... Vəssalam!
Nurəddin ƏDİLOĞLU,
01.07.22.