AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

YEL ÇƏRŞƏNBƏSİ və maraqlı rituallar

  • + A
  • - A
  • 6-03-2023, 13:30

    YEL ÇƏRŞƏNBƏSİ və maraqlı rituallar

    Sabah-7 mart YEL ÇƏRŞƏNBƏSİdir.
    Azadmedia.az folklorşünas alim Elyar İslamoğlunun Yel çərşənbəsi ilə bağlı maraqlı məqaləsini təqdim edir:
    Dünyanın yaranmasında iştirak edən dörd ünsürdən biri olan “Yel (külək, hava) çərşənbəsi” xalq arasında “Külək oyadan çərşənbə”, “Küləkli çərşənbə”, “Hava çərşənbəsi” kimi də tanınır. İnanclara görə bu çərşənbədə oyanan yel, külək oyanmış suyu, odu hərəkətə gətirir. Daha sonra su, od və külək birlikdə torpağı oyadır. Torpaq hərəkətə gəlir, isinir.
    Yel çərşənbəsi yelin təzəcə çıxmış otları, ağaclardakı tumurcuqları, təbiəti oyadaraq Novruzun gəlişi barədə xəbərdar etməsi ilə bağlıdır. “Türk mifoloji təsəvvüründə “Yel baba” dörd cür libas geyinir: ağ, qara, göy və qırmızı. Qara yel Qərbdən, Ağ yel Şərqdən əsir. Xəzri göy libasda, gilavar isə qırmızı libasda görünür. Yel çərşənbəsində əsən soyuq və isti küləklər yazın gəlişindən xəbər verir. Gün ərzində küləyin bir neçə dəfə istiqamət dəyişməsi, isti və ya soyuq olması, əslində, onun özünün - küləyin - havanın təmizlənməsi, yenilənməsi kimi qəbul edilir”.
    Yel çərşənbəsi günü həyətlərdə tonqallar qalanır, evlərdə plov (aş), südlü plov, lobyalı aş, bulğur aşı və s. bişirilir. Süfrəyə daha çox quru meyvələr və dənli bitkilərdən hazırlanmış nemətlər düzülür. Evlərdəki yorğan-döşək, xalça-palaz, geyimlər həyətə çıxarılır, barıların, məhəccərlərin üstünə sərilərək çırpılır, təmizlənir. İnama görə, yel çərşənbəsində yorğan-döşək, xalça-palaz, geyimlər havaya verilərsə, təmizlənər, paklanar.

    “Yel baba” mərasimi öz kökü etibarilə əcdadlarımızın Yel Tanrısına etiqadı ilə bağlıdır. “Şifahi xalq yaradıcılığında Yelin Tanrı olması ilə bağlı müxtəlif nəğmə, əfsanə, rəvayət, mif, inanc və s. var. Azərbaycan nağıllarında da rast gəldiyimiz “yel baba” ifadəsi və onun nağıldakı rolu da diqqəti çəkir. Yel Azərbaycan mifik təfəkküründə həm də yol göstərən, bələdçi rolunu yerinə yetirir. Yel baba (əksər hallarda əldən-ayaqdan düşmüş qarı obrazında peyda olur) qalın meşələrdə azıb mənzilini tapmaqda çətinlik çəkən xeyirxah insanların qarşısına çıxır, onlara bir yumaq verir və yumağı yerə atıb diyirlətməyi tələb edir. Yel babanın üfürməsi ilə yumaq açılır və yolunu azmışları mənzil başına çatdırır...”.

    Bölgələrdə, xüsusilə də Naxçıvanda Yel çərşənbəsi qəbirüstü ziyarət, əcdadların, vəfat edən yaxın-qohum əqrabanın yada salınması günü kimi də qeyd edilir. “Məzarların üstü təmizlənir, ziyarət edilir, üzərində şam yandırılır, səməni qoyulur, vəfat edənlərin ruhuna dualar oxunur. Sonra evdə ehsan hazırlanır. Ehsan yeməyi əsasən plov (aş), halva və s. olur. Ehsan qohum-əqrabalara, qonşulara paylanır. Qadınlar il ərzində yas düşən evləri gəzirək, vəfat edənlərin ailə üzvlərinə, yaxınlarına başsağlığı, təsəlli verir, mərhuma Allahdan rəhmət diləyirlər. Həmin gün həm də “yasdan çıxarma” sayılır. Yasdan çıxarmadan sonra yas saxlamaq məqbul sayılmaz, artıq deyərlər ki, toy, xeyir işlər etmək lazımdır”.

    Qədim zamanlarda hələ xırmanın mövcud olduğu vaxtlarda Yellə bağlı keçirilmiş mərasimlər də var. Mərasim “Yel baba” adlanırdı və taxıl biçilib xırmana yığılandan sonra keçirilirdi. Məlumdur ki, keçmişdə kombayn olmadığından taxıl əllə biçilərək, dərz bağlanar, at, öküz arabaları ilə xırmana daşınardı. Dərzlər xırmanda döyüləndən sonra, buğdanın, arpanın və digər dənli bitkilərin sovrularaq samandan, çör-çöpdən, kol-kosdan təmizlənib, ayrılması üçün küləyə ehtiyac var idi. Ona görə də keçmişdə insanlar xırmanda taxılın sovrulması zamanı “Yel baba, gəl, ağ atına arpa, saman apar” deyərək küləyi, yeli müxtəlif nəğmələrlə köməyə çağırardılar:
    A Yel baba, yel baba,
    Tez gəl baba, gəl baba.
    Sovur bizim xırmanı,
    Atına ver samanı.
    Dən yığılıb dağ olsun.
    Yel babamız sağ olsun.
    Taxılımız yerdə qaldı,
    Yaxamız əldə qaldı.
    A Yel baba, yel baba,
    Tez gəl baba, gəl baba.
    İnanclara görə bu mərasimdən sonra yel əsər və insanlar taxılı rahat sovurardı.

    Küləklə, yellə bağlı bəzi miflər, rəvayətlər də mövcuddur. Rəvayətə görə, qədim zamanlarda Fatı (Fatma nənə) qarı yeddi rəngdə ip əyirib, yumaqları dizinin altına qoyaraq, hanada toxuculuq işinə hazırlıq edirmiş. Birdən yel əsir və yumaqlardan biri diyirlənib, açılır və ip dolaşır. Fatı qarı bundan qəzəblənir, “Azarım, bezarım dəymiş Yel baba, hardan gəlib çıxdı? İplərimi dolaşdırdı” deyib yelə qarğış edir. Yel baba qarğışdan hirslənir, daha bərkdən əsir və bütün yumaqlar diyirlənərək açılır. İplər bir birinə dolaşaraq, göyə qalxır və yel yumaqları üfüqlərə kimi aparır. Fatı qarı da qəzəbindən qarğışı-qarğışa calayır, əl ağacı ilə Yel babanın arxasınca düşüb onu vurmağa çalışaraq, yumaqlarının ardınca qaçır, amma yumaqlarını tuta bilmir. Deyilənə görə, elə o vaxtdan da Fatı qarının ipləri yeddirəngli qurşağa dönərək göydən asılır. Fatı qarı da nə Yel babanı vura bilir, nə də ipləri tuta bilir. Yağışdan sonra yeddirəngli göy qurşağı görünəndə ona el arasında “Fatı qarının hanası” və ya “Fatma nənənin saçaqları” da deyirlər.

    Külək, yellə bağlı atalar sözləri
    -----------------------------------------
    Yel eləyəni fələk eləyə bilməz.
    Yel aparan yelinki, yerdə qalan mənimki.
    Yel olmasa, sel olmaz.
    Yel əsəndə yellənər, yol görəndə yollanar.
    Külək əkər, fırtına biçər.
    Yel gətirər, gün qurudar.
    Kələk ilə gələn, külək ilə gedər.
    Yel üfürüb şişirtdiyini göyə qaldırar.
    Külək əsməyincə yarpaq tərpənməz.
    Külək kimi hərdən bir yana əsmə.
    Yel qayadan nə aparar?
    Yelnən gələn, selnən gedər.
    Yel apardığını qaytarmaz.

    Külək, yellə bağlı inanclar
    -----------------------------------
    Taxıl sovrulanda yel əsib işə mane olsa, ələyin, ya da xəlbirin üstünü bərk-bərk bağlayarlar, onda yel asta əsər.
    Yel baba xırmana gəlməmişdən qabaq oradan buğda, dən götürməzlər. Sovurulmamış buğda götürənin oğlu ölər.
    Yeli əsdirəni söyməzlər.
    Yel çərşənbəsi gecəsi söyüd ağacının altına gedib niyyət elə və Yel babanı çağır. Əgər Yel babasənin səsini eşidib əssə və söyüdün budaqlarını torpağa toxundursa, diləyin yerinə yetər.

    Küləyin xalqımızın üzərindən hüznlü, qəmli günləri uzaqlara aparması, xoş günləri, xeyir-bərəkət, sülh və əmin-amanlıq gətirməsi diləyilə Yel çərşənbəniz mübarək olsun!


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR