İsveç və Azərbaycan arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyinə həsr edilmiş mədəniyyət layihələri çərçivəsində 27 aprel 2022-ci il tarixində İsveçin Bakıdakı Səfirliyi, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi və İsveçin “Oriflame” şirkətinin birgə əməkdaşlığı ilə isveçli fotoqraf Elizabet Tollun “Mənzərələr və Portretlər” adlı fotoqrafiya sərgisinin açılış mərasimi keçirilib.
Açılış mərasimində “İçərişəhər” DTMQ İdarəsinin İdarə Heyətinin sədri Şahin Seyidzadə, İsveç Krallığının Azərbaycandakı səfiri cənab Kristian Kamillin və İsveç foto rəssamı xanım Elizabet Tollun çıxış ediblər.
Bakı Fotoqrafiya Evində təşkil edilən bu fərdi sərgidə Elizabet Tollun daha öncəki səfərləri zamanı Bakı, Qəbələ və Naxçıvanda çəkdiyi fotoşəkillərin bəziləri, eyni zamanda İsveç meşələrinin fotoşəkilləri və bir sıra portretlər nümayiş olunur.
Fotoqraf Bakı Fotoqrafiya Evində “Fotoqrafiya sənəti” mövzusunda interaktiv mühazirə ilə çıxış edib. Çıxışı zamanı o, mənzərə, portret və moda şəkilləri çəkərkən fotoqrafların xüsusi diqqət etməli olduğu məqamları açıqlayıb.
“Mənzərələr və Portretlər” fotoqrafiya sərgisi 2022-ci il aprelin 28-dən mayın 29-dək Bakı Fotoqrafiya Evində davam edəcək. Biletləri
https://iticket.az/events/museums/menzereler-ve-portretler saytından əldə etmək olar.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.