Ülvi Quliyev,
Milli Məclisin deputatıPrezident İlham Əliyev mayın 20-də Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin “Cənubi Qafqaz:Regional inkişaf və əməkdaşlıq perspektivləri” mövzusunda təşkil etdiyi müzakirələrdə iştirak etdi, qlobal gündəliklə bağlı bir çox sualları cavablandırdı.
Məlum olduğu kimi, Qaragöl ətrafında dövlət sərhədlərimizin qanuni mühafizəyə alınması ilə bağlı görülən tədbirlər Ermənistan tərəfindən hay-küylə qarşılanıb.Uzun illər ərzində özündən guya “təqib edilən”, “məzlum və məsum” millət obrazını yaratmaq Ermənistanın əsas siyasi hədəflərindən biri olub, “məni öldürürlər, harayıma yetişin” şüarı isə dövlət siyasətinin ana xəttini təşkil edir. Nə qədər paradoksal görünsə də, Ermənistan bir çox hallarda buna nail ola və kimlərisə öz yalanlarına inandıra bilib.Uydurma “erməni soyqırımının” tanınması ilə bağlı dünya dövlətlərindən bəzilərinin əsassız erməni iddiasına, sərsəm erməni xülyasına siyasi dəstək verməsi belə nümunələrdən biridir. Deyilə bilər ki, Ermənistan kimi kiçik bir ölkənin xəstə təxəyyülündən doğan təşəbbüslərin böyük dövlətlər tərəfindən mərhəmətlə qarşılanıb müdafiə edilməsi təsadüfi ola bilməz. Haqlı yanaşmadır, baş verənlər, həqiqətən, təsadüflərdən çox-şox uzaqdır...
Qardaş Türkiyə müasir tarixində heç vaxt indiki qədər güclü, dövlət siyasətində isə indiki kimi qətiyyətli və müstəqil olmayıb. Dünya müsəlmanlarının ədalət çağırışını bu gün müdafiə etdiyi səviyyədə əvvəllər müdafiə etmək imkanına sahib olmayıb. Təkcə Yaxın Şərqdə deyil, artıq dünya çapında ciddi söz sahibinə çevrilən Türkiyənin bu cür təşəbbüsləri geosiyasi oyunçuları düşündürməyə bilmir, bəzən isə əsas beynəlxalq subyektlərin maraqları ilə uzlaşmır. Nəticədə, ikili standartlar dövriyyəyə buraxılır, din birliyi ilə fərqlənən Ermənistan kimi kiçik dövlətlər böyük güclərin siyasi oyunlarında alətə çevrilmək bahasına olsa da, ədalətsiz iddialarından bəzilərinə dəstək ala bilirlər. Bunu mümkün edən digər səbəb isə beynəlxalq hüquq normalarının icrasına vahid nəzarət mexanizminin olmamasıdır. Elə bu səbəbdən, Ermənistan BMT Təhlükəsizlik Şurasının məlum qətnamələrinin icrasından yayına bildi. Fərqli siyasi maraqlardan irəli gələn ikili standartların dünya idarəçiliyində yer alıb möhkəmlənməsinə haqlı etirazını bildirməkdən çəkinməyənlərin elə də uzun olmayan siyahısında Azərbaycan xüsusi yer tutur. Məhz Prezident İlham Əliyev BMT kimi ali beynəlxalq qurumun nüfuzlu tribunasından bu cür dünya idarəçiliyinə qətiyyətlə etiraz edib, xalqımızın haqlı tələbini bu cümlələrlə çatdırmışdı: “Biz Təhlükəsizlik Şurasının bəzi qətnamələrinin bir neçə gün ərzində icra edildiyinin şahidi olmuşuq. Azərbaycana gəldikdə isə həmin qətnamələr 27 il ərzində yerinə yetirilməmiş qaldı... Təhlükəsizlik Şurasının qətnamələrinin icra olunmaması BMT-nin nüfuzunu sarsıdır. Təhlükəsizlik Şurasının qətnamələrinin icrası mexanizmləri yaradılmalıdır”.
Ermənistanın 28 il ərzində danışıqları imitasiya etməsinə göz yumulduğuna, yaxud imkan verildiyinə görə, Azərbaycan öz haqqını Vətən müharibəsində təmin etmək məcburiyyətində qaldı. Allah bütün şəhidlərimizə rəhmət eləsin, qazilərimizə şəfa, uzun ömür versin. Ermənistan imperativ xarakterli qətnamələrin icrasına məcbur edilsəydi, bunun üçün beynəlxalq səviyyədə işlək nəzarət mexanizmi mövcud olsaydı, heç şübhəsiz, müharibəyə ehtiyac qalmazdı, insanlar həyatını və sağlamlığını itirməzdi. Az qala 30 il ərzində işğal siyasətinə göz yumulduğunu, sərsəm xülyalarının bəzi dövlətlər tərəfindən açıq şəkildə,bəziləri tərəfindən isə əl altdan dəstəkləndiyini görən və bundan həvəslənən Ermənistan Qaragöl hadisəsindən sonra, əvvəlcə KTMT-yə, daha sonra NATO-ya müraciət göndərməyə cəsarət etdi. Bu,təkcə Ermənistanın ənənəvi siyasi həyasızlığı ilə bağlı deyil. Ermənistan görəndə ki, qondarma “erməni soyqırımına” siyasi dəstək ala bildi, görəndə ki, Fransa Prezidenti erməni dilində onu müdafiə edən “post” paylaşır, sərhədlərinin keşiyində Rusiya əsgərinin dayandığına əmin olduğuna görə, heç şübhəsiz, daha çox həyasızlıq etməyə başladı. Bu səbəbdən onun uydurduğu yeni yalan və iftiralar təəccüb doğurmamalıdır. Çünki zaman-zaman yalanlarının ayaq tutma bilməsinin bəhrəsini görüb.Ona görə də Ermənistan yenidən nələrəsə,kimlərinsə növbəti köməyinə ümid edir...
Son günlər Qaragöl ətrafında baş verən hadisələrin mahiyyətinə varmadan, tarixi coğrafi xəritələrlə təsbit olunmuş həqiqəti nəzərə almadan, beynəlxalq hüquq pərdəsi altında bəzi dövlətlərin verdiyi siyasi bəyanatlar cavabsız qala bilməzdi. Bu cür cavablar üçün ən uyğun platformalardan biri də Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkil etdiyi ictimai müzakirələrdir. Prezident İlham Əliyevin təklifi ilə həmin tədbir sual-cavab formatında keçirildi. Sual ünvanlayanlar isə vaxtilə dövlət və hökumət başçısı olmuş nüfuzlu siyasət adamlarından, peşəkar diplomatlardan və dünya çapında tanınmış şəxslərdən ibarət idi. Bu cür tərkibdə aparılan dialoq imkan verir ki, hər kəs onu düşündürən sualın cavabını ala bilsin. İnanıram ki, cəmiyyətimizlə yanaşı, son vaxtlar regiona xüsusi maraq göstərən və Qafqaza heç bir aidiyyatı olmayan siyasi dairələr də belə imkandan obyektiv şəkildə yararlana biləcək. Prezident İlham Əliyev Qafqazda geosiyasi marağı olan nüfuzlu siyasi ünvanlarla yanaşı, iqtidarlı-müxalifətli Ermənistan ictimaiyyətinə də mühüm ismarıclar göndərdi. Əgər həmin ismarıclardan sonra da erməni cəmiyyəti özündə güc tapıb toparlana bilməsə və Prezidentimizin qeyd etdiyi kimi, azərbaycanofobiyadan xilas olmasa, qarşılıqlı etimaddan və gələcəkdə səmərəli əməkdaşlıqdan söhbət gedə bilməz.
Prezident İlham Əliyevin tədbirdə səsləndirdiyi ismarıclar, verdiyi açıqlamalar kifayət qədər çoxşaxəli olduğundan, tam olmasa da, zənnimcə, onları bu cür qruplaşdırsaq, yanılmarıq:
- Azərbaycan yerləşdiyi coğrafiyanın geosiyasi əhəmiyyətini və qlobal güclərin Qafqazda kəsişən fərqli maraqlarını obyektiv şəkildə dəyərləndirə bilir. Prezident İlham Əliyev bu kəsişmədə ölkəmizin oynaya biləcəyi rola fərdi baxışını, üstünlük verdiyi istiqamətləri açıq şəkildə belə ifadə etdi: "Biz tam anladıq ki,maraqlar ola bilər və onlar bir-biri ilə toqquşa bilər.Lakin bizim siyasətimiz ondan ibarətdir ki, Azərbaycan toqquşma məkanı deyil, əməkdaşlıq yeri olmalıdır. Bu,əslində, belə də baş verir”.
- Azərbaycan istər ikitərəfli, istərsə də çoxtərəfli dövlətlərarası münasibətlərdə etibarlı tərəfdaş olduğunu yürütdüyü siyasət və atdığı konkret addımlarla sübut edib. Dövlətimizin başçısı pandemiyaya qədər Rusiya ordusunun baş qərargah rəisi ilə NATO hərbi rəhbərliyi arasındakı canlı təmasların məhz Bakıda baş tutduğuna işarə edib belə bir məqamı da vurğuladı:
"Onlar hər hansı başqa bir məkan seçə bilərdilər. Lakin Bakının seçilməsi, ilk növbədə, Azərbaycanın müstəqil xarici siyasətinin həqiqətən də yaxşı göstəricisi, həmçinin ölkəmizə yüksək səviyyəli hörmətin və etimadın təzahürüdür. Biz bunları Azərbaycanın məkan kimi seçilməsində əsas amil hesab edirik”.
Zənnimcə, Prezidentin bu açıqlamasında açar sözlərdən biri bəzilərini narahat edən “müstəqil xarici siyasət” ifadəsi idi.
- Azərbaycan fərqindədir ki,30 il ərzində Ermənistan-Azərbaycan münaqişəsi ABŞ və Rusiyanın diqqət mərkəzində olub. Bu,həm də ATƏT-in Minsk qrupunun həmsədrləri olduqları üçün onların gündəliyində xüsusi yer alıb. Prezident İlham Əliyev bir daha diqqəti ona çəkdi ki, Minsk qrupu çərçivəsində aparılan danışıqlar nəticəsiz qalsa da və eyni missiyada təmsil olunan ölkələrin maraqları bir-birindən fərqlənsə də, Azərbaycanın görmək istədiyi odur ki,bu dövlətlər arasındakı münasibətlərin indiki səviyyəsinə baxmayaraq,ölkəmiz konstruktiv əməkdaşlıq məkanına çevrilir.Dövlətimizin başçısı yüksək diplomatik üslubda ona işarə etdi ki,danışıqların nəticəsiz qalması elə həmin səbəbdən təəccüb doğurmur və öz haqlı qənaətini bu cür əsaslandırdı: "Lakin,eyni zamanda,indi ABŞ-la Rusiya arasında əlaqələrin çox aşağı səviyyədə olduğu bir vaxtda xüsusilə aydın görünür ki,münaqişənin həlli məsələsi bəlkə də Rusiya və ABŞ-ın çox fəal və çox açıq şəkildə əməkdaşlıq etdiyi yeganə məsələ idi.Beləliklə,müəyyən mənada Azərbaycan öz münaqişəsi ilə ən azı bu iki supergücün səmimi şəkildə əməkdaşlıq edə biləcəyi bir sahəyə malik olmaqla mühüm rol oynayır”.
Bu açıqlamanın sətirarası mənası kifayət qədər dərindir və zənnimcə,əsas diqqət “iki supergüc” və “səmimi” ifadələrinə yönəlməlidir. Həqiqətən də, əgər iki böyük dövlətin hazırkı münasibəti “qatil”,yaxud “düşmən ölkə” kəlmələri ilə müşayiət olunursa,qlobal münaqişə təhlükəsinin reallaşma ehtimalı kifayət qədər yüksəkdirsə,qarşı-qarşıya dayanan iki gücün başqalarına aid olan daha kiçik münaqişələrin həllihə ədalətli və səmimi yanaşmaları,yaxud yanaşacaqları daha çox arzuolunandır.Prezident İlham Əliyev mürəkkəb geosiyasi vəziyyətin bu incəliklərini nəzərə alıb,maraqlı tərəflərə ciddi bir mesaj verdi: "Hər iki ölkənin Azərbaycanla bağlı siyasəti,eləcə də bizim bu ölkələrlə bağlı siyasətimiz hər zaman sabit və proqnozlaşdırılan olub.Hər iki ölkə ilə bizim strateji əhəmiyyən kəsb edən münasibətlərimiz var.Sözsüz ki,gündəlik fərqlidir,lakin çox açıq,çox aydındır və gözlənilməz heç bir hal baş vermir”.
Dövlətimizin başçısı faktiki olaraq ona işarə etdi ki,nələrin baş verdiyi və onların pərdəarxası səbəbləri ölkəmiz üçün sirr deyil.Zənnimcə,Prezident İlham Əliyevin daha sonra bununla bağlı verdiyi mühüm ismarıclardan biri də elə bu idi: "Çünki biz hər zaman nəzərdə tutduğumuzu deyirik və hər zaman dediyimiz sözün arxasında dayanırıq”. Dövlətlərarası münasibətlərdə etibarlı və səmimi tərəfdaş olduğumuza diqqəti yönəltməklə Prezident ona işarə edirdi ki,qarşı tərəflərdən də eyni münasibəti gözləməkdə haqlı və qərarlıyıq.
- Dövlətimizin başçısı dünya birliyinə bir daha catdırdı ki,münaqişə ocaqlarının yaranma səbəblərindən biri beynəlxalq nüququn tətbiqinə seçmə üsulu ilə yanaşılmasıdır.Münaqişələrin uzun illər ərzində davam edə bilməsinin və vaxtında çözülməməsinin əsas səbəblərindən biri də məhz bu və ikili standartlardan imtina olunmamasıdır.Prezident İlham Əliyev BMT tribunasından bəyan etdiyi mövqeyinin dəyişmədiyini növbəti dəfə ifadə etdi: "Biz Təhlükəsizlik Şurasının qətnamələrinin icrasına münasibətdə bu selektiv yanaşmanın qurbanı olmuşuq”. Dövlətimizin başçısı onu da diqqətə çatdırdı ki,ikili standartlardan doğan ədalətsizlik təkcə regional münaqişələrə münasibətdə deyil,hətta qlobal təhlükələrə yanaşmalarda da sezilir: "Biz ehtiyac olduğundan bir neçə dəfə çox peyvənd sifariş etmiş və faktiki olaraq inkişaf etməkdə olan ölkələri peyvənd vurmaq,öz sağlamlığını və həyatını qorumaq hüququndan məhrum etmiş bəzi ölkələrin hərəkətlərinə qarşı ciddi etirazımızı bildirmişdik”. Prezident haqlı etirazını təkrarlamaqla ona işarə edirdi ki,vəziyyətdə əsaslı dönüş hələ də baş verməyib və bu haqsızlığın aradan qaldırılması ilə bağlı qənaəti aktual olaraq qalır.
- Dövlətimizin başçısı tərəfindən xüsusi olaraq qabardılan məsələlərdən biri də ölkəmizin Qafqazda yürütdüyü siyasətin,əslində ,dünya dövlətlərinin maraqlarına daha çox cavab verməsi ilə bağlı oldu.Cənub Qaz Dəhlizi,Trans-Adriatik boru xətti,Bakı-Tbilisi-Qars dəmir yolu və digər iqtisadi layihələr Avropa ölkələrinin enerji təhlükəsizliyində mühüm rol oynadığı kimi,”Bir kəmər,bir yol” təşəbbüsü də Asiyanın Avropaya daha çox bağlanması əhəmiyyətinə malikdir.Bütün bu layihələrin mərkəzində yer alan ölkə isə məhz Azərbaycandır. Prezident İlham Əliyev beynəlxalq subyektlərin marağına cavab verən bu cür iqtisadi əməkdaşlığın nəticədə sülhə və sabitliyə xidmət etdiyini də diqqətə çatdırdı: "Çünki ölkələr bir-birindən asılı olur,ölkələr bir gəmidə olduğu üçün bir komandanın üzvü olur və əlbəttə ki,qarşılıqlı dəstəyin səviyyəsi artacaq”.
- Dövlətimizin başçısı Ermənistanın başladığı münaqişəni 2020-ci il 10 noyabr tarixli üçtərəfli Birgə Bəyanat imzalandıqdan sonra bitmiş hesab etdiyini ictimai şəkildə bir daha təkrar etdi.Az qala açıq qarşıdurma astanasında olan iki supergücün və “kiçik baçısı” Ermənistanı xüsusi şövqlə sevən Fransanın yer aldığı Minsk qrupunun fəallaşması fonunda Prezident İlham Əliyevin verdiyi bu ismarıcın da əhəmiyyəti şəksizdir: "Yeri gəlmişkən,mən başa düşdüyüm və hiss etdiyim qədərilə indi ATƏT bir növ yeni fəaliyyət formatı axtarışındadır.Çünki bir qədər əvvəl dediyim kimi,münaqişə həll olunub.Ona görə də Minsk qrupu üçün yeni gündəlik olmalıdır və əlbəttə ki,üç ölkə,ilk növbədə,öz aralarında razılığa gəlməlidir... Bu səbəbdən də bu gün başa düşdüyüm qədərilə Minsk qrupu müəyyən mənada yeni kimlik olmasa da,ən azı yeni fəaliyyət sahəsi axtarışındadır”. Heç şübhəsiz, Prezidentin bu bəyanatı ciddi məna yükünə sahibdir və maraqlı tərəflərə verilən ismarıc ondan ibarətdir ki,beynəlxalq hüququn aliliyini təkbaşına təmin etmiş ölkəmizin birmənalı mövqeyinə hörmət və anlayışla yanaşılmalıdır.
- İşğal dövründə Ermənistanın Qarabağda törətdiyi vandallıq aktları,onların səbəb olduğu dağıntıların ağlagəlməz miqyası bir daha tədbir iştirakçılarının diqqətinə çatdırıldı.Zənnimcə,Prezident İlham Əliyevin beynəlxalq auditoriyaya vermək istədiyi növbəti ismarıc Ermənistanın dövlət siyasətinin təcavüzkar mahiyyəti ilə bağlı idi :"Onlar təkcə Azərbaycana deyil,həm də Türkiyəyə ərazi iddialarına son qoymalıdırlar. Düşünürəm ki,Nizami Mərkəzinin çox üzvü bilmir ki,Ermənistan konstitusiyasında onların Türkiyəyə ərazi iddiaları var.Mən dəfələrlə bu barədə danışmışam. Bu,gülüncdür.Ərazisi kiçik,əhalisi az olan ölkənin böyük ölkəyə və NATO-da ABŞ-dan sonra ikinci orduya sahib olan Türkiyəyə qarşı ərazi iddiaları var.Bu,gülüncdür”. Yalnız xəstə təxəyyülə dəlalət edən bu cür gülünc faktların mövcud olduğu Ermənistanın yeni yalanlarına kimlərinsə inanması, təkcə təəssüf hissi doğurmur.Belə hallar ya onun göstəricisidir ki,dünya Covid-19 pandemiyasından başqa bir virusa da yoluxmaq üzrədir,ya da dünya gücləri siyasi maraqları səbəbindən “icad etdikləri” fobiyaların əsirinə çevriliblər.Əslində isə,nəticədə beynəlxalq hüquq bu cür yanaşmanın girovluğuna düşüb və günü-gündən daha çox əzilməkdədir.Elə buna görə də, kiçik dövlətlər beynəlxalq-hüquq müstəvisində öz haqlarını qoruya bilmir və başqa yolları seçmək məcburiyyətində qalır...
- Prezident İlham Əliyevin dünya birliyinə verdiyi ismarıclardan biri də istər son 30- ildə,istərsə də post-müharibə dövründə Ermənistan cəmiyyətinin yuvarlandığı komplekslər sindiromu ilə bağlı idi.Yalnız bu sindromdan əziyyət çəkən cəmiyyətlər etdiklərinin beynəlxalıq hüquqa zidd olduğunun ,onları yeni faciələrə sürüklədiyinin fərqində olmaya bilər.Dövlətimizin başçısı tədbir iştirakçılarının diqqətinə bu reallığı da çatdırdı: ”Müharibə dayanandan sonra bizdə 100-dən çox adam minaya düşərək həlak olub və ya ağır yaralanıb. Ermənistan bizə minaların xəritəsini verməkdən imtina edir.Biz dəqiq bilirik ki,onlarda bəlkə də azı bir milyon minanın basdırıldığını göstərən xəritə var”. Növbəti müharibə cinayətini törətməkdə davam edən Ermənistanın indiyədək olunmuş güzəştlərdən nəticə çıxarmaması da,əslində,təəccüb doğurmamalıdır. Magistral yolun 21 kilometrindən istifadə etmələrinə imkan verilməsinə,qış aylarında humanitar məqsədlər səbəbindən Ermənistana Azərbaycan ərazisindən təbii qazın nəqlinə şəraitin yaradılmasına, nəhayət,14 erməni hərbçisinin geri qaytarılmasına baxmayaraq,nə Ermənistanın siyasi-hərbi rəhbərliyi,nə də sivil toplumu ölkəmizin xoş niyyətli bu jestlərini dəyərləndirə bilmir.Prezident İlham Əliyev bunu da beynəlxalq auditoriyanın diqqətinə çatdırdı: "Onlar hər kəsə təşəkkür etdi.Rusiyalı sülhməramlılara təşəkkür etdi.ABŞ administrasiyasına təşəkkür etdi.Amma bizə,həmin şəxsləri azad edənlərə təşəkkür etmədilər. Bu,onu göstərir ki,onlar normal davranışa hazır deyillər”. Zənnimcə,Ermənistanın siyasi kimliyi və bu kimlik arxasında gizlənən əsl mahiyyəti ilə bağlı dolğun ictimai təsəvvürün yaranması üçün Prezidentin bildirdiyi fikirlər yetərli olmalıdır.Obyektiv yanaşılarsa,sağlam düşüncə buna biganə qala bilməz və əslində,qalmamalıdır. Qardaş Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğanın səsləndirdiyi “Sayğısızla dost olma!” şerindəki bu misralar tam yerinə düşür və inanmaq istərdim ki, ünvan sahiblərinə yetişəcək: "Acgözlü ilə dost olma! İkram bilməz,kural bilməz,doymaq bilməz,üzülürsün!”
- Prezident İlham Əliyevin növbəti ismarıcı seçkiöncəsi Ermənistan cəmiyyətində xüsusi dartışılan Zəngəzur dəhlizi ilə bağlı oldu: "Biz nəqliyyat məsələlərində, xüsusilə Azərbaycanı Naxçıvan Muxtar Respublikası ilə birləşdirəcək Zəngəzur dəhlizinin açılması məsələləri ilə bağlı əməkdaşlıq təklif etmişik.Eyni zamanda, Ermənistanın iki yaxın dostu ilə-Rusiya və İranla dəmir yolu əlaqəsi olacaq.Bu dəmir yolu əlaqəsi mövcud deyil.Beləliklə,biz bunu təklif etdik və sizə deyə bilərəm ki,proses gedir.Proses başlayıb,bu,asan deyil,lakin başlayıb”. Şübhəsiz ki,Prezidentin bu ismarıcı Zəngəzur dəhlizi məsələsində onun birmənalı mövqeyini nümayiş etdirir,eyni zamanda,kimin kimlərlə dostluq etməsinin xüsusi vurğulanması incə mətləblərdən xəbər verir.İnanmaq istərdik ki,Ermənistana dəstək verən fərqli maraq sahibləri bu reallığa yaxın gələcəkdə daha həssas yanaşa biləcəklər.
- Prezident İlham Əliyev Qaragöl ətrafında baş verənlərlə bağlı Ermənistan rəhbərliyinin qaldırdığı hay-küyə də münasibət bildirdi: "Ermənistanın baş naziri Rusiya Prezidentinə,Fransa Prezidentinə,digər dövlət başçılarına zəng vurur.Ermənistan sərhəddəki bu kiçik epizodu beynəlmiləlləşdirməyə çalışaraq rəsmi olaraq Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının münaqişəyə cəlb olunması üçün məktub göndərir.Eyni zamanda,onlar NATO-ya məktub göndərir və o məktub dərc olunmuşdu.Bu,tamamilə əks-təsir yaradır və onların hər kəsə iddialarının olduğunu göstərir.Onlar hesab edirlər ki,bütün dünya onlara necə kömək etmək barədə düşünməlidir.Lakin əgər onlar özlərini müstəqil dövlət hesab edirlərsə,öz qayğılarına özləri qalmalıdır”. Dövlətimizin başçısı bir daha ona işarə etdi ki,Ermənistan qərarlarında sərbəst deyil və bəlkə də yanlış davranışlarına bu amilin təsir gücünə daha çox diqqət yetirilməlidir.
- Ciddi nüfuz sahiblərinin çoxsaylı suallarını cavablandıran Prezident İlham Əliyev bir daha nümayiş etdirdi ki,Azərbaycan Qafqazda dinc birgəyaşayış seçiminə sadiqdir və bu məqsədlə sülh sazişini imzalamağa da hazırdır: "Sülh sazişi,əlbəttə ki,hər iki ölkənin ərazi bütövlüyünün tanınmasını nəzərdə tutur və biz bunu etməyə hazırıq.Biz açıq şəkildə Ermənistanın ərazi bütövlüyünü tanımağa hazırıq və sözsüz ki,Ermənistan da öz növbəsində Azərbaycanın beynəlxalq sərhədləri çərçivəsində ərazi bütövlüyünü tanımalıdır”.
- Prezident İlham Əliyevin səsləndirdiyi bəyanatlar,verdiyi mesajlar təkcə beynəlxalq auditoriya tətəfindən deyil,öz cəmiyyətimiz tərəfindən də xüsusi həssaslıqla izlənilir.Xalqımız öz Prezidentindən eşitmək istədiyini növbəti dəfə eşidə bildi.Dövlətimizin başçısı tərəfindən verilən bu ismarıc Ermənistan hakimiyyətini də ciddi düşündürməli və onu qəflət yuxusundan ayıltmalıdır: "Dağlıq Qarabağ işğal dövründə və indi də Azərbaycanın bir hissəsidir və bu,həmişə belə olacaq.Buna görə də onlar Dağlıq Qarabağın statusu haqqında bütün səylərdən vaz keçməlidirlər.Bu,müzakirə predmeti olan məsələ deyil”. Bu ismarıc həm də Ermənistanı bacı kimi sevənlərə,onlarla eyni mövqedə olanlara,xüsusən, Ermənistan cəmiyyətini indiki psixoz vəziyyətinə sala bilmiş erməni diasporasına ünvanlanmışdı.
Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin yüksək səviyyədə təşkil etdiyi bu müzakirələr,mübaliğəsiz, ciddi əhəmiyyət kəsb edir.Düşünürəm ki,onun əks-sədasını zaman-zaman eşidə biləcəyik.Prezident İlham Əliyevin bu beynəlxalq platforma çərçivəsində verdiyi bütün bəyanat və açıqlamaları bir yazıda tam əhatə etmək,onların əhəmiyyətini layiq olduğu səviyyədə dəyərləndirmək çox çətindir.Çünki Prezidentin ismarıcları sətiraltı mənalarla da zəngindir,mesajları çoxşaxəli və çoxünvanlıdır.Ən başlıcası, bu ismarıcların sətiraltı yükünün təhlili daha çox bilgi və sözsüz,daha böyük zaman tələb edir.Xüsusi hörmətlə qarşılanmalı və təqdir edilməli olan budur ki,44 günlük Vətən müharibəsində dəmir yumruq öz yerində olduğu kimi,müharibədən sonrakı yüksək siyasi təmaslarda qətiyyətli və ədalətli mövqe yenə həmin yumruğun sahibinə aiddir.
Şahidi olduğumuz həqiqətlərdən biri həm də ondan ibarətdir ki,müasir zamanda tarixi ədalətin təntənəsinə nail olunması və daha sonra onun qorunması asan başa gəlmir.Bu mənada Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkil etdiyi müzakirələrin nüfuzlu iştirakçılarından biri-cənab Deyvid Merkelin böyük siyasət adamı Zbiqnev Bzejinskidən gətirdiyi sitat təsadüfi deyildi: "Zbiqnev Bzejinski Azərbaycanı böyük şahmat lövhəsində mühüm strateji mərkəz adlandırmışdı və müstəqil Azərbaycanın Xəzər dənizinin enerji resurslarını Qərbə gətirəcəyini demişdi”.
Görünən odur ki,Prezident İlham Əliyevin rəhbərliyi dövründə ölkəmizin həmin yeri inamlı şəkildə tuta bilməsi şahmat lövhəsindəki ciddi fiqurlardan hansınısa narahat,hansını isə düşünməyə,yeni konfiqurasiyalar qurmağa və seçim etməyə məcbur edir.30 il boyunca hər birimiz qələbəni mütləq əldə edəcəyimizə son nəfərimizədək inandığımız kimi,indi də şübhə etmirəm ki,şahmat lövhəsində mat vəziyyətinə düşən Ermənistan və onun himayədarları olacaq.