Prezident İlham Əliyev Kəlbəcəri artıq Azərbaycan və Qafqaz timsalında yox, dünya miqyasında unikal inkişaf məkanına çevirir
Düz 27 il Kəlbəcərə qayıdacağıq dedik, buna ürəkdən inandıq və nəhayət, doğma yurdumuza döndük...
27 sentyabr 2020-ci ildə başlanan Vətən müharibəsinin misilsiz nəticələrindən biri kimi, Kəlbəcərin bir güllə belə atılmadan, bir itki belə verilmədən azadlığına qovuşdurulmasından sonra Müzəffər Ali Baş Komandan İlham Əliyev bu rayona qalibiyyət səfəri etdi və elə orada da bəyan etdi ki, Kəlbəcəri cənnətə çevirəcəyik...
Kəlbəcər elinin sevincinə, qəlblərində tezliklə dədə-baba yurdlarına dönəcəklərinə dair yaranan böyük inama səbəb olan bu sözlərin üzərindən ötən çox qısa zaman ərzində cənab Prezident bu ümidimizi də doğrultdu: Kəlbəcər artıq cənnətə çevrilir...
Necə ki Müzəffər Ali Baş Komandan İlham Əliyevin Zəfəri dünya miqyasında analoqu olmayan Zəfərdir, eləcə də bu Zəfərin nailiyyətləri, nəticəsi, bəhrələri də dünyada bənzəri olmayandır. Bu gün Qarabağı, Şərqi Zəngəzuru başdan yaradan qurucu lider İlham Əliyev Kəlbəcəri də artıq Azərbaycan və Qafqaz timsalında yox, dünya miqyasında unikal inkişaf məkanına çevirir.
Şanlı Zəfər Kəlbəcərə parlaq gələcək üçün yollar açıb
Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev və Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın hələ ötən ilin avqustunda Kəlbəcər və Laçın rayonlarına səfərləri zamanı bir çox açılışlar oldu, əhəmiyyətli layihələrin təməli qoyuldu. Toğanalı-Kəlbəcər avtomobil yolu üzərində Murov dağında inşa olunacaq 11,6 kilometrlik, Kəlbəcər-Laçın avtomobil yolu üzərində tikiləcək 3,4 kilometr uzunluğundakı müstəsna əhəmiyyətli tunellərin təməlini qoyan İlham Əliyev 110/35/10 kV-luq "Kəlbəcər" yarımstansiyasını işə saldı, uzunluğu 51 kilometr olan İstisu-Minkənd yolunun çəkilməsi işlərinin gedişi ilə maraqlandı.
Bütün bu sadalanan genişmiqyaslı işlər isə Zəfərdən ötən cəmi 8-9 ay ərzində həyata keçirilib.
Prezident İlham Əliyev ötənilki səfərinin üzərindən cəmi 10 ay keçdikdən sonra 26 İyun - Silahlı Qüvvələr Günündə yenidən yolunu Kəlbəcərdən saldı. Rəşadətli Azərbaycan Ordusunun bayram günündə etdiyi bu tarixi səfəri ilə bir daha dost-düşmənə mühüm ismarıc ünvanlayan Prezident İlham Əliyevin qalib, Müzəffər Ali Baş Komandan geyimində qərbdəki sərhəd qapımızı ziyarət etməsinin özünün müstəsna əhəmiyyəti, eləcə də xüsusi simvolik mənası var idi.
Axı Ali Baş Komandan libası əslində Zəfərin, həm də elə ümumilikdə qəhrəman Azərbaycan xalqının qalibiyyət geyimi kimi rəmzi xarakter daşıyır. Müzəffər Ali Baş Komandan bu geyimdə bir daha Azərbaycanın məğlubedilməz gücünü Kəlbəcərdə nümayiş etdirərək açıq mesaj verdi ki, hər zaman və daim Azərbaycanın "dəmir yumruğ"u yerindədir və işğalçının başını əzməyə hazırdır.
Azərbaycan Silahlı Qüvvələrinin Müzəffər Ali Baş Komandanı Kəlbəcərdə yeni yaradılmış Komando hərbi hissəsinə döyüş bayrağının verilməsinə həsr olunmuş təntənəli mərasimdəki çıxışında da vurğuladı ki, əgər Ermənistan sərhədlərin müəyyən edilməsi işində yenə də öz köhnə taktikasına qapılsa, vaxt uzatmağa çalışsa, nəticədə özü peşman olacaq. "1993-cü ilin aprelində itirdiyimiz Kəlbəcərdə bu gün Ordu gününü qürurla qeyd edirik" deyən möhtərəm Prezident onu da bildirdi ki, işğal dövründə müxtəlif variantlar müzakirə olunurdu, vasitəçilər tərəfindən bizə müxtəlif variantlar təklif edilirdi: "Bütün bu variantlarda Kəlbəcərin Azərbaycana qaytarılması məsələsi ayrıca mövzu kimi gündəlikdə idi. Mən hər zaman deyirdim ki, biz bütün torpaqları geri almalıyıq. Beş rayonla biz kifayətlənə bilmərik. Kəlbəcər, Laçın, Şuşa, digər rayonlar da bizdə olmalıdır, bu, bizim tarixi torpağımızdır, dədə-babalarımızın diyarıdır və buna nail olduq. Kəlbəcərdə bu hərbi bayramı keçirmək əlavə zövq verir, bizim qəlbimizi daha da böyük qürurla doldurur".
Silahlı Qüvvələr Günümüzün Müzəffər Ali Baş Komandanın iştirakı ilə təntənəli şəkildə azad Kəlbəcərdə qeyd edilməsi Azərbaycan xalqı üçün qürur, fəxarət, eyni zamanda "Qarabağ Azərbaycandır!" həqiqətinin dünyaya bir daha möhtəşəm bəyanı oldu.
Kəlbəcər - dağların qoynunda möhtəşəm inci
Bəli, haqq-ədalət bərpa olunub və Azərbaycanın ən gözəl rayonlarından biri, Kiçik Qafqazın xəzinələr diyarı, cənnəti olan Kəlbəcər azadlığına qovuşub. İndi bu füsunkar bölgənin inkişafı ilə bağlı strateji planlar sürətlə reallığa çevrilir, Böyük qayıdış üçün mükəmməl layihələr gerçəkləşdirilir.
Artıq Kəlbəcər şəhərinin müfəssəl Baş planı da hazırlanıb və 26 iyunda dövlət başçımıza təqdim edilib. Kəlbəcərin özünəməxsus simasının formalaşdırılması üçün ərazinin coğrafi yerləşməsinə, quruluşuna uyğun olaraq müxtəlif memarlıq ənənələrinin də araşdırıldığı Baş planın konseptual əsasını sağlamlıq və dağ turizmi imkanlarının inkişafı, təbiətlə vəhdətdə yaşıl şəhər mühitinin yaradılması təşkil edir. Şəhərin mərkəzi hissəsində çoxmənzilli binalar, ətraflara doğru isə həyətyanı sahəsi olan fərdi evlər inşa olunacaq. Növbəti 20 il ərzində Kəlbəcər şəhərinin ərazisinin 237 hektara, əhalisinin sayının isə 17 min nəfərə çatacağı proqnozlaşdırılır. Artıq hərbi hissələr, ictimai yerlər fəaliyyət göstərən şəhərdə, bu ilin sonuna qədər müfəssəl layihələndirmə gedəcək və ondan sonra yaşayış binaları, məktəb, xəstəxana inşa ediləcək.
Ümumiyyətlə, Kəlbəcərin 77,3 min nəfər (keçmiş Ağdərə rayonunun ləğvi ilə əlaqədar Kəlbəcər rayonunun inzibati ərazisinə daxil edilmiş yaşayış məntəqələri üzrə əlavə 18 min nəfər də nəzərə alınmalıdır, ümumilikdə rayon əhalisi təxminən 95300 nəfər təşkil edir) əhalisinin 1 şəhər, 1 qəsəbə və 56 kənddə yerləşdiriləcəyi planlaşdırılır. Yəni əvvəlki 124 kənd yeni 56 kənd miqyasında birləşdiriləcək və ilk növbədə 13 yaşayış məntəqəsi bərpa olunacaq.
Kəlbəcər şəhəri Gəncə şəhəri və Laçın arasında yerləşən regional məkan kimi nəzərdə tutulub və gələcəkdə şəhər növbəti urbanizasiya mərkəzinə çevriləcəkdir. Kəlbəcər şəhərinə nəqliyyat xətlərinin, dəmir yolunun çəkilməsi, həmçinin "yaşıl enerji" və "ağıllı şəhər" konsepsiyalarından istifadə olunması planlaşdırılır.
Müzəffər Ali Baş Komandan 27 illik işğal zamanı mənfur düşmənin törətdiyi vandallıqları, eyni zamanda torpaqlarımızı azadlığına qovuşduran qəhrəman ordumuzun şücaətini özündə əks etdirən Kəlbəcər Zəfər və İşğal muzeylərinin də təməllərini qoydu. Hər iki muzey şəhərin mərkəzində salınacaq parkda tikiləcək.
Kəlbəcər Azərbaycanın ziyalılar, alimlər, saz-söz, aşıqlar diyarı kimi də məşhurdur. Elə buna görə də cənab Prezidentin göstərişinə əsasən, burada aşıq mərkəzinin inşa edilməsi də nəzərdə tutulub.
“İstisu”yun əvvəlki şöhrəti geri qaytarılır
Hələ ötənilki səfəri zamanı "İstisu"ya öz əvvəlki şöhrətini qaytarmaq qarşıda duran vəzifələrdən biridir" söyləyən cənab Prezidentin bu istəyi də artıq reallığa çevrilir.
Silahlı Qüvvələr Günündə Kəlbəcərə səfər edərək "İstisu" sanatoriyasının təməlini öz əlləri ilə qoyan dövlət başçımız söylədi ki, "İstisu" sanatoriyası və "İstisu" mineral və müalicəvi suyu bu bölgənin rəmzi, Kəlbəcərin təbii sərvəti idi: "Bu gün biz - bu torpaqların sahibləri vaxtilə əlimizdən alınmış bütün sərvətləri özümüzə qaytarmışıq".
Qeyd edim ki, öz kimyəvi tərkibi və fiziki xüsusiyyətlərinə görə, "İstisu" dünyada məşhur olan Karlovı Varı bulaqlarının (Çexiya) eynidir, lakin bir çox digər xüsusiyyətlərinə görə dünyada yeganədir.
34 hektar ərazidə salınması nəzərdə tutulan "İstisu" İstirahət-Müalicə Kompleksi gündəlik 300 nəfəri qəbul etmək imkanına malik olacaq. Kompleksdə sağlamlıq-bərpa mərkəzi ilə yanaşı, 10 kottecin tikilməsi də planlaşdırılır. İşğal dövründə yararsız hala salınan sanatoriya yeni simada tam bərpa olunacaq və əvvəlki şöhrəti özünə qaytarılacaq.
Dövlət başçısı birincilər sırasında inşa olunacaq "İstisu" mineral su zavodunun da təməlini qoydu. İstifadəyə veriləcək zavodda həm şüşə, həm də plastik butulka istehsalı xətlərinin qurulması planlaşdırılır. Müəssisədə gündə 327 min, ildə isə 95 milyon butulka mineral su istehsal olunacaq. Kimyəvi tərkibi və fiziki xüsusiyyətlərinə görə seçilən "İstisu" bulaqları əsl şəfa mənbəyidir. Hesab edirəm ki, "İstisu" mineral su zavodlarının sayı artacaq, həmçinin Kəlbəcərin buz bulaqlarının qablaşdırılması işinə də başlanılacaq.
Çətin relyefinə rəğmən Kəlbəcərdə bütün infrastruktur layihələri uğurla icra edilir
Kəlbəcər olduqca çətin relyefli ərazidə yerləşir. Kəlbəcərdə doğulan, illərlə burada yaşayan və məcburi köçkün düşmüş biri kimi hər zaman deyirəm ki, hətta bu rayonda 70 il ərzində sovet dövründə görülməyən mühüm işləri belə çox qısa müddətdə Azərbaycan Prezidenti sürətlə gerçəkləşdirir. Məsələn, ərazinin çətin relyefi və təhlükəsizlik məsələləri nəzərə alınaraq Murovdağ silsiləsinin altından 12 kilometrə yaxın tunel tikintisinin həyata keçirilməsinin özü möhtəşəm və möcüzəvi işdir. Belə tunelin çəkilməsi hələ sovet dövründən kəlbəcərlilərin böyük arzusu idi, təəssüf ki, ona çatmadıq. Amma bu möcüzəyə bənzər möhtəşəm layihəni indi İlham Əliyev çox sürətlə reallaşdırır və tezliklə əhalimiz yay, qış demədən rayona bu yollarla rahat şəkildə gəlib-gedə biləcək...
Təbii ki, Kəlbəcərin inkişafı, həmçinin hərbi-strateji baxımdan Tərtər-Ağdərə-Kəlbəcər yolu da açılmalıdır. Eyni zamanda bu məqsədlə rayon ərazisində hava limanının tikintisi də zəruri olacaqdır.
Vurğulayım ki, cənab Prezident hələ ötən ilin iyun ayından Kəlbəcərdəki quruculuq və bərpa işləri ilə bağlı mühüm qərar vermişdi. Belə ki, Prezidentin sərəncamı ilə Kəlbəcər rayonu ərazisində dövlət sərhədinin mühafizəsi və müdafiəsinin təşkilinin etibarlı və dayanıqlı elektrik enerjisi ilə təchizatı məqsədilə ötən il dövlət büdcəsində işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası üçün nəzərdə tutulan vəsaitdən "Azərişıq" Açıq Səhmdar Cəmiyyətinə 24,5 milyon manat ayrılmışdı.
Prezident İlham Əliyev Kəlbəcər rayonuna budəfəki səfəri zamanı Göygöl rayonunda Toğanalı-Kəlbəcər avtomobil yolunun 13-cü kilometrliyində inşa edilən iki tunelin tikintisi ilə tanış oldu. Göygöl və Kəlbəcər rayonlarını birləşdirən avtomobil yolu 2-4 hərəkət zolaqlı olmaqla I, II və III texniki dərəcəyə uyğun inşa edilir. Yolun keçdiyi ərazinin sərt dağlıq və qayalıq olması nəzərə alınaraq, onun əsas hissəsinin ikizolaqlı, yoxuşlarda isə əlavə zolaq artırılmaqla tikintisi aparılır. Bu yol tunel və körpü hissələrdə dörd hərəkət zolaqlı olacaq. Hazırda yolboyu torpaq yatağının, həmçinin zəruri yerlərdə suötürücülərin tikintisi davam edir. İki hissədə mövcud kanalların köçürülməsi, həmçinin bəzi ərazilərdə suötürücülərin inşası tamamlanıb, yeni su kanalının tikintisi davam etdirilir.
Layihənin 13,5-ci kilometrindən Murovdağ silsiləsi başlayır. Yüksəklik 1700 metrdən Murovdağ zirvəsinədək 3250 metrədək artır. Bu hissədə dünyanın ən uzun avtomobil tunellərindən biri olacaq Murovdağ tunelinin inşası davam etdirilir. Artıq tuneldə gediş və gəliş istiqaməti üzrə 2,1 kilometr uzunluğunda qazma işləri tamamlanıb.
Kəlbəcər rayonunda yeni tikilmiş "Kəlbəcər-1" Kiçik Su-Elektrik Stansiyasının açılışında da iştirak edən Prezident Kəlbəcər Rəqəmsal İdarəetmə Mərkəzinin təməlini qoydu, tikilməkdə olan "Çıraq-1" Kiçik Su-Elektrik stansiyasında oldu və həmçinin hazırda Kəlbəcərdə 5 yerdə inşa edilən elektrik stansiyaları barədə məlumat aldı.
Torpaqlarımız işğaldan azad ediləndən sonra Şərqi Zəngəzuru və Qarabağı böyük quruculuq meydanına çevirən Prezident İlham Əliyev bu ərazilərdə görülən bütün işləri şəxsi nəzarəti altında saxlayır. Mütəmadi olaraq, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva ilə birlikdə həmin bölgələrə səfər edən dövlət başçımız yeni layihələrin təməlini qoyur, gerçəkləşdirilən işlərin gedişatı ilə yerindəcə tanış olur.
Silahlı Qüvvələr Günümüzü böyük qürur və fəxarət hissi ilə Kəlbəcərdə keçirən Müzəffər Ali Baş Komandan İlham Əliyev, həm də öz dəyişməz ənənəsinə sadiq qalaraq ötən bir il ərzində rayonda həyata keçirilən işlərlə yaxından tanış oldu. Cənab Prezident "İstisu" sanatoriyasının təməlqoyma mərasimindəki çıxışı zamanı söylədi ki, görürdüm, baxırdım, mənim göstərişlərim necə yerinə yetirilir, ümumiyyətlə, Kəlbəcər və Laçın rayonlarının inkişafı ilə bağlı hansı əlavə addımlar atılmalıdır. Dövlət başçısı onu da vurğuladı ki, bu iki rayonun təbii şəraitinin çətinliyinə rəğmən bütün infrastruktur layihələri uğurla icra edilir.
Artıq Kəlbəcərdə aqrar sektorun da ilkin nümunələri uğurla realizə olunur. Ötən ildən etibarən heyvandarlıq və arıçılıq təsərrüfatları Kəlbəcər yaylaqlarına çıxarılır. Bu yaylaqlar son dərəcə zəngin bitki örtüyünə, yem ehtiyatına malik olduğu üçün vaxtilə 30-dan çox rayonda fəaliyyət göstərən təsərrüfatların əsas köç yeri olub.
Ötən il pilot layihə çərçivəsində ilk dəfə Kəlbəcər yaylaqlarına 10 min başa yaxın xırda və iribuynuzlu heyvanın köçürülməsi təmin edilib. Bu il isə yaylaqlara 250 mindən çox heyvan, 45 min arı ailəsi aparılıb.
Bu füsunkar diyarı göz bəbəyimiz kimi qorumalıyıq
Kəlbəcər rayonu həm də Azərbaycanın ən füsunkar təbiətə malik diyarlarından biri, əsl cənnətməkandır. Rayon ərazisi 30 mindən çox bulağı, 4 mindən artıq müxtəlif növ bitkisi, sahəsi 30 min hektardan çox meşələri, 4 min metrə qədər yüksəkliyi olan zirvələri, ucsuz-bucaqsız çəmənlikləri ilə mübaliğəsiz təkrarolunmaz təbiət incisidir. Bütün bu sadalanan zənginliklər Kəlbəcəri turizmin ən cazibədar ünvanına çevirməyə imkan verir. Əminəm ki, Kəlbəcər unikal və fasiləsiz turizm imkanları baxımından da ölkədə əsas investisiya mərkəzlərindən biri olacaq. Xüsusilə sağlamlıqla yanaşı, turizmin bütün növləri üçün əvəzolunmaz mühitə malik olan Kəlbəcər hündür dağlıq əraziləri və digər heyrətamiz təbii zənginliyi ilə təbiət qoynunda dincəlməyi sevən turistlər üçün böyük potensiala malikdir. "Burada olan təbii gözəllik heç bir yerdə yoxdur" söyləyən cənab Prezident də əmin olduğunu bildirdi ki, bu zəngin bölgə həm də ən böyük turizm zonası olacaq.
Vaxtilə Ulu Öndər Heydər Əliyev çıxışlarının birində demişdi ki, Kəlbəcər həm təbii sərvətlərlə zənginliyinə görə, həm iqliminin gözəlliyinə görə, həm də orada yaşayan insanların fədakarlığına görə respublikada həmişə çox hörmətə, ehtirama layiq olubdur: "Kəlbəcər Azərbaycanın ayrılmaz bir parçasıdır, hissəsidir. Heç şübhəsiz, o gün gələcək ki, Kəlbəcər rayonu Ermənistanın silahlı qüvvələrinin işğalından azad olacaq və Kəlbəcərin vətəndaşları, sakinləri, bizim soydaşlarımız öz yerlərinə, yurdlarına qayıdacaqlar".
İndi biz Ulu Öndərin vaxtilə qətiyyətlə səsləndirdiyi o fikirlərdəki xoşbəxtliyə yetişmişik və Kəlbəcərə rayon əhalisinin əbədi dönəcəyi günə çox az qalıb.
Biz kəlbəcərlilərin qarşısında duran ən mühüm vəzifə isə bu əvəzolunmaz diyarı və onun füsunkar təbiətini göz bəbəyimiz kimi qorumaq olacaq.
Beynəlxalq ictimaiyyət erməni barbarlarının vəhşiliyi ilə Kəlbəcərdə də tanış oldu
Azərbaycan dövləti Vətən müharibəsindən dərhal sonra azad etdiyi torpaqlarına müxtəlif ölkələrdən olan diplomatların, ictimaiyyət, media nümayəndələrinin səfərlərini təşkil edir, barbar xislətli ermənilərin Qarabağda və Şərqi Zəngəzurda 30 il ərzində törətdiyi vandallıqlara beynəlxalq aləmin də əyani şahid olmasına şərait yaradır.
Mayın 31-də Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun, o cümlədən xarici ölkələrin səfirləri, hərbi attaşeləri, beynəlxalq təşkilatların nümayəndəliklərinin rəhbərləri, ümumilikdə 50-dən artıq ölkədən 80-dən çox şəxsin Kəlbəcərə təşkil edilən səfəri də bu baxımdan mühüm əhəmiyyət kəsb etdi. Səfərin məqsədi ermənilər tərəfindən Kəlbəcərdə törədilmiş dağıntıları, vəhşilikləri, xüsusilə onların həmin ərazilərdən çıxdığı dövrdə məqsədli şəkildə yaratdıqları problemləri, törətdikləri qətliam və soyqırımlarını diplomatik korpusun nümayəndələrinin diqqətinə çatdırmaq idi. Ermənilərin dini abidələrimizi təhqir etməsi ilə bağlı məlumatlandırılan qonaqlar Kəlbəcər şəhərində erməni vəhşiliyi nəticəsində yerlə-yeksan edilən infrastrukturla da tanış oldular. Burada məscid, bayraq meydanı, tarix-diyarşünaslıq muzeyi, qədim daş heykəllər və şahmat məktəbinin binasının dağıntılarının şahidi olan nümayəndə heyətinə şəhərin tarixi, dağıdılmış binaları barədə məlumat verildi, erməni işğalından əvvəl Kəlbəcərdə çəkilmiş şəkillər göstərildi.
Eyni zamanda diplomatik korpusun nümayəndələri Kəlbəcərdə həyata keçirilən nəqliyyat və enerji infrastrukturu layihələri, o cümlədən yol, tunel tikintisi, enerji xətlərinin çəkilişi və sair barədə məlumatlandırıldı.
"İstisu" sanatoriyasına da baş çəkən nümayəndə heyətinə erməni vandalları tərəfindən ərazilərimiz işğal olunandan sonra buradakı təbii sərvətləri də istismar etdikləri bildirildi.
Qeyd etməliyəm ki, erməni barbarları 30 il ərzində işğal altında saxladıqları torpaqlarımızda mədəni irsimizin qəsdən məhv edilməsi, dəyişdirilməsi və oğurlanması kimi cinayət əməlləri törədiblər. İşğalçılar tarixi yurdlarımızdakı toponimlərimizi dəyişdirib, uydurma adlar qoyub, maddi-mədəni, dini abidələrimizə saxta iddia irəli sürə bilmədikləri məqamlarda isə barbarlığa əl ataraq onları vəhşicəsinə dağıdıblar, öz dırnaqarası "qəhrəman"larına abidələr ucaldıblar.
Mənfur ermənilərin törətdiyi bütün bu cinayət əməlləri barədə beynəlxalq ictimaiyyətin müntəzəm məlumatlandırılması da qarşımızda duran vacib vəzifələrdən biridir.
"Böyük xalq - güclü dövlət - qətiyyətli Prezident" vəhdətinin yaratdığı möcüzə
Birbaşa Prezident İlham Əliyevin diqqət və nəzarəti altında Kəlbəcərdə kompleks işlər sürətlə həyata keçirilir. İnfrastruktur layihələr gerçəkləşdirilir, yollar, tunellər inşa olunur, su-elektrik stansiyaları qurulur, əhəmiyyətli obyektlərin bünövrələri qoyulur. Bununla bərabər, dövlət sərhədlərimizin toxunulmazlığı, əhalimizin təhlükəsizliyinin təmin olunması üçün mühüm tədbirlər görülür. Belə ki, Ermənistanla bütün sərhəd boyunca yeni mövqelər, yeni postlar quraşdırılır. Mövqelərimizə daha rahat gediş-gəlişin təmin olunması üçün heç vaxt olmayan, Ermənistan sərhədinə gedən yollar salınır.
Azərbaycan dövlətinin çox güclü iradəsi, əzmi sayəsində qısa zamanda Kəlbəcərdə, ümumiyyətlə, işğaldan azad edilən bütün ərazilərimizdə geniş quruculuq və bərpa işləri üçün siyasi qərarlar verilib. Qarabağ və Şərqi Zəngəzurda enerji təminatı və xüsusilə də "yaşıl enerji" məsələləri, şəhərsalma və nəqliyyat-rabitə infrastrukturunun qurulması işləri, eləcə də sözügedən ərazilərin iqtisadi potensialının qiymətləndirilməsi, dayanıqlı məskunlaşma, məşğulluq, iqtisadi inkişaf perspektivləri və digər məsələlərlə bağlı mühüm layihələr gerçəkləşdirilir.
Göründüyü kimi, işğal altındakı torpaqlarımızı cəmi 44 gün ərzində azadlığına qovuşduran Müzəffər Ali Baş Komandan İlham Əliyev indi də qurucu lider, Qarabağda və Şərqi Zəngəzurda həyata keçirilən bütün layihələrin baş memarı kimi doğma yurdlarımızın bərpa olunması və tezliklə keçmiş məcburi köçkünlərin, o cümlədən Kəlbəcər elinin illərdir həsrətini çəkdiyi əzəli torpaqlarına qovuşdurulması üçün gecə-gündüz əzmlə çalışır.
Cəmi ilyarım ərzində görülən bütün bu möcüzəvi işlər isə dövlətin gücünü, Prezidentin qətiyyətini, xalqımızın böyüklüyünü və Azərbaycan Ordusunun rəşadətini bir daha göstərir.
Qurban SADIQOV,
Azərbaycan Respublikası Nazirlər Kabineti Aparatının məsul işçisi