AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Kamal Abdullanın siyasi karyerasına Şeyx əngəli - sensasion iddia

  • + A
  • - A
  • 6-06-2017, 09:57

    Kamal Abdullanın siyasi karyerasına Şeyx əngəli - sensasion iddia

















    Millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər üzrə köməkçi vəzifəsinə təyin edilməyən sabiq müşavirin siyasi komandadan uzaqlaşdırılması “ehsan qadağası” ilə əlaqələndirilir; amma başqa versiya da var...

    Ötən həftə prezident İlham Əliyev Prezident Administrasiyası strukturunda dəyişiklik etdi. Bu dəyişikliklər nəticəsində prezident müşavirliyi institutu birdəfəlik ləğv edildi, bəzi şöbələrin bağlanması və birləşdirilməsinə qərar verildi. Qeyd edək ki, İqtisadi siyasət məsələləri üzrə dövlət müşaviri postunu Vahid Axundov, Millətlərarası, multikulturalizm və dini məsələlər üzrə dövlət müşaviri postunu isə Kamal Abdulla tuturdu.

    V.Axundova prezidentin iqtisadi blok üzrə köməkçiləri sırasında yer verilmədi. Millətlərarası, multikulturalizm və dini məsələlər üzrə dövlət müşaviri postunun bazasında isə prezidentin millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər üzrə köməkçisi - şöbə müdiri vəzifəsi yaradılsa da, K.Abdulla vəzifəsindən uzaqlaşdırıldı. Elə həmin gün Kamal Abdullanın Azərbaycan Dillər Universitetinə rektor təyin edilməsi təsdiqlədi ki, o da prezidentin köməkçisi statusunu itirib.

    2014-cü ilin fevral ayının 2-də Bakı Slavyan Universitetinin rektoru vəzifəsindən azad edilərək Millətlərarası multikulturalizm və dini məsələlər üzrə dövlət müşaviri təyin edilən K.Abdullanın siyasi karyerasının çox az davam etməsi diqqət çəkir. Azərbaycanın tanınmış ziyalılarından olan K.Abdullanın nə rektor olanda, nə də yüksək vəzifəyə təyinatından sonra adı heç vaxt mənfi planda hallanmayıb. Bu baxımdan, K.Abdullanın postundan uzaqlaşdırılması bəzi iddiaların meydana gəlməsinə səbəb olub.

    Qeyd edək ki, K.Abdulla özü könüllü olaraq vəzifəsinn davam etdirmək istəməyib, yenidən təhsil sahəsinə qayıtmağa qərar verə də bilərdi.
    Amma mənbəmiz onun işdən uzaqlaşdırılmasının “dini məsələlər”ə qarışması ilə bağlı olduğunu iddia edir. Qaynağımız yada salır ki, 2014-cü ildə yüksək vəzifəyə təyinat alan K.Abdulla dərhal ölkədəki dini adət-ənənələri, xüsusilə yas mərasimləri ilə bağlı məsələləri nizama salmaq üçün fəaliyyətə başlamışdı.

    Belə görünürdü ki, yas mərasimlərində israfçı ehsanın yığışdırılması hakimiyyətlə ən yuxarı səviyyədə razılaşdırıldıqdan sonra başlamışdı. Artıq 2014-cü ilin yayında hökumət yas mərasimlərində ehsan süfrələrinin qadağan edilməsi prosesini başladı və bununla bağlı bütün yerli hakimiyyət orqanlarına tapşırıqlar da verildi. Bu məsələdə dövlət müşaviri kimi K.Abdulla xeyli fəal idi və Mübariz Qurbanlının rəhbərlik etdiyi Dini İşlər üzrə Dövlət Komitəsi də bu düzənin yaradılmasına tərəf idi.

    Amma hökumətin rəsmən başlatdığı ehsan qadağası faktiki olaraq işləmədi. Xüsusən də ölkənin az qala yarısının yerləşdiyi Bakı və Sumqayıtda ehsan qadağasına faktiki olaraq əməl edilmədi. Paytaxtın demək olar ki, bütün mərasim zallarında hökumətin qadağa qərarına zidd olaraq yeməkli ehsan mərasimləri təşkil olundu. Qadağaya qarşı çıxanlara isə Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə rəhbərlik edirdi. Təsadüfi deyil ki, QMİ-nin yerləşdiyi “Təzəpir” məscidindəki mərasim zalları, eləcə də şəhərin digər yerlərində fəaliyyət göstərən mərasim zalları bu qadağaya riayət etmədi, ehsan verməkdə davam etdi.

    Bu narazılıq tezliklə mediada da özünü göstərməyə başladı. Şeyxin deputat qardaşı mediada “bəs digər məmurların restoran biznesi niyə qadağan edilmir” kimi ifadələrlə milyonların dövr etdiyi ehsan biznesini müdafiə etdi. QMİ isə bəyan etdi ki, idarə artıq 3 il əvvəldən xalqa müraciət edərək israfa yol verməməyə çağırıb, ancaq eyni zamanda bu məsələdə məcburiyyət yolverilməzdir. Beləliklə, aydın oldu ki, ölkənin əsas dini idarəsi, məscidlərə nəzarət edən qurum ehsan süfrələrinin məhdudlaşdırılmasının məcburi olmasına qarşıdır. Bundan sonra Mübariz Qurbanlı da müəyyən qədər geri çəkilərək, məcburi olaraq ehsan süfrəsinin qadağan edilməsinin doğru olmadığını, insanların bunu könüllü olaraq etməli olduğunu bəyan etdi.

    Nəhayət, mediada belə xəbərlər dolaşmağa başladı ki, ehsan qadağası qərarı Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Kamal Abdullanın rəhbərlik etdiyi müşavirlik tərəfindən alınıb və Şeyxlə razılaşdırılmayıb. Hətta iddia olunurdu ki, ehsan qadağası ortaya çıxdıqdan sonra özünə qarşı ciddi təzyiqlərin başladığını hiss edən Şeyx dövlət başçısı ilə görüşüb və prezidentin bu məsələdə dəstəyini alıb. İddia olunurdu ki, ölkənin birinci şəxsi növbəti dəfə QMİ sədrini qoruyub. Mənbəmiz deyib ki, K.Abdullanın indi işdən uzaqlaşdırılmasında Şeyxlə olan konfliktinin də ciddi rolu olduğu güman edilir.

    Qeyd edək ki, prezidentin millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər üzrə köməkçisi vəzifəsinə hələlik təyinat yoxdur. (musavat.com)


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR