Ceyhun Məmmədov,
Millət vəkili
Bu yaxınlarda keçirilən “Qlobal dünya nizamına təhdidlər” mövzusunda IX Qlobal Bakı Forumunda qeyd edilən məsələlər, müzakirələr dünyada baş verən bəzi problemlərin, təhlükələrin həllinə və buna yol açan problemlərin araşdırılmasına imkan yaradacaq.
Dünya hal-hazırda böyük ərzaq böhranı ilə üz-üzədir. Beynəlxalq qurumlar, ölkələr bu kimi risklərin aradan qaldırılması üçün səylə çalışırlar. Buna nümunə olaraq Birləşmiş Millətlər Təşkilatının Dayanıqlı İnkişaf Məqsədlərini misal göstərmək olar. 2030-cu ilə qədər dünyanın üzləşdiyi bu təhlükənin aradan qaldırılması üçün quruma üzv olan ölkələr birlikdə çalışır.
İstehsalçılar və istehlakçılar arasında qeyri-bərabərsizliyin müşahidə olunduğu digər sahə isə enerji sahəsidir. Alıcı tələbatının yüksək olduğu bu sahədə qeyri-bərabərsizlik istehsalçılar üçün risk yaradır.
İllərdir işğalda qalan ərazilərimizi Azərbaycan öz gücü hesabına azad etdi. 44 günlük Vətən müharibəsində qazanılan Zəfərdən sonra Azərbaycan regionda sülhün, sabitliyin təmin olunması üçün çalışır. Regional əməkdaşlıq yaratmaq, ölkələrarası münasibətləri inkişaf etdirmək lazımdır və Azərbaycan bunun üçün çalışır.
Artıq Ermənistan beynəlxalq ictimaiyyət tərəfindən işğalçı, qəsbkar dövlət kimi tanınır. Onların işğal illərində necə vandalizm törətdiyi bütün dünyaya çatdırıldı.
Artıq ərazi iddialarına son qoymaq, müharibəyə “yox” demək vaxtıdır. Qarşılıqlı olaraq ölkələr bir-birinə hörmət etməli, daxili işlərinə qarışmamalı, ərazi iddiaları etməməli və sərhədin delimitasiyası ilə bağlı yaradılmış komissiyanın işini icra etməlidir. Azərbaycan bu maddələrə əməl edir, hər iki ölkənin sərhədlərinə və ərazi bütövlüyünə hörmət edir. Lakin kapitulyasiya aktı imzalandıqdan sonra Ermənistan tərəfi öz üzərinə düşən vəzifə və öhdəlikləri yerinə yetirmək istəmir. İndi sülhün təmin olunması üçün Ermənistan tərəfinin müsbət reaksiya verməsi lazımdır. Sülh müqaviləsinin imzalanması üçün ilk öncə Zəngəzur dəhlizi açılmalıdır. Əgər bu icra edilməzsə, sülhün təmin edilməsi prosesi ləngiyəcək və ya baş tutmayacaq.
Azərbaycan işğal edilmiş torpaqlarımızı xalqın birliyi, cənab Preziden İlham Əliyevin uğurlu siyasəti və Azərbaycan Ordusunun gücü sayəsində azad etdi. Minsk qrupunun 30 il ərzində icra edə bilmədiyi işi Azərbaycan 44 günə həll etdi. Artıq indidən sonra Minsk qrupunun fəaliyyət göstərməsi lazımsız və əhəmiyyətsizdir.
Sülh istiqamətində nəzərə alınmalı növbəti fakt isə, Dağlıq Qarabağ ifadəsinin artıq tarixə qovuşduğunu qəbul etməkdir. Dağlıq Qarabağ Muxtar Vilayəti artıq 31 ildir ki ləğv edilib. İstənilən digər hallarda, bu ifadənin işlədilməsi artıq yolverilməzdir. Ermənistan xalqı, hökuməti də bunu anlamalı və dərk etməlidirlər.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.