AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

"Biz Azərbaycan respublikasının suverenliyi və ərazi bütövlüyünü dəstəkləyirik" — Küveytin Azərbaycandakı səfiri

  • + A
  • - A
  • 19-02-2018, 12:59

    "Biz Azərbaycan respublikasının suverenliyi və ərazi bütövlüyünü dəstəkləyirik" — Küveytin Azərbaycandakı səfiri














    “Ölkə.Az” saytının əməkdaşı Küveytin Azərbaycandakı səfiri Səud Əbdüləziz Məhəmməd əl-Şəmlan əl-Rumi ilə müsahibə edib.

    Həmin müsahibəni təqdim edirik:

    – Azərbaycan və Küveyt arasında əlaqələr nə zaman qurulub və bu əlaqələr hazırda hansı səviyyədədir?

    – Küveyt Dövləti ilə Azərbaycan Respublikası arasındakı ikitərəfli əlaqələrin hazırkı səviyyəsindən məmnunluğumu ifadə edərək bildirmək istərdim ki, əlaqələrimiz siyasi, iqtisadi, mədəni, turizm və texniki sahələrdə uğurla inkişaf etməkdədir. İki ölkə arasında diplomatik əlaqələr 1992-ci ildə təsis olunub. 2004- cü ildə Azərbaycanın Küveytdə səfirliyi, 2006-cı ildə isə Küveytin Bakıdakı səfirliyi fəaliyyətə başlayıb. Ötən illər ərzində Küveyt dövləti və Azərbaycan Respublikası hökumətlərarası komissiyasının iki toplantısı keçirilib ki, bu da öz növbəsində iki ölkə arasında əməkdaşlığın daha da dərinləşməsinə səbəb olub. Həmçinin iki ölkə arasında bu vaxta qədər müxtəlif sahələri əhatə edən 20 saziş və anlaşma memorandumu imzalanıb.

    – Cənab səfir, iki ölkə rəsmiləri arasında qarşılıqlı səfərlər gözlənilirmi?

    – Qeyd etmək istərdim ki, ötən illər ərzində iki ölkənin rəsmiləri bir sıra qarşılıqlı və yüksək səviyyəli səfərlər həyata keçirib. Buna ən bariz nümunə olaraq 2009-cu ildə Azərbaycan Respublikasının prezidenti Zati- aliləri cənab İlham Əliyevin Küveytə səfərini, Küveyt dövlətinin baş naziri Şeyx Nasir əs-Sabahın Bakıya səfərini, həmçinin hər iki ölkənin xarici işlər nazirlərinin qarşılıqlı səfərlərini göstərmək olar. Bundan əlavə, hər iki ölkənin müxtəlif nazir və digər rəsmi şəxslərinin də səfərləri həyata keçirilib və bu səfərlər gələcəkdə daha da artacaq. Bu ilin aprel ayının əvvəlində isə Qoşulmama Hərəkatının Bakıda keçiriləcək toplantısında Küveyt Dövlətindən yüksək səviyyəli rəsmi nümayəndə heyətinin iştirakı gözlənilir.


    – Küveytin müstəqillik əldə etdikdən sonra keçdiyi inkişaf yolu bir çoxları üçün nümunədir. Bu mərhələni necə xarakterizə edərdiniz?

    – Bəli, doğru qeyd etdiniz. Küveyt müstəqillik əldə etdiyi tarixdən bu yana böyük inkişaf yolu keçərək çoxsaylı uğurlar əldə edib. Siyasi və iqtisadi sabitlik, təhlükəsizlik, xalqın birlik və bərabərliyi və s. kimi amillər onu müxtəlif dünya ölkələrinə nümunə təşkil edir. Ölkə ərazisində yaşayan insanlar istər Küveyt vətəndaşı olsun, istərsə də əcnəbilər, bərabər hüquqlara malikdir və bu, hökumətin apardığı humanist siyasətin göstəricisidir. Onu da vurğulamaq istərdim ki, Küveyt Yaxın Şərq regionunda müxtəlif vətəndaş azadlıqlarının təmin olunmasında nümunəvi ölkələrdən sayılır. Küveyt Körfəz regionunda yeganə və 50 üzvdən ibarət seçkili parlamentə sahibdir. Küveyt həm də beynəlxalq miqyasda iqtisadi və kommersiya mərkəzlərindən biri sayılır. Burada böyük həcmli yerli və xarici investisiyalar yatırılıb və bu onun biznes üçün ən təhlükəsiz və stabil ölkələrdən biri olması ilə bağlıdır.

    – Küveyt dövlətinin Dağlıq Qarabağ münaqişəsindəki mövqeyi bəllidir. Siz münaqişənin həll yolunu nədə görürsüz?

    – Küveyt dövlətinin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı rəsmi mövqeyi sabit və dəyişməzdir. Biz Azərbaycan respublikasının suverenliyi və ərazi bütövlüyünü dəstəkləyirik. Buna görə də Küveyt dövləti BMT Təhlükəsizlik Şurasının münaqişə ilə bağlı qəbul etdiyi 4 qətnamənin yerinə yetirilməsi tələblərinə qoşulur. Biz həmçinin cəbhə xəttində ara-sıra gərginliyin artması və mülki əhali arasında ölümlərə gətirib çıxaran silahlı toqquşmaların baş verməsini çox böyük təəssüf hissi ilə qarşılayırıq. Amma məsələnin həll yoluyla bağlı suala gəlincə, deyim ki, münaqişə ancaq beynəlxalq hüquq prinsipləri çərçivəsində, BMT-nin qətnamələrinə əməl edilməklə və hər iki tərəf arasındakı sülh danışıqları yolu ilə həll olunmalıdır. Çünki bu yol hər iki tərəfin və bütövlükdə regionun xeyrinədir.

    – Küveyt iqtisadi artım və sosial rifah göstəricilərinə görə qabaqcıl ölkələrdən biridir. Neft gəlirləri ölkənin əsas gəlir mənbəyi hesab olunur. Qeyri- neft sektorunun inkişafı üçün ölkənizdə hansı tədbirlər həyata keçirilir?
    – Küveyt dünya neft ehtiyatlarının təqribən 10%-nə malikdir və ən əsas neft ixrac edən ölkələrdən biri hesab olunur. Lakin son illər ərzində dünya bazarlarında neftin qiymətinin kəskin şəkildə düşməsi fonunda bir çox neft ixrac edən ölkələrdə olduğu kimi, Küveytdə də qeyri-neft sektorunun inkişafı zərurəti yaranıb. Küveyt dövləti iqtisadiyyatın diversifikasiyası məqsədilə yeni inkişaf strategiyası olan “Küveytin gələcəyə baxışı – 2035” dövlət konsepsiyasını (proqramı) qəbul edib. Bunun da əsas məqsədi neft sektorundan asılılığa tədricən son qoyaraq, ölkəni beynəlxalq maliyyə və kommersiya mərkəzinə çevirmək, habelə yeni nəsillər üçün daha parlaq bir gələcək təmin etməkdir. Bu konsepsiya əsas etibarilə 7 mühüm prinsipi özündə əhatə edir. Bunlar çevik dövlət idarəçiliyi, iqtisadi sabitlik, inkişaf etmiş infrastruktur, yüksək səviyyəli səhiyyə, insan kapitalının inkişafı və beynəlxalq müstəvidə özünəməxsus yerini təmin etməkdən ibarətdir.



    – İki ölkə arasındakı iqtisadi əlaqələr Sizi qane edəcək səviyyədədirmi və Azərbaycan iqtisadiyyatının hansı sahələrinə sərmayə qoyuluşu etmək istərdiniz?

    – Dost ölkələrimiz arasında iqtisadiyyatın müxtəlif sahələrində ikitərəfli əməkdaşlıqda artım müşahidə edirik. Bununla yanaşı, bu əlaqələrin səviyyəsi ölkələrimizin istəklərinə cavab vermir. Çünki hər iki ölkə kifayət qədər imkanlara malikdir. Hazırda Azərbaycandan Küveytə ət və ət məhsulları, meyvə şirələri və bal kimi müxtəlif növ ərzaq məhsulları ixrac olunur.

    Son illərdə ölkələrimiz arasında əldə olunan ən böyük nailiyyət 2017-ci il 10 iyun tarixində Bakı və Küveyt arasında birbaşa aviareysin açılmasıdır ki, bu da iki ölkə arasında turizm sahəsində yaxından əməkdaşlıq üçün böyük rol oynayır. Hazırda Küveyt- Bakı marşrutu üzrə həftədə 6 reys həyata keçirilir və gələcəkdə bu sayın artırılması gözlənilir.Təqdirəlayiq haldır ki, Küveytdən Azərbaycana gələn turistlərin sayında nəzərəçarpacaq dərəcədə artım müşahidə olunur. Belə ki, rəsmi statistikaya görə, 2017-ci ildə Azərbaycana 16.477 küveytli turist səfər edib.

    Azərbaycanda investisiya qoyuluşu üçün daha çox cəlbedici sahələrə gəlincə, demək olar ki, burada iqtisadiyyatın müxtəlif sahələrinə, o cümlədən daşınmaz əmlak və turizm sahəsinə investisiya yatırılması üçün əlverişli imkanlar mövcuddur.

    – İki ölkə arasında təhsil, tələbə mübadiləsi və mədəniyyət sahələrində əlaqələrin daha da inkişafı üçün Küveyt tərəfi hansı tədbirləri görmək niyyətindədir?

    – Küveyt dövləti Azərbaycanla təhsil və mədəniyyət sahələrində əməkdaşlığı inkişaf etdirmək niyyətindədir. Belə ki, tələbə mübadiləsinin genişləndirilməsi, eləcə də xalqlarımız arasında mədəni əlaqələrin möhkəmləndirilməsi baxımından mədəniyyət həftələrinin təşkili üçün çoxsaylı imkanlar vardır. Qeyd etmək istərdim ki, 2006-cı ilin martında Azərbaycanın təhsil nazirliyi və Küveyt dövləti Beynəlxalq İslam Xeyriyyə Təşkilatının dəstəyi ilə Bakıda “İslam və Gənclik: təhsil, elm və maarifləndirmə” adlı beynəlxalq konfrans keçirilib.

    Mədəniyyət sahəsinə gəlincə, müxtəlif vaxtlarda mədəniyyət həftələrinin keçirildiyini xatırlatmaq istərdim. 2011-ci il 10-12 may tarixlərində Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi və Küveyt Mədəniyyət və Ədəbiyyat Ali Şurasının təşkilatçılığı ilə Küveytdə Azərbaycan Mədəniyyət Həftəsi keçirilib. Tədbir çərçivəsində Azərbaycanın milli geyimləri nümayiş olunub, bu ölkənin tarixini və qədim memarlıq abidələrini əks etdirən fotosərgi təşkil olunub. Həmçinin 2012-ci il 27 noyabr - 2 dekabr tarixlərində Bakıda Küveyt Mədəniyyət və Ədəbiyyat Ali Şurasının sədri Əli Hüseyn Əl-Yuhanın rəhbərlik etdiyi incəsənət və mədəniyyət xadimlərindən ibarət nümayəndə heyətinin iştirakı ilə Küveyt Mədəniyyət Həftəsi keçirilib. Tədbir çərçivəsində Azərbaycan Rəssamlıq Akademiyasında fotosərgi təşkil olunub, eləcə də küveytli şairə Əş-Şeyxə Suad Məhəmməd Əs-Sabahın müəllifi olduğu şer kitabı təqdim edilib. Həmçinin Mədəniyyət və Turizm Nazirliyində Küveyt nümayəndə heyətinin üzvləri ilə görüş keçirilib.

    Səfirlik olaraq biz Azərbaycanın müvafiq qurumlarından Küveytin mədəniyyət tədbirlərinin təşkil olunması üçün əlavə imkanların yaradılmasını istərdik.

    – Cənab səfir, diplomatik missiyanızı həyata keçirərkən iki ölkə arasında daha hansı sahələrdə inkişaf görmək istərdiniz?

    – Azərbaycan və Küveytin bir sıra prioritet sahələrdə ikitərəfli əməkdaşlığın gücləndirilməsi üçün potensialı və əlverişli imkanları vardır. Hər iki ölkə rəhbərliyi siyasi, iqtisadi, ticari, turizm və mədəniyyət sahələrində əlaqələrin genişləndirilməsi ilə bağlı istəklərini əminliklə ifadə edib. Ölkələrimiz arasında ticarət dövriyyəsinin arzu olunan səviyyəyə çatdırılması, turist axınının daha da sürətləndirilməsi qarşıda duran mühüm vəzifələrdəndir. Qarşılıqlı rəsmi səfərlərin intensivləşdirilməsini, müxtəlif sahələrdə təcrübə mübadiləsi üçün rəsmi qurumlar arasında möhkəm əlaqələrin qurulmasını iki qardaş ölkə arasında səmərəli əməkdaşlıq üçün vacib amil hesab edirik.

    Xəyalə Süleymanqızı


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR