AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Arif Əsgərovun baldızı oğlunun öldü-qaldısından xəbər yoxdur: qətl yoxsa? - Təfsilat

  • + A
  • - A
  • 29-11-2018, 12:43

    Arif Əsgərovun baldızı oğlunun öldü-qaldısından xəbər yoxdur: qətl yoxsa? - Təfsilat














    Azərbaycan mətbuatı mübhəm və müəmmalı bir hadisənin detallarını araşdırır

    Cahan.info-nun yaydığı məlumata görə, bir həftəyə yaxındır yoxa çıxan sabiq nəqliyyat naziri Ziya Məmmədovun müavini olmuş Arif Əsgərovun baldızı oğlunun öldü-qaldısından xəbər yoxdur.

    Milyonlarla dollarlıq dələduzluq əməlinə görə istintaqa cəlb edilmiş Rahib Hüseynovun öldürüldüyü yoxsa girov saxlandığı, yaxud ölkədən qaçdığı bilinmir.

    Hüquq-mühafizə orqanlarından R.Hüseynovla bağlı heç bir məlumat, şərh almaq mümkün olmayıb. Vəkil isə müdafiə etdiyi şəxsin taleyi, harada olduğu haqda məlumatlı deyil.

    Rahib Hüseynov 4 milyon 300 min manat məbləğində dələduzluqda ittiham olunur. İttihama əsasən o, zərərçəkənləri Azərbaycan Dəmiryolları QSC-yə yataq dəstləri gətirib dəyərindən dəfələrlə baha qiymətə satmaq, nəticədə yaxşı pul qazanmaq adı ilə aldadıb.

    Zərərçəkənlərdən biri Tovuzun sabiq icra başçısı Tofiq Zeynalovun oğlu Qoşqar Zeynalovdur. Cinayət işində A.Əsgərovun oğlu, “Liman Group” şirkətinin rəhbəri Elnar Əsgərovun adı isə şahid qismində keçir.

    Təqsirləndirilən şəxslər deyirlər ki, əslində bu dələduzluq sxemini Arif Əsgərovun oğlu qurub, amma sonda təqsiri onların üzərinə atmağa nail olub, özü isə şahid statusunda yaxasını kənara çəkə bilib.

    R.Hüseynov da ittihamları qəbul etmirdi. Noyabrın 22-də keçirilən sonuncu məhkəmə iclasında o, iştirak etməyib.

    Buna görə də məhkəmə Hüseynovun barəsində axtarışa verilməklə həbs qətimkan tədbiri seçib. Qərar icra olunması üçün Daxili İşlər Nazirliyinə göndərilib.

    Milyonlarla manatlıq dələduzluq işinə görə Arif Əsgərov və qohumları arasında hazırda düşmənçilik hökm sürür. O cümlədən onun arvadı öz bacısı ilə düşmən kəsilib.

    R.Hüseynovun anası göz yaşları ilə deyib ki, oğlu böyrək xəstəsidir və müalicə olunurdu, məhkəmədən yayınmaq fikrində deyildi. Ona görə də onun ya oğurlandığından, ya da öldürüldüyündən narahatdırlar.

    Cahan.info xatırladır ki, Arif Əsgərov 2004-2015-ci illərdə “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) sədri vəzifəsində çalışıb. A.Əsgərov 2015-ci ildə prezidentin fərmanı ilə tutduğu vəzifədən azad edildi.

    Başqa bir fərmanla o, nəqliyyat nazirinin müavini təyin edilib. A.Əsgərovun adı heç də kiçik qalmaqallarda çəkilməyib. Hələ 2013-cü ildə QSC-də külli miqdarda- 48 milyonluq yeyinti faktı aşkarlanıb.

    Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları QSC-nin marketinq şöbəsinin rəisi Arif Əsgərovun baldızı oğlu Rahib Hüseynovu həbs etmişdilər.

    Ancaq sonradan məlum olmuşdu ki, bu işlərə rəhbərlik edən şəxslərdn biri elə A.Əsgərovun oğlu, “Liman Group” şirkətinin rəhbəri Elnar Əsgərovdur.

    Amma o, məsuliyyətdən kənarda qalmağı bacardı. Arif Əsgərovun oğlunun isə ölkəni tərk etdiyi bildirilir.

    “Arif Əsgərovla oğlu Elnar Əsgərov birləşib mənim oğlanlarımı tutdurublar”. Bu sözləri istiqlal.az-a dələduzluqda təqsirləndirilən Rahib və Emil Hüseynovların anası, nəqliyyat nazirinin keçmiş müavini Arif Əsgərovun baldızı Lətifə Hüseynova demişdi.

    Bakı Ağır Cinayətlər Məhkəməsində Emil Hüseynovun məhkəmə prosesi keçirilmişdi. Prosesdə Elnar Əsgərov da ifadə verib. O Emil Hüseynovun vətəndaşları aldatdığını iddia edib.

    Özünün bu məsələdə adının hallandırılmasını doğru olmadığını bildirib. Həmçinin qeyd edib ki, xalasından 700 min dollar alaraq zərərçəkənlərin borcunu verib.

    Emil Hüseynov və zərərçəkənlər isə Elnar Əsgərovun yalan danışdığını iddia edib. Lətifə Hüseynova da bizə açıqlamasında bacısı oğlunun yalan ifadə verdiyini deyib.

    Onun sözlərinə görə, bu dələduzluq əməliyyatının başında məhz Elnar Əsgərov dayanıb. Emil və Rahib isə sadəcə qurbanlardır.

    “O, mənim oğlanlarımdan öz məqsədləri üçün istifadə edib. Mənim övladlarım heç kimi aldatmayıb. Kimdən pul alıblarsa Elnarın tapşırığı ilə alıblar və pulları elə onun özünə veriblər.

    Bunu zərərçəkənlər də təsdiqləyir. Zərərçəkənlər deyir ki, biz Emili tanımırıq. Pulu ona Elnarın xahişi əsasında vermişik. Amma Elnar Əsgərov bütün bunları danır”.

    Lətifə Hüseynova əlavə edib ki, bu məsələyə görə prezidentə müraciət etmək fikrindədir. “Əgər bu iş obyektiv araşdırılmasa, özümü yandıracam”.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR