İran hakimiyyəti ölkədə internetə çıxışın yaxın iki həftə ərzində bərpa olunması imkanını nəzərdən keçirir. Bu barədə Fars agentliyi məlumat yayıb.
Məlumata görə, hazırda tətbiq edilən məhdudiyyətlər kütləvi anti-hökumət etirazları fonunda qəbul edilib. Rəsmi dairələr internet bloklanmasını etirazçıların koordinasiya məqsədilə istifadə etdikləri xarici messencerlərin fəaliyyətini məhdudlaşdırmaq cəhdi ilə izah edir.
Bildirilir ki, İranda paralel olaraq milli internet şəbəkəsi fəaliyyət göstərir. Bu şəbəkə yerli saytları və İran istehsalı olan messencerləri əhatə edir.
Fars agentliyinin yaydığı məlumata əsasən, məsələ ilə bağlı yekun qərar yaxın bir-iki həftə ərzində müvafiq qurumlar tərəfindən veriləcək.
“Gələn bir-iki həftə ərzində internetə daha geniş çıxışın təmin olunması ilə bağlı son qərar qəbul ediləcək”, – deyə məlumatda qeyd olunub.
Xatırladaq ki, daha əvvəl bəzi KİV-lər SpaceX şirkətinin iranlılara Starlink peyk interneti vasitəsilə pulsuz bağlantı təqdim etdiyi barədə xəbərlər yaymışdı. Lakin İlon Maska məxsus şirkət tərəfindən bu məlumat rəsmi şəkildə təsdiqlənməyib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.