AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

AMEA-da göstərilən sosial xidmətlər əməkdaşların rifahının yaxşılaşdırılmasına xidmət edir

  • + A
  • - A
  • 7-07-2021, 00:38


    Son illərdə ölkəmizdə müxtəlif sahələrin, xüsusilə elm, təhsil, səhiyyə və mədəniyyətin inkişafı istiqamətində ciddi islahatlar həyata keçirilir, vətəndaşların sosial şəraitinin, rifah halının daha da yaxşılaşdırılması, həyat səviyyəsinin yüksəldilməsi ilə bağlı əməli addımlar atılır.
    Azərbaycan müstəqillik əldə etdikdən sonra dövlət tərəfindən ən çox diqqət yetirilən sahələrdən biri də məhz elm sahəsi olub. Ümummilli lider Heydər Əliyev cəmiyyətin idarə olunmasında, ölkənin dünyada tanıdılmasında böyük rolu olan ziyalıların, alimlərin, ümumilikdə elm sahəsində çalışanların fəaliyyətini hər zaman yüksək qiymətləndirib. Bu gün ölkə rəhbərliyinin Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) timsalında Azərbaycan elminin inkişafı ilə bağlı apardığı ardıcıl və məqsədyönlü siyasət uğurlu nəticələrlə, ciddi nailiyyətlərlə müşayiət olunur.
    Azərbaycanda elmin inkişafının dövlət siyasətinin prioritetlərindən biri olduğunu nəzərə alaraq deyə bilərik ki, dövlətin gələcəyi, iqtisadi, siyasi və hərbi qüdrəti onun elmi potensialı ilə bilavasitə bağlılıq təşkil edir. Alim və mütəxəssislərin sosial-iqtisadi vəziyyətinin yaxşılaşdırılması, mədəni-kütləvi və idman tədbirlərinin təşkili Akademiyanın sosial siyasətinin əsas istiqamətlərindəndir.
    AMEA-da Azərbaycan elminin inkişafı və akademiyanın fəaliyyətinin daha səmərəli təşkilində vacib rola malik olan əməkdaşların, alim və mütəxəssislərin əməyini qiymətləndirmək, maddi-sosial problemlərini həll etmək, o cümlədən asudə vaxtlarını səmərəli keçirmələrini təmin etmək məqsədilə onların sosial rifahının yaxşılaşdırılması istiqamətində bir sıra mühüm tədbirlər həyata keçirilir. Bu tədbirlərdən biri də AMEA-da göstərilən sosial xidmətlərlə bağlıdır.
    Sosial xidmətlər çərçivəsində AMEA əməkdaşlarının istirahətini təmin etmək məqsədilə Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının nəzdində fəaliyyət göstərən istirahət mərkəzi, AMEA Dendrologiya İnstitutu ərazisində yerləşən AMEA-nın qonaq evləri, eləcə də ölkəmizin qonaqlarının maraqlı, dolğun və komfortlu istirahəti üçün nəzərdə tutulan AMEA-nın “Qonaq Evi”ndə təklif olunan xidmətlərdən istifadə imkanları təqdim olunur.
    AMEA-nın Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının nəzdində fəaliyyət göstərən istirahət mərkəzi öz ecazkar təbiəti, xoş mühiti ilə əvəzolunmaz istirahət üçün hər cür imkanlara malikdir. Ailəvi istirahət üçün rəsədxananın ərazisində sıx meşənin ətrafında yerləşən koteclər qonaqlara xoş əhval-ruhiyyə bəxş edəcək. Mütəşəkkil infrastruktura və müasir şəraitə malik koteclərdə təbiət və dağ mənzərələri müşahidə olunur. Qonaqlar gündüzlər meşə gəzintisinə gedə, axşam teleskop vasitəsilə səma cisimlərini müşahidə edə bilərlər.
    Mərdəkan qəsəbəsində, Dendrologiya İnstitutunun ərazisində AMEA-nın nəzdində qonaq evləri fəaliyyət göstərir. Müasir dizayna malik qonaq evləri bütün zəruri cihaz və avadanlıqlarla təhciz olunub. İstirahət mərkəzində qonaqların və uşaqların istirahəti üçün hər cür şərait yaradılıb. Burada qonaqlama və istirahət üçün 17 geniş və rahat otaq təqdim olunur.
    AMEA-nın “Qonaq Evi” ölkəmizin qonaqlarının maraqlı, dolğun və komfortlu istirahəti üçün nəzərdə tutulub. Qonaq evinin təmirində müasir memarlıq elementlərindən istifadə olunub. Binanın interyerinin tərtibatında mebel və aksessuarlardan geniş istifadə edilib, qonaqların rahat istirahəti üçün hər cür şərait yaradılıb.
    Qonaq evi geniş foye, 11 otaq, gözləmə zalı, mətbəx, qəbul, xidmət və təsərrüfat otaqlarından ibarətdir. Burada qonaqların yüksək səviyyədə qarşılanması, onlara lazımi xidmətlərin və köməkliyin göstərilməsi üçün peşəkar işçi heyəti fəaliyyət göstərir.
    AMEA əməkdaşlarının sosial vəziyyətinin, mənzil şəraitinin yaxşılaşdırılması üzrə görülən genişmiqyaslı və ardıcıl tədbirlərdən biri də ekoloji təmiz havaya malik ərazidə yerləşən “Alimlər şəhərciyi”ndə AMEA əməkdaşları üçün kooperativ yaşayış kompleksinin tikilməsidir. Burada müvafiq sosial infrastrukturun yaradılması, o cümlədən ictimai iaşə, məişət, məktəb, uşaq bağçası və digər xidmət obyektləri üçün qeyri-yaşayış sahələrinin də istifadəyə verilməsi nəzərdə tutulur.
    AMEA-ya Saray qəsəbəsi ərazisində istifadəsində olan 7 ha torpaq sahəsində 1 ədəd 2 girişli, zirzəmili, 12 mərtəbəli, mansardlı, çoxmənzilli, 9 ədəd isə 2 girişli, zirzəmili, 16 mərtəbəli, mansardlı, çoxmənzilli yaşayış binalarının, uşaq bağçası və orta məktəb binalarının layihələndirilməsi və tikintisinə icazə verilib.
    Akademiya əməkdaşları, həmçinin hər il müxtəlif sanatoriyalar və müalicə mərkəzlərinə göndərilir, pulsuz tibbi müayinə aksiyalarından yararlanırlar. Pandemiya dövründə bir sıra elmi müəssisə və təşkilatlar zəruri dərman və ilkin tibbi yardım avadanlıqları ilə təmin olunub.
    Bütün bunlar AMEA əməkdaşlarının istirahəti, sağlamlığı və maddi rifahının günün tələblərinə uyğun səviyyəyə qaldırılması, onların iş və mənzil şəraitinin yaxşılaşdırılmasının akademiya rəhbərliyinin hər zaman diqqət mərkəzində olduğunu sübut edir.
    Əminik ki, AMEA-da əməkdaşların sosial rifahının yüksəldilməsi, istirahətlərinin təmin olunması məqsədilə təklif olunan sosial xidmətlər akademiyanın alim və mütəxəssislərinin daha həvəslə çalışaraq elmimizin inkişafına mühüm töhfələr vermələrinə müsbət təsir göstərəcək.






    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR