Müasir dövrdə hər bir ölkənin inkişafı, qüdrəti onun iqtisadiyyatı və elmi potensialı ilə bağlıdır. Elm tutumlu sahələr yaradılmadan iqtisadiyyatın və sənayenin inkişafına nail olmaq mümkünsüzdür. Azərbaycanın təbii, iqtisadi, elmi-texniki və intellektual pоtensialının gücləndirilməsi, rəqabətqabiliyyətli, ixracyönümlü məhsulların istehsalı, eləcə də elm və iqtisadiyyatın sabit inkişafı əsasında əhalinin həyat səviyyəsinin yüksəldilməsi dövlət siyasətinin əsas istiqamətlərindəndir.
Ümummilli lider Heydər Əliyevin elm və təhsil sahəsində müəyyənləşdirdiyi siyasət bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən keyfiyyətcə yeni mərhələdə uğurla davam etdirilir. Yeniləşən, müasirləşən Azərbaycanın tələblərinə uyğunlaşmaq, yeni meyarlarla ayaqlaşmaq üçün ölkə başçısının tapşırığına əsasən, AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyevin rəhbərliyi ilə akademiyada məqsədyönlü islahatlar həyata keçirilir. Dövlət başçısının elmin inkişafı ilə bağlı qarşıya qoyduğu vəzifələri və müəyyən etdiyi prioritetləri rəhbər tutaraq “Azərbaycan Milli Elmlər Akademiyasının 2020-2025-ci illər üçün İnkişaf Proqramı” hazırlanmışdır. Proqramın əsas məqsədi elmin təşkili, idarə edilməsi, elmin normativ-hüquqi bazasının və informasiya təminatının gücləndirilməsi, elmi işçilərin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində kompleks tədbirlərin həyata keçirilməsidir.
Azərbaycan cəmiyyətinin intellektual qüvvələrinin cəmləşdiyi, müasir elmin idarə edilməsinin, əlaqələndirilməsinin və inkişafının vahid mərkəzi olan Azərbaycan Milli Elmlər Akademiyası yarandığı gündən bu elm məbədində xalqımızın zəngin mədəni irsinin tədqiqi ilə bərabər, təbii ehtiyatların öyrənilməsi, kənd təsərrüfatı, səhiyyə, eləcə də digər istiqamətlərdə akademik araşdırmaların həyata keçirilməsi sistemli xarakter almışdır. Ekologiya, informasiya, ərzaq təhlükəsizliyi, müasir istehsal texnologiyalarının yaradılması, inkişafı və kompleks tətbiqi üzrə elmi tədqiqatlar genişləndirilmişdir.
AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyev akademiyanın 28 dekabr 2019-cu il tarixində keçirilən Ümumi Yığıncağında çıxışı zamanı AMEA-nın fəaliyyətində mövcud olan ciddi problemlər və bu qurumun gələcək inkişafı ilə bağlı mühüm məqamlara toxunmuşdur. R.Mehdiyev uzun illər ərzində əldə edilən müəyyən nailiyyətlərə baxmayaraq, akademiyanın elmi təşkilati və idarəetmə fəaliyyətində, eləcə də bu qurumun institut və təşkilatlarının maliyyələşdirilməsi ilə bağlı bir sıra problemlərin müşahidə olunduğunu qeyd etmiş, onların aradan qaldırılması yönündə kompleks tədbirlərin həyata keçirilməsinin zəruriliyini vurğulamışdır: “Akademiya mühüm dövlət proqramlarının icrasında yaxından iştirak etməli, elmi-texniki layihələrin əsas eksperti funksiyasını həyata keçirməli, elmi nəticələrin kommersiyalaşdırılması və innovasiya fəaliyyətinin gücləndirilməsi ilə bağlı məqsədyönlü tədbirlər görməlidir. Mövcud nöqsanların aradan qaldırılması üçün akademiyanın strukturu tamamilə yenilənməli, onun inkişaf hədəfləri, dövlət siyasətinin həyata keçirilməsində iştirakı mexanizmləri dəqiq müəyyənləşdirilməli və bu istiqamətdə əməli addımlar atılmalıdır”.
Həmin vaxtdan bugünədək akademiyada elmi fəaliyyətin səmərəliliyinin daha da artırılması, elmi-texniki potensialın qorunması və inkişaf etdirilməsi, ölkəmizin digər elmi müəssisələrində və ali məktəblərində aparılan fundamental və tətbiqi tədqiqatların əlaqələndirilməsi, onların nəticələrinin sosial-iqtisadi və digər sahələrdə tətbiqinin təmin edilməsi, yüksəkixtisaslı kadrların hazırlanması, elmlə təhsilin vəhdətinin təmin edilməsi istiqamətində mühüm tədbirlər görülməkdədir.
Son zamanlar AMEA-da aparılan islahatlar çərçivəsində həyata keçirilən yoxlamalar, struktur və kadr dəyişiklikləri, elmi müəssisələrin idarə edilməsində müasir informasiya texnologiyalarının tətbiqi nəticəsində Rəyasət Heyəti Mərkəzi Aparatında, o cümlədən ümumilikdə akademiyanın idarəetmə prosesində nəzərəçarpacaq irəliləyişlər müşahidə olunmaqdadır.
O cümlədən elmi fəaliyyətin müasir dövrün standartlarına uyğunlaşdırılması, qayda-qanunun, nizam-intizamın yaradılması üçün bütün zəruri işlər həyata keçirilir. AMEA Rəyasət Heyətinin, eləcə də akademiyanın elmi müəssisə və təşkilatlarının idarəetməsinin optimallaşdırılması üzrə müvafiq qərarlar qəbul olunur.
Son illər AMEA alimləri üçün dünyanın tanınmış elm resurslarından istifadə imkanlarının yaxşılaşdırılması nəticəsində elmi fəaliyyət nəzərəçarpacaq dərəcədə fəallaşmış, elmi işlərin keyfiyyəti yüksəlmiş, nüfuzlu beynəlxalq nəşrlərdə çap olunan məqalələrin sayında ciddi artım müşahidə edilmişdir. Beynəlxalq elmi standartların öyrənilməsi, təhlil edilməsi və AMEA-nın fəaliyyətində tətbiq edilməsi sahəsində mühüm nailiyyətlər əldə olunmuşdur.
Bu gün ölkəmizdə təşkil olunan mötəbər beynəlxalq elmi tədbirlər dünyanın nüfuzlu akademik qurumlarının Azərbaycan dövlətinə, onun apardığı siyasətə, eləcə də AMEA-ya olan etimadının göstəricisidir. Akademiyada dünya elminin tələblərinə cavab verən, prioritet istiqamətlərdə aparılan tədqiqatlar uğurlu intensiv elmi əlaqələrin məntiqi nəticəsidir. Azərbaycanda aparılan tədqiqatları dünyaya təqdim etmək, beynəlxalq əməkdaşlığı inkişaf etdirmək və xarici həmkarlarla birgə layihələr həyata keçirmək bu gün AMEA-nın institut və təşkilatlarının qarşısında duran ən mühüm vəzifələrdir.
AMEA-da elmi fəaliyyətin müasir dövrün standartlarına uyğunlaşdırılması, rəqabətqabiliyyətliliyin artırılması, elmi infrastrukturun modernləşdirilməsi və innovasiya fəaliyyətinin genişləndirilməsi, eləcə də akademiyanın şəffaf bir qurum kimi fəaliyyət göstərməsi üçün bütün zəruri tədbirlər bundan sonra da davam etdiriləcək. Çoxminli akademiya əməkdaşları Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin elm siyasətinin uğurla həyata keçirilməsində daha məsuliyyətlə və məqsədyönlü şəkildə çalışmağa hazırdır.
Aparılan bütün islahatlar, həyata keçirilən məqsədyönlü tədbirlər AMEA-nın rəqabətədavamlı, şəffaf və müasir elmi quruma çevrilməsinə xidmət etməklə yanaşı, həm də bu elm ocağının Azərbaycanın gələcək inkişafı və ölkə elminin tərəqqisində rolunun artırılmasını nəzərdə tutur.
Ümummilli lider Heydər Əliyevin sözləri ilə ifadə etsək, “Biz yaradılmış elmi potensialı qoruyub saxlamalı, ondan bugünkü və gələcək müstəqil Azərbaycanın inkişafı naminə daha səmərəli istifadə etməliyik”.