Rusiyalı həmkarı Vladimir Putinin dəvəti ilə Moskvaya gedən Prezident İlham Əliyevin Kreml rəhbərliyi ilə görüşü olduqca pozitiv atmosferdə keçdi. Siyasi ekspertlər bu fikirdədir. Ən diqqətçəkən məqamlardan biri isə Putinin Paşinyanla olduğu kimi Prezident İlham Əliyevlə görüşündə də “Dağlıq Qarabağ problemi” ifadəsini işlətməməsi idi.
Analitik Elçin Mirzəbəylinin sözlərinə görə, diqqətçəkən məqamlardan biri şübhəsiz ki, görüşdə bir neçə dəfə postmünaqişə ifadəsinin təkrarlanmasıdır:
“Bu da şübhəsiz ki, münaqişənin bitdiyini və bundan sonra yalnız regionda sülhün, əmin-amanlığın təmin olunması istiqamətində addımların atılacağı mesajını verirdi. Başqa bir mühüm amil də Rusiya prezidenti tərəfindən hər zaman olduğu kimi “Dağlıq Qarabağ” ifadəsinin səsləndirilməməsidir. Məlum olduğu kimi, Azərbaycanın inzibati ərazi bölgüsündə belə bir subyekt yoxdur və şübhəsiz ki, bu da Rusiya prezidenti tərəfindən Azərbaycanın mövcud inzibati ərazi subyektlərinə, mövcud sərhədlərinə sayğısını, həmçinin də bundan sonrakı proseslərin məhz postmünaqişə amili üzərindən həyata keçirəcəyini təsdiqləyir”.
Politoloqların fikrincə, görüş zamanı verilən mesajlardan bəlli oldu ki, münaqişə sonrası proseslər ənənəvi qaydada aparılacaq. Yəni 10 noyabr razılaşmasına alternativ hər hansı bir yol yoxdur. Bu baxımdan Ermənistan tərəfindən atılan təxribatçı addımlar ümumi prosesin tənzimlənməsinə təsir göstərə bilməz.
Millət vəkili Hikmət Babaoğlu qeyd edir ki, hazırkı tarixi fürsəti qiymətləndirərək regionda davamlı sülhə nail olmaq mümkündür:
“Azərbaycan və Rusiya bunu etməyə hazırdır. Ermənistan isə belə görünür ki, bəzi xarici himayədarlarının təzyiqi və yaxud təsiri ilə bundan yayınmağa cəhd göstərir. Son günlərdə istər Ermənistan-Azərbaycan sərhədində, istərsə Rusiya sülhməramlılarının səlahiyyət zonasında olan ərazilərimizdə baş verən bəzi insidentlər məhz bu xarici faktorla izah oluna biləcək insidentlərdir. Buna görə də qısa müddətdə sülhün imzalanmasına ciddi ehtiyac var”.
Beynəlxalq analitiklər də prezidentlərin görüşünü diqqətlə izləyib. Misal üçün, rusiyalı hərbi ekspert İqor Korotçenkonun fikrincə, Putin İlham Əliyevlə görüşəndə bərabər strateji tərəfdaş kimi danışır. Paşinyana isə daim bir şey qoparmaq istəyən müftəxor kimi baxır. Məhz bütün fərq də, qoyulan hörmət də bundan ibarətdir.