AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Ramiz Zeynalovun müdrik idarəçiliyi yol polisi əməkdaşlarına qarşı formalaşan inam hissini daha da artırır

  • + A
  • - A
  • 13-04-2021, 19:56


    Məlumdur ki, Azərbaycan Respublikası ikinci dəfə müstəqillik hüququnu əldə etdikdən sonra Dövlət Avtomobil Müfəttişliyinin adından başlamış bu sahədə ciddi dəyişikliklər həyata keçirildi və ilk növbədə yol polisi sahəsində çalışan əməkdaşların iş şəraitləri yaxşılaşdırıldı. Demək olar ki, Dövlət Yol Polisi İdarəsinə aid bütün normativ sənədlər yenidən işlənilib hazırlandı, günün tələblərinə uyğun xidmət sahələri üzrə təlimatlar ortaya qoyuldu və Daxili İşlər Nazirinin əmri ilə də təsdiq olundu. Yol hərəkətinin təşkilində və onun təhlükəsizliyinin təmin olunmasında müasir texniki vasitələrdən istifadə olunmağa da başlanıldi. Faktdır ki, 1994-cü ildən Baş Dövlət Yol Polisi İdarəsinin rəisi vəzifəsinə təyin olunmuş polis general-mayoru cənab Ramiz Zeynalovun rəhbərliyi altında şəxsi heyyət, ötən illər ərzində olduqca çətin, ağır, eyni zamanda şərəfli xidmət sahəsində bir sıra uğurlar əldə etmişlər. Bu gün də Respublikamızda yol hərəkəti ilə bağlı hər kəsin həyat və sağlamlığının qorunması, məhz dövlətimizin qarşısında duran əsas vəzifələrdən biri hesab olunur. Hazırda ölkəmizdə yol hərəkəti sahəsində hüquqi normativ bazanın yaradılması və onun beynəlxalq standartlara uyğunlaşdırılması prosesi yüksələn xətt üzrə davam etməkdədir. Bu baxımdan 1998-ci ilin iyulundan qüvvəyə minmiş Azərbaycan Respublikasının “Yol hərəkəti haqqında” Qanunu çox mühüm sənəd hesab olunur. Bu sənəddə yol hərəkəti iştirakçılarının hüquq və vəzifələri öz əksini tapmaqla bərabər, eyni zamanda yol hərəkətinin təhlükəsizliyinin təmin olunması sahəsində beynəlxalq hüquq normalarının tələblərinə cavab verən müddəalar da geniş yer almışdır. Bu Qanunun müvafiq tələbləri, yol hərəkəti qaydalarının pozulmasına görə İnzibati Xətalar Məcəlləsinin 13-cü və 14-cü fəsillərində əksini tapmış məsuliyyət, küçə və yollarda təhlükəsiz hərəkətin təmin olunması istiqamətində profilaktiki tədbirlərin keçirilməsinin hüquqi əsasını da təmin edir.

    Hazırda ölkəmizdə yol hərəkəti sahəsində hüquqi normaların təkmilləşdirilməsi sahəsində davamlı iş gedir və bu işdə beynəlxalq təcrübə yaxından öyrənilir. Qeyd edək ki, Respublikamız 1969-cu ildə Vyana konvensiyasına, 2000-ci ildə “Təhlükəli yuklərin beynəlxalq daşımalarının Avropa sazişinə” və “Sürücülük hüququndan məhrum olunmaların qarşılıqlı tanınması barədə”, həmçinin 1976-cı ildə Avropa konvensiyasına qoşulmuşdur. Bəli, yol hərəkətinin təhlükəsizliyinin təmin olunması bir çox faktorlardan asılıdır. Küçələrdə, yollarda nəqliyyat vasitələrinin, piyadaların fasiləsiz və rahat hərəkətlərinin təşkilində avtomatlaşdırılmış müasir texniki nizamlama və nəzarət cihazlarının tətbiqi əhəmiyyətli rol oynayır. İldən-ilə nəqliyyat vasitələrinin artdığı bir vaxtda yolların əsaslı təmir olunması, genişləndirilməsi, yol hərəkətinin nümunəvi təşkili və hərəkət iştirakçıları tərəfindən qaydalara əməl olunması və digər addımların atılması, məhz hərəkətin təhlükəsizliyinin təmin olunmasında əsas amil olur.

    O da hər kəsə məlumdur ki, qəbul olunmuş “Dövlət Proqramı”na uyğun ölkəmizdə bir çox islahat proqramları həyata keçirildi ki, bu da zaman etibarilə özünü göstərməyə başladı. Belə ki, illər keçdikcə hər sahədə, o cümlədən təhsildə, səhiyyədə, mədəniyyətdə, aqrar sahədə, iqtisadi sektorda, o cümlədən yol polisi sahəsində yeniləşmə prosesinə geniş imkanlar yaradıldi və bütün bunlar da, məhz əldə olunan uğurları tam şəkildə sübut etməyə əsas verir. Hazırda dövlətimizin əsas strateji əhəmiyyət kəsb edən sahələrindən biri də Baş Dövlət Yol Polisi İdarəsi və onun tabeçiliyində fəaliyyət göstərən qurumlardır ki, onların fəaliyyətləri hər zaman diqqət mərkəzində olub. Belə bir səbəb üzündən də istər yol hərəkəti qaydalarının tənzimlənməsi, vətəndaşların təhlükəsiz hərəkətlərinin təmin olunması, istərsə də ekoloji tarazlığın qorunması və s. zaman etibarilə aktuallıq kəsb edib. Bu yöndə atılan addımların uğurlu alınmasının həm obyektiv, həm də subyektiv səbəbləri var ki, həmin səbəblər içərisində ən əsası BDYPİ-nə təcrübəli bir şəxsin, polis general-mayoru cənab Ramiz Zeynalovun rəhbərlik etməsidir. Bəli, bu gün yol hərəkəti qaydalarını pozan, mövcud qanunvericiliyin tələblərinə zidd addımlarını atan sürücülər dərhal aşkarlanır və qanun qarşısında da cəzalandırılırlar.

    Faktdır ki, BDYPİ-nin rəisi cənab Ramiz Zeynalovun həyata keçirdiyi müdrik idarəçiliyin və yol polisi əməkdaşları tərəfindən aparılan təbliğati işlərin nəticəsi olaraq, son vaxtlar respublikamızda ölümlə nəticələnən yol-nəqliyyat hadisələrinin sayı ötən illərə nisbətən xeyli azalıb. Bütün bunlar yol polisi əməkdaşlarının atdıqları addımların, apardıqları təbliğati işlərin əsasında əldə olunan göstəricilərdir. Yəni, yol polisi sahəsinə aid verilən statistik məlumatlar onu söyləməyə əsas verir ki, BDYPİ-nin rəhbərliyi və bu sahədə çalışanlar xalqa, dövlətə layiqincə xidmət etməkdədirlər. Digər tərəfdən, ölkəmizin şəhər və rayonlarında yol polisi əməkdaşlarına göstərilən diqqət və qayğı artdıqca, onların lazımi avadanlıqlarla, digər texniki vasitələrlə təminatları yaxşılaşdıqca, yol polisi əməkdaşları üzərinə düşən vəzifələrinin öhdəsindən daha dolğun şəkildə gəlirlər.

    Onu da qeyd edək ki, yol polisi əməkdaşlarının atdıqları hər bir addım daim rəhbərliyin nəzarəti altında olur və hansısa nöqsan, hansısa qanunsuzluq əməli aşkarlanarsa ləngimədən xidməti yoxlamalar aparılır və bununla bağlı lazımı tədbirlər də görülür. Bu yöndə aparılan araşdırmalar texniki vasitələrin köməyi ilə həyata keçirilir və həmin vaxt sahələr üzrə yerlərləki aidiyyəti əməkdaşlar da araşdırma işlərinə cəlb olunurlar. Sonda aparılmış araşdırma işlərinin nəticəsi haqda rəhbərliyə məruzə olunur və əldə olunan nəticə əsasında qərar qəbul olunur.

    Bəli, bu gün də BDYPİ-nin rəhbərliyi tərəfindən verilmiş tapşırıqlar yol polisi əməkdaşları tərəfindən ən yüksək səviyyədə yerinə yetirilir. Məsələn, yol polisi əməkdaşları vətəndaşlara davranış qaydalarına, sanitar tələblərə, yol hərəkəti və informasiya təhlükəsizliyinin təmin olunması yöndə üzərinə düşən vəzifələri yerinə yetirməyi tövsiyyə edirlər, həmçinin vətəndaş sayıqlığının artırılması istiqamətində müəyyən məsləhətlərini də çatdırırlar. Bundan əlavə, onlar sürücüləri, digər yol hərəkət iştirakçılarını intizamlı olmağa, xəta törətməklə bağlı təhlükə yaratmamağa da dəvət edirlər. Diqqət yetirək ki, yol polisi əməkdaşları xidməti vəzifələrini yerinə yetirərkən təkcə sürücülərə qarşı deyil, hər bir şəxsə qarşı nümunəvi vətəndaşlıq münasibəti göstərirlər. Yəni, onlar isti yay günlərində dövlət yol polisinin stasionar postlarını ötüb keçən şəxsin, yaxud da şəxslərin səhhətində hansısa problem əmələ gələrsə, o halda lazımi köməkliyi göstərirlər. Ələlxüsus, təzyiqi əmələ gələn, içməli suya ehtiyacı olan və s. şəxslərə dayaq olurlar. Bütün bunlar BDYPİ-nin rəisi cənab Ramiz Zeynalov tərəfindən verilən tapşırıqlardır ki, bunlar da onun xarakterik xüsusiyyətindən, yüksək insani keyfiyyətə malik olmasından irəli gələn addımlar olur.

    Bir faktı da qeyd edək ki, ölkəmizdə koronovirus (COVİD-19) infeksiyasının tüğyan etdiyi vaxtlarda yol polisi əməkdaşları da, məhz məsuliyyətli yükün daşıyıcıları oldular. Yəni, onlar magistral yollarda quraşdırılmış buraxılış məntəqələrində lazımi yoxlanışları aparmaqla, onlara həvalə olunmuş vəzifələrini yüksək səviyyədə yerinə yetirdilər. Bu da onu söyləməyə əsas verir ki, yol polisi əməkdaşları ən çətin, ən kritik vəziyyətlərdə xalqımızın, dövlətimizin yanında durmağı bacardılar. Sözsüz ki, indiki dövrümüzdə bir tarixdir və bu gün xalqına, dövlətinə layiqincə xidmət еdən hər bir vəzifə sahibi, o cümlədən BDYPİ-nin rəisi, onun tabeçiliyində çalışan şəxsi heyyət müasir Azərbaycanımızın tarixində silinməz izlər buraxmaqdadırlar.

    Bütün bunlar onu söyləməyə əsas verir ki, 1994-cü ildən BDYPİ-nin rəisi vəzifəsini daşıyan polis general-mayoru cənab Ramiz Zeynalov və onun rəhbərliyi altında çalışan şəxsi heyyət, hal-hazırda onlara həvalə olunmuş vəzifənin öhdəsindən layiqincə gəlirlər. İnanırıq ki, BDYPİ-nin rəisi, polis general-mayoru cənab Ramiz Zeynalovun peşəkarlığa söykənən fəaliyyəti bu gün olduğu kimi, gələcəkdə də lazımınca dəyərləndiriləcək. Deməli, bu yöndə atılan addımlar ölkə rəhbəri cənab İlham Əliyevin yürütdüyü daxili siyasətə verilən dəstəkdir. Belə bir səbəblər üzündəndir ki, hazırda tam əksəriyyətin düşüncəsində yol polisi əməkdaşlarına qarşı xüsusi inam hissi formalaşıb.

    Hazırladı: Xəlil XƏLİLOV


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR