Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının üzvlərinin qeyri-hökumət təşkilatları ilə təşkil olunan onlayn silsilə görüşləri davam edir. Bu tədbirlərin davamı olaraq, Agentliyin Müşahidə Şurasının üzvü Azər Allahverənov əlaqələndiricisi olduğu ekologiya və ətraf mühitin qorunması sahəsində fəaliyyət göstərən təşkilatların rəhbərləri və fəalları ilə video formatda görüş keçirib.
Görüşdə iştirak edən Agentliyin İcraçı direktoru Fuad Dərgahlı qurumun məqsəd və vəzifələri, strategiyası və qeyri-hökumət təşkilatları ilə əməkdaşlıq perspektivləri, həmçinin qurumun nizamnaməsindən irəli gələn addımların atılması və bu istiqamətdə icrası nəzərdə tutulan gələcək planlar barədə məlumat verib.
Azər Allahverənov ekologiya sahəsində fəaliyyət göstərən təşkilatların hazırkı vəziyyəti, onların icra etdikləri layihə və proqramlar, həmçinin bu sahədə xüsusi aktuallığı ilə xarakterizə edilən bir sıra məsələlər barədə danışıb. Ekoloji təşkilatlarla Agentlik arasında əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsinin vacibliyi barədə fikir söyləyən Müşahidə Şurasının üzvü qrant müsabiqələri çərçivəsində mövzu istiqamətlərinin sistemləşdirilməsi məqsədilə qeyri-hökumət təşkilatları ilə geniş məsləhətləşmələrin aparılmasına ciddi ehtiyacın olduğunu vurğulayıb və bu səbəbdən görüş iştirakçılarını təşkil olunan bu müzakirədə fikir bildirməyə dəvət edib.
Görüşdə iştirak edən ekoloji təşkilatların nümayəndələri ölkədə geniş vüsət alan ictimai iştirakçılığın təşviqində ekoloji təşkilatlar üçün geniş imkanların yaradılması və bu kimi təşkilatların ixtisaslaşmış ictimai şuralarda təmsil olunmalarının qarşısını alan mexanizmlərin aradan qaldırılması, ekoloji təşkilatların vahid platformadan çıxış etmələri üçün Agentlik tərəfindən şəraitin yaradılması (mələsən, ekoloji forumların və ictimai müzakirələrin keçirilməsi), meşələrin qırılması, Kürdə və digər çaylarda suların quruması, istirahət yerlərində fəaliyyət göstərən iaşə obyektlərinin yaxın ərazilərdə yaşayan əhalinin içməli suya olan tələbata təsirinin qiymətləndirilməsi məqsədilə monitorinqlərin keçirilməsi və araşdırmaların aparılması, ətraf mühitin qorunması ilə əlaqədar beynəlxalq tədbirlərin təşkil olunması, işğaldan azad edilmiş ərazilərdə ekoloji böhranın miqyasının öyrənilməsi və ekoloji tarazlığın təmin olunması üçün tədbirlərin təşkili və digər aktual məsələlərlə bağlı əsaslandırılmış fikirlər söyləyib, hər bir istiqamət üzrə mühüm təkliflərlə çıxıb ediblər. Bununla yanaşı görüş iştirakçıları həmçinin tibbi tullantıların yaratdığı ekoloji problemlər və bu kimi ləvazimatların utilizasiyasına dair layihələrin icrası, iqlim dəyişikliyi ilə bağlı vəziyyətin öyrənilməsi və istilərə adaptasiya tədbirlərinin həyata keçirilməsi, paytaxtın və ölkənin böyük şəhərlərində havanın çirklənməsi və bunun qarşısını alacaq fəaliyyətlərin icrası, eləcə də, ekoloji təşkilatların institusional dayanıqlılığının artırılması və onların inzibati bacarıqlarının inkişaf etdirilməsi, o cümlədən beynəlxalq müstəvilərdə təmsil olunacaq ekoloji təşkilatlar şəbəkəsinin yaradılması və gücləndirilməsi ilə bağlı fikirlər söyləyiblər.
Görüşün sonunda Azər Allahverənov xüsusilə bildirib ki, ekoloji təşkilatlarla bu kimi müzakirələr vaxtaşırı aparılacaq və həmin tədbirlərdə qeyri-hökumət təşkilatları tərəfindən bildirilən fikirlər və irəli sürülən təkliflər Agentlik tərəfindən icra olunan müsabiqələr zamanı xüsusilə nəzərə alınacaqdır.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.