AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

“ASAN Könüllüləri” Təşkilatının bir qrup üzvü Milli Məclisdə olub

  • + A
  • - A
  • 5-10-2023, 23:29

    “ASAN Könüllüləri” Təşkilatının bir qrup üzvü  Milli Məclisdə olub

    Oktyabrın 5-də “ASAN Könüllüləri” Təşkilatının 50-yə yaxın üzvü 2023-cü ilin “Heydər Əliyev ili” elan olunması ilə əlaqədar keçirilən tədbirlər çərçivəsində Milli Məclisdə Ulu Öndər Heydər Əliyevin yaxın silahdaşı olmuş parlamentin İntizam komissiyasının sədri Eldar İbrahimovla görüşüblər.
    Görüşdən əvvəl könüllülər Milli Məclisin inzibati binasının foyesində Ulu Öndər Heydər Əliyevin xatirəsinə ucaldılmış abidə qarşısında xatirə şəkli çəkdiriblər.
    Sonra parlamentin plenar iclas zalı ilə tanış olan könüllülərə Milli Məclisin fəaliyyəti haqqında geniş məlumat verilib, qanunvericilik prosesinin həyata keçirilməsinə dair onları maraqlandıran suallar cavablandırılıb.
    ”Heydər Əliyev adına xatirə zalı”na dəvət olunan könüllülər, müasir müstəqil Azərbaycanın qurulmasında müstəsna rolu olan Ümummilli Lider Heydər Əliyevin həyatının və siyasi fəaliyyətinin müxtəlif dövrlərini əks etdirən eksponatlarla tanış olublar.
    Ulu Öndərin zəngin irsinin davamçısı olan Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində qazanılmış qələbəyə həsr olunmuş Zəfər Guşəsi ilə tanış olan könüllülərə Milli Məclisin foyesində yaradılmış həmin guşə haqqında məlumat verilib. Bildirilib ki, Milli Məclisin sədri Sahibə Qafarovanın təşəbbüsü ilə yaradılmış həmin Guşəyə müharibə dövründə canlarından keçərək şəhidlik zirvəsinə ucalan əsgər və zabitlərimizin adları həkk olunub. Qonaqlar Guşədə yer alan Vətən müharibəsində qələbə münasibətilə təsis olunmuş orden və medallarla da tanış olublar.
    Sonra Ulu Öndər Heydər Əliyevin yaxın silahdaşı deputat Eldar İbrahimovla görüş keçirilib. Könüllüləri Milli Məclisdə salamlamaqdan məmnunluğunu bildirən deputat Eldar İbrahimov onlara Heydər Əliyevin müasir müstəqil Azərbaycan dövlətinin qurulması yolunda həyata keçirdiyi nəhəng işlər, bu yolda qarşılaşdığı çətinlikləri ustalıqla dəf etməsi, hələ sovet dövründə Azərbaycanın müstəqil olacağı günləri əvvəlcədən görməsi və bununla bağlı gördüyü tədbirər barədə danışıb, Ümummilli Lider Heydər Əliyev barədə xatirələrini bölüşüb.
    Sonra Eldar İbrahimov Milli Məclisin Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi münasibətilə nəşr etdiyi “Heydər Əliyev və Azərbaycan parlamenti” adlı 3 cildlik kitabı qonaqlara hədiyyə edib. Görüşdə iştirak edən parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri, kitabın tərtibçi-redaktoru Mehman Qaibov məlumat verib ki, Milli Məclisin sədri Sahibə Qafarovanın təşəbbüsü və məsul redaktorluğu ilə nəşr olunmuş kitabda Heydər Əliyevin 1993-cü ildə Ali Sovetin sədri olduğu 4 ay ərzində keçirilmiş parlament iclaslarının stenoqramları ilk dəfə oxuculara təqdim olunur. O, bildirib ki, gənc nəsillər üçün faydalı olacaq bu nəşrdə bir sıra tarixi məqamlar və fotoşəkillər öz əksini tapıb.
    Sonra Milli Məclis tərəfindən hazırlanmış “Heydər Əliyev - zamanın fövqündə” adlı sənədli film qonaqlara təqdim olunub. İdeya müəllifi Milli Məclisin sədri Sahibə Qafarova olan film barədə məlumat verən ssenari müəllifi Mehman Qaibov qeyd edib ki, filmin hazırlanmasında Milli Məclisin arxiv materiallarından istifadə olunub və Heydər Əliyevin filmdə nümayiş etdirilən bir neçə çıxışı ilk dəfə geniş ictimaiyyətə təqdim edilib.
    Görüşün sonunda “ASAN Könüllüləri” Təşkilatının üzvləri maraqla “Heydər Əliyev - zamanın fövqündə” sənədli filmini izləyiblər.







    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR