AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

“Prokurorluq orqanları tərəfindən 2023-cü ildə görülmüş işlərin yekunları və qarşıda duran vəzifələrə dair” Geniş Kollegiya iclası

  • + A
  • - A
  • 26-01-2024, 21:51

    “Prokurorluq orqanları tərəfindən 2023-cü ildə görülmüş işlərin yekunları və qarşıda duran vəzifələrə dair” Geniş Kollegiya iclası

    Yanvarın 26-da Azərbaycan Respublikasının Baş Prokurorluğunda Mərkəzi aparatın, Respublika Hərbi, Naxçıvan Muxtar Respublikası və Bakı şəhər prokurorluqlarının rəhbər heyətinin, rayon (şəhər) və ərazi hərbi prokurorlarının iştirakı ilə 2023-cü ildə prokurorluq orqanları tərəfindən cinayətkarlığa qarşı mübarizə, ədalət mühakiməsinin həyata keçirilməsində iştirak, qanunların icra və tətbiq olunmasına nəzarət, cinayət mühakimə və cinayət təqibindən kənar icraatlarda insan hüquq və azadlıqlarının müdafiəsi və qanunla müəyyən edilmiş digər sahələrdə görülmüş işlərin vəziyyəti və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş Geniş Kollegiya iclası keçirilib.
    Tədbirdən öncə Baş Prokurorluğun Kollegiya üzvləri müasir dövlətimizin qurucusu, memarı Ümummilli lider Heydər Əliyevin büstü önünə gül dəstələri qoyub, unudulmaz xatirəsini ehtiramla yad edib.
    Həmçinin, iştirakçılar tərəfindən Kollegiya iclasının başlanğıcında Ümummilli lideri Heydər Əliyevin, vətənimizin ərazi bütövlüyü uğrunda şəhid olmuş əsgər və zabitlərimizin, vətəndaşlarımızın ruhu bir dəqiqəlik sükutla yad edilib, qazilərimizə şəfa arzu edilib.
    Kollegiya iclasında çıxış edən Baş prokuror Kamran Əliyev 2023-cü ilin Azərbaycan Respublikası üçün tarixi, siyasi və ictimai əhəmiyyət kəsb edən hadisələrlə zəngin bir il olduğunu bildirib.
    Qeyd edilib ki, 2023-cü ildə müstəqil Azərbaycan dövlətinin qurucusu Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyi ölkəmizdə böyük təntənə ilə qeyd edilmişdir.
    Xalqımızın yaddaşında və dövlətçilik tariximizdə “xilaskar” obrazında iz qoymuş müdrik siyasətçi Heydər Əliyevin həyat və yaradıcılığı, müstəqil Azərbaycanın, onun dövlət və hüquq sisteminin quruculuğunda və inkişafındakı rolu, hüquqi dövlət və vətəndaş cəmiyyətinin bərqərar edilməsi istiqamətində həyata keçirdiyi islahatlardan bəhs edərək hər bir azərbaycanlı tərəfindən Heydər Əliyevin əbədi yaşar ruhunun illər sonra da dərin ehtiramla anılacağı vurğulanıb.
    Çıxışda həmçinin qeyd olunub ki, yola saldığımız 2023-cü il həm də cənab Prezident İlham Əliyevin ölkəyə rəhbərlik etməsinin 20 illiyinin tamam olması ilə də yadda qalmışdır.
    Azərbaycan dövlətçiliyinin əsasını qoymaqla yanaşı, onun idarə edilməsi, daxili və xarici siyasət kursu, ictimai-mədəni tərəqqisi istiqamətində Ümummilli lider tərəfindən müəyyən edilmiş ideya və prinsiplərə ilk gündən sadiq olan və onu layiqincə davam etdirən ölkə rəhbəri Azərbaycanı dünya miqyaslı bütün yüksək tribunalarda qürurla təmsil etmiş və onun artan nüfuzunun yüksələn xətt üzrə inkişafı üçün bütün səylərini səfərbər etmişdir.
    Dövlət başçısı tərəfindən həyata keçirilən siyasət ölkəmizi regionun əsas güc mərkəzinə çevirmiş, ölkənin iqtisadi rifahının tərəqqisinə, Azərbaycanın beynəlxalq aləmdə etibarlı tərəfdaş qismində tanınmasına rəvac vermişdir.
    Çıxışda o da vurğulanıb ki, qeyd edilən dövrdə möhtərəm Prezident cənab İlham Əliyevin uğurlu siyasi və diplomatik bacarığı sayəsində Azərbaycan siyasi müstəvidə də əhəmiyyətli uğurlara imza atmışdır.
    Müzəffər ordumuz tərəfindən həyata keçirilmiş “Fərrux”, “Sarıbaba-Qırxqız” və “Qisas” əməliyyatları, Laçın rayonu ərazisində sərhəd-keçid məntəqəsinin qurulması, nəhayət 2023-cü ilin sentyabr ayının 19-20-si tarixlərində icra edilən lokal antiterror tədbirləri ilə Azərbaycan bütün əraziləri üzərində suverenliyini tam bərpa edib və 15 oktyabr 2023-cü il tarixdə Azərbaycan Respublikasının şanlı bayrağı möhtərəm Prezident cənab İlham Əliyev tərəfindən Xankəndi, Xocavənd, Xocalı və Ağdərə şəhərlərində, Xocalı rayonunun Əsgəran qəsəbəsində ucaldılıb.
    Qısa müddət ərzində işğaldan azad edilmiş torpaqlarımızda cənab Prezident İlham Əliyevin rəhbərliyi və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın yaxından iştirakı ilə sürətli bərpa və yenidənqurma işlərinin icra edilməsi, hər bir tarixi, mədəni və dini abidələrimizin xüsusi həssaslıqla bərpa edilməsi, qısa müddət ərzində həmin ərazilərdə evlərin, yaşayış komplekslərinin, magistral yolların, Zəngilan və Füzulidə beynəlxalq hava limanlarının inşası və istifadəyə verilməsi hər bir vətəndaşımıza qürur və sevinc, dünya dövlətlərinə isə heyrət hissi yaşatmışdır.
    Zəngilan, Laçın və Füzuli rayonlarına öz doğma yurdlarından on illiklərlə didərgin düşmüş soydaşlarımızın köçürülməsi, həmin ərazilərdə bir zamanlar sönmüş həyat izlərinin yenidən bərpası xalqımıza bəxş edilmiş ən böyük sevinc hissi, dünya tarixində isə ədalətin bərpasına misal göstərilə biləcək ən böyük tarixi hadisədir.
    Təəssüf hissi ilə qeyd edilmişdir ki, Ermənistan tərəfinin apardığı mina terroru nəticəsində 2023-cü ildə mina və partlamamış hərbi sursat partlayışları nəticəsində 19 nəfər həlak olmuş, 39 nəfər müxtəlif dərəcəli bədən xəsarəti almışdır. 2020-ci ilin noyabr ayından hazırki vaxtadək isə ümumilikdə 342 şəxs bu terrorun qurbanı olmuş, onlardan 65 nəfəri həlak olmuş, 277 nəfəri müxtəlif dərəcəli bədən xəsarəti almışdır.
    Vurğulanıb ki, Birinci Qarabağ müharibəsi zamanı itkin düşmüş vətəndaşlarımızın müəyyən edilməsi istiqamətində Hərbi Prokurorluq, Dövlət Təhlükəsizliyi Xidməti, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası və aidiyyəti digər qurumlarla birlikdə zəruri tədbirlər görülür. Lakin mina məsələsində olduğu kimi, bu məsələdə də Ermənistan tərəfi əməkdaşlıq etməkdən yayınır və müvafiq məlumatları təqdim etməkdən imtina edir.
    Kollegiya iclasında eyni zamanda diqqətə çatdırılıb ki, 2023-cü ildə baş vermiş digər mühüm hadisələr isə Azərbaycan Respublikası Prezidentinin 07 dekabr 2023-cü il tarixli Sərəncamına əsasən 07 fevral 2024-cü il tarixinə növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinin elan edilməsi və 25 dekabr 2023-cü il tarixli Sərəncamla Azərbaycan Respublikasında 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi olmuşdur.
    İnam hissi ilə qeyd olunub ki, cari ildə keçirilməsi nəzərdə tutulan növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkisinin qanunun aliliyi təminatında keçirilməsi istiqamətində prokurorluq orqanları öz üzərinə düşən vəzifələri layiqincə icra edəcəkdir.
    Bundan əlavə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına Tərəf Dövlətlərin Bakı şəhərində keçiriləcək növbəti 29-cu Konfransının dövlətimizin nüfuzuna uyğun, təhlükəsiz və sabitlik şəraitində keçirilməsi üçün prokurorluq orqanları digər hüquq-mühafizə orqanları ilə birgə əməkdaşlıq çərçivəsində bütün səylərini səfərbər edəcəkdir.
    Baş prokuror Kamran Əliyev prokurorluğun əsas fəaliyyət istiqamətləri üzrə görülən işlərə və statistik göstəricilərə istinad etməklə hesabat dövründə Respublikada kriminogen durumun nəzarətdə saxlanıldığını, daxili işlər, dövlət təhlükəsizliyi və digər hüquq mühafizə orqanları ilə əlaqəli şəkildə ölkəmizdə ictimai-siyasi sabitliyin qorunduğunu, cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsi sahəsində zəruri tədbirlərin görüldüyünü qeyd edib.
    Bildirilib ki, 2023-cü ildə ölkə ərazisində 36811 cinayət qeydə alınmaqla onların 87,8 faizinin açılması təmin edilmiş, ümumilikdə ölkə üzrə cəmi 21104 cinayət işinin istintaqı tamamlanmışdır ki, bunlardan 1350-i prokurorluq orqanlarında istintaq edilmişdir.
    Bu müddət ərzində prokurorluq orqanları tərəfindən 902, ümumilikdə isə digər istintaq qurumları ilə birgə 16146 cinayət işinin ibtidai istintaqı yekunlaşdırılaraq baxılması üçün məhkəmələrə göndərilmişdir ki, ibtidai istintaqı tamamlanmış cinayət işləri və bəraətverici əsaslara rədd edilmiş materiallar üzrə ümumilikdə 509 milyon 237 min manat məbləğində maddi ziyan vurulduğu müəyyən edilərək onun 41,4 faizinin, yəni 210 milyon 936 min manat hissəsinin ödənilməsinə nail olunmuşdur.
    Prokurorluq orqanlarında ibtidai istintaqı aparılaraq yekunlaşmış cinayət işləri üzrə ümumilikdə 139 milyon 150 min manat məbləğində maddi ziyan vurulduğu müəyyən edilərək istintaq tədbirləri ilə onun 54,8 faizinin, yəni 76 milyon 223 min manat hissəsinin ödənilməsinə nail olunmuş, habelə 50 milyondan manatdan artıq məbləğdə əmlak üzərinə həbs qoyulmuşdur.
    Xüsusi qeyd edilib ki, prokurorluqda aparılan müasir məzmunlu islahat tədbirlərinin davamı kimi qurumun maddi-texniki bazasının möhkəmləndirilməsi, elmi-texniki nailiyyətlərdən istifadə etməklə fəaliyyətdə səmərəliliyinin artırılması işində müstəsna önəmə malik cənab Prezidentin 7 may 2021-ci il tarixli Fərmanında öz əksini tapmış “Elektron prokurorluq” informasiya sistemi artıq prokurorluq oqranlarının tam istifadəsinə verilmiş və bəzi informasiya sistemlərinə inteqrasiyası təmin edilmişdir, hazırda sistemin təkmilləşdirilməsi və digər informasiya sistemlərinə inteqrasiya olunma istiqamətində işlər intensivliklə davam etdirilir.
    Hesabat dövründə dövlət başçısının siyasi fəaliyyətinin prioritet istiqamətlərindən olan korrupsiyaya, rüşvətxorluğa qarşı barışmaz mübarizənin ötən dövrlərdə olduğu kimi davam etdirilərək Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən ölkə vətəndaşlarını ciddi narahat edən korrupsiya cinayətlərinin və hüquqpozmalarının daha geniş yayıldığı idarəçilik və xidmət sahələri aşkar edilməklə təqsirli şəxslərin məhkəmə məsuliyyətinə verildiyi bildirilib.
    2023-cü il ərzində Baş İdarədə fəaliyyət göstərən 161 saylı “Qaynar xətt” əlaqə mərkəzinə daxil olmuş müraciətlərin 71-i üzrə Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə cinayət işləri başlanmış, digərləri üzrə prokuror təsir tədbiri aktlarından istifadə edilməklə aidiyyəti qurumlarla əlaqəli şəkildə qabaqlayıcı tədbirlərin görülməsi təmin edilib.
    Bu müddət ərzində Baş İdarənin əməliyyat qurumları tərəfindən həyata keçirilən əməliyyat tədbirləri nəticəsində 56 şəxs cinayət başında yaxalanıb, əməliyyat üsul və vasitələrindən istifadə etməklə korrupsiya hüquqpozmaları barədə əldə edilmiş məlumatlar əsasında 158 cinayət işi başlanıb.
    Hesabat dövründə Baş Prokurorluğun İstintaq idarəsi tərəfindən 97 şəxs barəsində 44 cinayət işinin ibtidai istintaqı aparılmaqla baxılması üçün məhkəmələrə göndərilmiş, bunlardan 18 şəxs barəsində 7 iş qəsdən adam öldürmə faktları ilə bağlı olubdur.
    Kollegiya iclasında daxili işlər, dövlət təhlükəsizliyi və ədliyyə orqanları ilə birgə keçirilmiş peşəkar istintaq-əməliyyat tədbirləri ilə ötən illərdən bağlı qalmış qeyri-aşkar şəraitdə törədilmiş 10 qəsdən adam öldürmə cinayətlərinin açılması təmin edilməklə hesabat dövründə onlardan 4-ü üzrə təqsirli şəxslərin məhkəmə məsuliyyətinə verildiyi xüsusi vurğulanıb.
    Baş prokuror ötən illərdən bağlı qalmış və hesabat ilində qeydə alınmış qeyri-aşkar cinayətlərin açılmasında, ictimai sabitliyin və təhlükəsizliyin təmin edilməsində, habelə dini radikalizmə qarşı mübarizə sahəsində daxili işlər, dövlət təhlükəsizliyi xidməti və digər qurumların fəaliyyətini xüsusi qeyd edərək, göstərilən səmərəli və peşəkar əməkdaşlığa görə təşəkkürünü bildirib.
    Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokurorlarının iştirakı ilə hesabat dövründə birinci instansiya məhkəmələrində 16811 şəxs barəsində 15344, apellyasiya instansiyası məhkəmələrində 4652 şəxs barəsində 4137, kassasiya instansiyası məhkəməsində 2643 şəxs barəsində 2297 (bütün instansiya məhkəmələri üzrə cəmi 24106 şəxs barəsində 21778 iş olmaqla) cinayət işi və məhkəməyədək sadələşdirilmiş icraat üzrə materiallara baxılaraq yekun qərarlar qəbul edilib.
    2023-cü ildə prokurorluq orqanları tərəfindən 1436 apellyasiya və 625 kassasiya protestləri verilmiş, 687 apelyasiya protesti və 121 kassasiya protestləri təmin olunmaqla nəticədə məhkəmə səhvlərinin aradan qaldırılması təmin olunmuşdur.
    2023-ci ildə Respublika Hərbi Prokurorluğu tərəfindən Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin ordu quruculuğu sahəsində tapşırıqlarının icrası ilə əlaqədar Müdafiə Nazirliyi, Dövlət Sərhəd Xidməti və digər qurumlarla birlikdə zəruri tədbirlərin görüldüyü qeyd edilib.
    Kollegiya iclasında Naxçıvan Muxtar Respublikası Prokurorluğunda cinayətkarlığa və hüquq pozuntularına qarşı mübarizə sahəsində digər hüquq mühafizə orqanları ilə əlaqəli şəkildə uğurlu göstəricilər əldə olunduğu, istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətinə nəzarətin gücləndirildiyi, vətəndaşların müraciətlərinə baxılmasının diqqətdə saxlanıldığı bildirilib.
    Hesabat dövründə Bakı şəhər prokurorluğunun fəaliyyəti ümumən müsbət qiymətləndirilmiş, qeyri-aşkar şəraitdə törədilmiş cinayət işlərinin təxirə salınmadan açılması, maddi ziyanın ödətdirilməsi sahəsində müsbət nəticələrində əldə edilməsi təqdirə layiq hal qismində qeyd edilmişdir.
    Bununla belə, Respublikanın tabe rayon və şəhər, o cümlədən Bakı şəhəri üzrə bəzi tabe rayon prokurorluqlarına fəaliyyətlərində yol verdikləri nöqsanlarla bağlı, xüsusən də CPM-nin 303 və 318-ci maddələri ilə məhkəmələr tərəfindən ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirmiş prokurorlara işlərin qaytarılması və bəraət hökmlərinin çıxarılmasında say artımının qeydə alınması ilə bağlı ciddi iradlar bildirilmişdir.
    2023-cü ildə istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarətin səmərəliliyinin artırılması məqsədilə prosessual rəhbərlik və effektiv nəzarətin həyata keçirilməsini təmin edəcək mexanizmin təkmilləşdirilməsi üçün zəruri tədbirlər görülməklə cinayət işləri üzrə icraata xitam verilməsinə dair 657 qərar əsassız və qanunsuz hesab edilərək ləğv olunub, habelə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorlar tərəfindən 206 halda ittiham aktları təsdiq edilməyərək cinayət işləri əlavə istintaq aparılması üçün qaytarılmışdır.
    2023-cü il ərzində cinayət təqibindən kənar icraatlarla əlaqədar inzibati xəta haqqında protokol tərtib etmək səlahiyyətinə malik qurumlarla işgüzar əlaqələrin qurulması təmin olunmaqla 1559 inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərar qəbul edilib.
    Qeyd edilib ki, Baş Prokurorluğun “Çağrı Mərkəzi”nə 2023-cü ildə daxil olmuş müraciətlərdən 25724 müraciət üzrə vətəndaşlara onları maraqlandıran müvafiq hüquqi izahlar verilib, 3462 məlumat isə cinayət xarakterli olduğu üçün qeydə alınaraq araşdırılması aidiyyəti struktur qurumlara tapşırılmış və həmin məlumatlar üzrə cinayət işləri başlanmış, habelə müvafiq prokuror təsir aktları qəbul edilməklə zəruri tədbirlər görülmüşdür.
    Kollegiya iclasında qeyd edilib ki, ötən yarımildə xidməti, icra və əmək intizamının daha da möhkəmləndirilməsi, fəaliyyətlərində qanunsuzluq hallarına və prokurorluq işçisinə yaraşmayan hərəkətlərə yol verən işçilərə münasibətdə tələbkarlıq artırılıb, aparılmış xidməti yoxlamalar nəticəsində müxtəlif xətalar törətdiklərinə görə 30 prokurorluq işçisi intizam məsuliyyətinə cəlb edilib ki, onlardan 20-nə töhmət və ya şiddətli töhmət elan edilib, 7 nəfər vəzifədən azad edilib, 1 nəfərə irad tutulub, 1 nəfər isə prokurorluq orqanlarından xaric edilib, 1 nəfər rütbədən məhrum edilməklə prokurorluq orqanlarından xaric edilib.
    Kollegiya iclasında xüsusi müsadirə sahəsində görülmüş işlər barədə məlumat verilərkən ilk dəfə olaraq məhkum olunmuş şəxsin xarici ölkə bankında saxlanılan 1.281.000 ABŞ dolları məbləğində pul vəsaitinin müsadirə edilməsi barədə Azərbaycan məhkəməsinin qərarının xarici ölkə məhkəməsi tərəfindən tanınması və vəsaitin ölkəyə qaytarılması barədə qərar verilməsi diqqətə çatdırılıb.
    Hesabat dövründə prokurorluq orqanlarının beynəlxalq nüfuzunun artırılması istiqamətində xarici ölkələrin müvafiq orqanları və beynəlxalq təşkilatlarla əlaqələr genişlənib, Baş Prokurorluğun Beynəlxalq hüquqi əməkdaşlıq idarəsinin həyata keçirdiyi tədbirlərlə 45 nəfər təqsirləndirilən şəxsin ölkə xaricindən ekstradisiyası təmin edilib.
    Həmçinin qeyd olunub ki, 2024-cü ilin sentyabr-oktyabr aylarında Bakı şəhərində dünya prokurorların təşkilatı olan Beynəlxalq Prokurorlar Assosiasiyasının 29-cu illik iclası və konfransı keçirilməsi nəzərdə tutulur.
    Vurğulanıb ki, 2023-cü ildə də vətəndaş müraciətlərinə baxılması və onların qəbulu işinin düzgün təşkili daim diqqətdə saxlanılmış, müraciətlərə baxılması və vətəndaşların qəbulu sahəsində nöqsanların aradan qaldırılması, şəhid ailələri və qazilərin müraciətlərinə xüsusi həssaslıqla yanaşılması, informasiya-kommunikasiya texnologiyalarının nailiyyətlərindən istifadə olunması, əməkdaşların peşə hazırlığının yüksəldilməsi istiqamətində zəruri tədbirlər görülüb.
    Bu müddətdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına və bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Baş prokuror tərəfindən Respublikanın 17 rayon və şəhərində, o cümlədən Naxçıvan şəhəri daxil olmaqla ümumilikdə 71 bölgədən 913 vətəndaş qəbul edilməklə müraciətlərdə qaldırılan və bilavasitə prokurorluq orqanlarının səlahiyyətlərinə aid olan məsələlərin qanunauyğun həlli barədə Baş Prokurorluğun əlaqədar struktur qurumlarının rəhbərlərinə və tabe prokurorlara müvafiq göstərişlər verilmiş, həmçinin təsərrüfat, əmlak, mülki xarakterli mübahisələrə və sosial məsələlərə dair müraciətlərin müvafiq mərkəzi, yerli icra hakimiyyəti və məhkəmə orqanlarında zəruri tədbirlərin görülməsi məqsədilə aidiyyəti üzrə göndərilməsi təmin edilib.
    Hesabat dövründə Elm-Tədris Mərkəzi tərəfindən prokurorluq işçilərinin və digər hüquq mühafizə orqanlarının əməkdaşlarının peşə hazırlığının artırılması üçün təlimlər, “İlin ən yaxşı müstəntiqi” və “İlin ən yaxşı dövlət ittihamçısı” müsabiqələrinin keçirildiyi, bir sıra tədris-metodiki vəsaitlərin hazırlandığı diqqətə çatdırılıb.
    Hesabat ilində Azərbaycan Respublikası Prokurorluğunun başlıca fəaliyyət istiqamətlərindən olan ölkəmizin hüquq ictimaiyyəti, aparıcı elm və təhsil müəssisələri, hüquq mühafizə orqanları akademiyaları ilə əməkdaşlıq əlaqələrinin daha da inkişafına töhfə verən Baş prokuror yanında Elmi-Məsləhət Şurasının iclasları keçirilməklə geniş müzakirələr və faydalı fikir mübadiləsinin aparıldığı bildirilib.
    Kollegiya iclasında hesabat dövrü ərzində görülmüş müsbət işlərlə yanaşı, fəaliyyət istiqamətləri üzrə işin səmərəliliyinə mənfi təsir göstərən hallar Baş Prokurorluğun müvafiq struktur qurumlarının rəhbərlərinin iştirakı ilə ətraflı təhlil olunmaqla, istintaq işi və ibtidai araşdırmaya prosessual rəhbərliyin həyata keçirilməsinin keyfiyyətinin artırılması, cinayət prosesi iştirakçılarının hüquqlarının təmin olunması, habelə hüquqi və fiziki şəxslərə vurulmuş zərərin ödənilməsi, vətəndaş müraciətlərinə baxılması və onların qəbulu ilə əlaqədar işin təşkilinin daim diqqət mərkəzində saxlanılması istiqamətində zəruri tədbirlərin görülməsi tələb olunub.
    Xüsusilə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğurunda şəhid olmuş və itkin düşmüş şəxslərin ailə üzvlərinin, yaxın qohumlarının, o cümlədən sağlamlığını itirmiş vətəndaşlarımızın müraciətlərinə təxirəsalınmadan baxılmaqla, onların dərhal qəbul edilmələrinin təmin edilməsi, bu kateqoriyadan olan şəxslərə diqqət göstərilməsinin vacibliyi vurğulanıb.
    Kollegiya iclasında Baş prokuror tərəfindən Azərbaycana və Azərbaycan xalqına qarşı Ermənistan Respublikası və qondarma rejim tərəfindən törədilmiş ağır və xüsusilə ağır cinayətlərlə bağlı separatçılar barəsində olan cinayət işi üzrə milli qanunvericiliyə və ölkəmizin tərəfdar çıxdığı beynəlxalq sənədlərə uyğun olaraq tam, hərtərəfli və obyektiv istintaq aparılmaqla, bütün zərərçəkmiş şəxslərin, habelə bu cinayətlər nəticəsində dövlətə və vətəndaşlara vurulmuş maddi ziyanın müəyyən edilməsi, eləcə də təqsirli şəxslərin tam dairəsinin və onların ittihamlarının həcminin dəqiqləşdirilməsi, qısa müddət ərzində cinayət işinin ibtidai istintaqının yekunlaşdırılaraq məhkəməyə göndərilməsi, habelə qeyd edilən iş çərçivəsində işğalda olmuş torpaqlarımızda qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmuş müxtəlif Avropa şirkətlərinin vəzifəli şəxslərinin milli və beynəlxalq qanunvericiliyə uyğun olaraq cinayət məsuliyyətinə cəlb edilməsi məqsədilə müvafiq tədbirlərin görülməsi barədə tapşırıq verilib.
    Baş Prokurorluğun əlaqədar struktur qurumları və müvafiq tabe prokurorlar tərəfindən daxili işlər orqanları ilə əlaqəli şəkildə 2023-cü ilin nəticələrinə görə artımı müşahidə olunan cinayətlərin profilaktikası istiqamətində zəruri tədbirlərin görülməsi, eyni zamanda, cəzanın labüdlüyü prinsipinin təmin edilməsi məqsədilə bağlı qalmış cinayətlərin açılması və təqsirkar şəxslərin cinayət məsuliyyətinə cəlb olunması üçün müvafiq tədbirlərin görülməsinin zəruriliyi diqqətə çatdırılıb.
    Daha sonra Azərbaycan Respublikası Baş prokurorunun birinci müavini Elçin Məmmədov, müavinləri Elmar Camalov və Heydər Məmmədov hesabat dövründə fəaliyyət, bu zaman yol verilmiş nöqsanlar və onların aradan qaldırılması istiqamətində görülməli tədbirlər barədə, Gəncə və Mingəçevir şəhər, Füzuli və Zəngilan rayon prokurorları hesabat dövründə görülmüş işlərlə bağlı, Baş Prokurorluğun Təşkilat və icraya nəzarət idarəsinin rəisi isə “Azərbaycan Respublikası Prokurorluğunun 2024-2026-cı illər üzrə Strateji İnkişaf Konsepsiyası”nın layihəsi ilə bağlı məruzələrlə çıxış edib, məruzələr ətrafında fikir mübadiləsi aparılmaqla qarşıda duran vəzifələrə dair tapşırıqlar verilib.
    Kollegiya iclasına yekun vuran Baş prokuror Kamran Əliyev Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə həyata keçirilən uğurlu dövlətçilik siyasətini hərtərəfli dəstəkləyən prokurorluq orqanlarının bundan sonra da digər hüquq mühafizə orqanları ilə əlaqəli şəkildə ictimai-siyasi sabitliyin və əmin-amanlığın qorunması, cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsi, insan hüquq və azadlıqlarının etibarlı müdafiəsi üçün zəruri tədbirlərin görülməsini təmin edəcəyinə əminliyini ifadə edib.




    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR