AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Sahibə Qafarova Türkiyənin “Daily Sabah” jurnalına müsahibə verib

  • + A
  • - A
  • 23-10-2020, 19:04


    Bu günlərdə Milli Məclisin Sədri Sahibə Qafarova Türkiyənin nüfuzlu “Daily Sabah” nəşrinə müsahibə verib. Spiker müsahibəsində Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsindən danışıb, uzun illər Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan xalqına qarşı törədilən xain terrorçuluq əməllərindən söz açıb.

    Bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

    Sahibə Qafarova vurğulayıb ki, biz Ermənistanın terrorçuluq əməlləri ilə 30 ildir üz-üzəyik. 1992-ci ildə baş verən Xocalı faciəsini, Ermənistanın Azərbaycanın ayrı-ayrı yerlərində törətdiyi digər terror hadisələrini hər kəs görüb.

    Spiker bildirib ki, bu ilin iyulunda Ermənistan silahlı qüvvələri Tovuz rayonuna hücum etməklə Azərbaycanın 20 faiz torpaqlarını işğal altında saxlamaqla qane olmadıqlarını, işğalın coğrafiyasını genişləndirməyə çalışdıqlarını ortaya qoymuş oldular.

    Ermənilərin yeni torpaq iddiaları avqust ayında ölkəmizə gizli kəşfiyyat qruplarını göndərməklə yenidən tam ortaya çıxdı, onlar yeni bir müharibəyə hazırlaşdıqlarının mesajini vermiş oldular. Sentyabrın 27-də isə Ermənistan silahlı qüvvələri cəbhə xəttinin müxtəlif istiqamətlərindən hücuma keçdilər. Azərbaycan ordusu da Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə əks hücum əməliyyatlarına, işğal altındakı torpaqları azad etmək üçün savaşa başladı.

    Parlamentin sədri Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanması üzrə mandat almış ATƏT-in Minsk qrupunun bu 30 ildə heç bir önəmli addım atmadığını vurğulayıb. Spiker bildirib ki, Ermənistanın bu müddətdə BMT Təhlükəsizlik Şurasının Azərbaycan torpaqlarını qeyd-şərtsiz işğaldan azad etmələri haqqında qətnamələrinə və digər beynəlxalq təşkilatların bu məsələ ilə bağlı sənədlərinə məhəl qoymadığını da Türkiyə oxucularının diqqətinə çatdırıb. Azərbaycanın bu gün öz ərazi bütövlüyünü rəşadətli ordusunun gücü ilə, hərbi yolla azad etməkdən başqa çıxış yolunun qalmadığını bildirib.

    Parlamentin sədri deyib ki, Azərbaycanın müzəffər ordusu ilə bacara bilmədiyini aşkar surətdə görən Ermənistan hələ də xain terrorçuluq əməllərindən əl çəkmir. İşğalçı ölkənin Azərbaycanın ikinci böyük şəhəri olan Gəncəni və digər şəhər və rayonlarımızı ballistik raket atəşinə tutması buna bariz sübutdur. Bu əməllər nəticəsində onlarla insan həlak oldu, 50-yə yaxın xəsarət alan oldu. Ölənlər arasında azyaşlı uşaqlar, məktəblilər, qocalar vardı.

    Daha sonra Spiker Ermənistanın Azərbaycan ordusunun gücü qarşısında duruş gətirə bilmədiyi üçün öz məğlubiyyətinə müxtəlif don geyindirməyə çalışmasından, ordumuzla bağlı həqiqətə uyğun olmayan iddialar irəli sürməsindən danışaraq deyib ki, Ermənistanın hərbi – siyasi rəhbərliyinin bu kimi iddiaları həqiqətdən tamamilə uzaqdır. Əksinə, Ermənistan silahlı qüvvələrinin tərkibində ASALA, PKK ünsürlərinin, müxtəlif ölkələrdən gələn silahlı muzdluların olması faktlarla sübut olunmuşdur.

    Müsahibədə Milli Məclis Sədri vurğulayıb ki, Azərbaycanın heç bir başqa dövlətin torpağında gözü yoxdur. Lakin, heç kəsin də Azərbaycan torpaqlarına göz qoymasına imkan verməyəcək. Biz öz Vətənimizi azad edirik və bu yolda sonuna qədər gedəcəyik. Azərbaycan heç vaxt öz torpağında ikinci erməni dövlətinin yaradılmasına imkan verməyəcək.

    Sahibə Qafarova müsahibədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın və bütün türk xalqının daim Azərbaycanın yanında olduğunu bəyan edib, bu dəstəyin Azərbaycan xalqı üçün çox dəyərli olduğunu bildirib.

    Spiker bu günlərdə Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentopun ölkəmizə səfərindən də danışıb. O, Mustafa Şentopun Milli Məclisin iclasında çıxış etməsinin, iclasdan dərhal sonra isə Gəncəyə yollanaraq oradakı vəziyyəti görməsi və insanları ziyarət etməsinin Türkiyənin Azərbaycana dövlət dəstəyinin bariz nümunəsi olduğunu deyib.

    "Dost çətin gündə tanınar. Türkiyə də çətin gündə bizə dost və qardaş əli uzadan ilk ölkədir. Biz bu qardaşlığın sarsılmaz təməllər üzərində qurulduğuna və daim yaşayacağına inanırıq" - deyə Milli Məclisin Sədri vurğulayıb.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR