Tikinti materiallarında müşahidə edilən qiymət dəyişikliyi payızdan etibarən mənzillərin də qiymətinə təsir edəcək.
Bunu “ARB 24”ün “Nə baş verir?” verilişinə açıqlamasında Ramil Qasımzadə deyib. O bildirib ki, hazırda daşınmaz əmlak bazarında sıçrayışlı qiymət artımı müşahidə edilməyib:
“Mənzil bazarında qiymət artımı olsa da, bu, cüzi olaraq baş verir. Lakin artıq bir neçə gündür ki, tikinti materialları bazarında sıçrayışlı qiymət artımları müşahidə edirik. Təbii ki, bu da gələcəkdə mənzillərin qiymətinə təsirsiz ötüşməyəcək. Əvvəllər 1 kub metri 280 manata satılan taxta hazırda bazarda 400-450 manata təklif olunur. Bu qiymətlərin daha da artacağı istisna edilmir. Bunun da səbəbi taxtanın gətirildiyi ölkə olan Rusiyada müəyyən məhdudiyyətlərin tətbiq edilməsi və qiymətlərin yerli bazarda artmasıdır. Bundan başqa dəmir məmulatların da qiymətinin artması bizə əsas verir ki, gələcəkdə daşınmaz əmlak bazarında qiymətlər əvvəlki qiymətlərdən daha artıq olacaq”.