Nazirlər Kabineti yanında Operativ Qərargahın müvafiq qərarı ilə Azərbaycanda iyulun 1-dən şənlik mərasimlərinin (toy, nişan və ad günü) keçirilməsinə icazə verilib. Amma bu zaman toy edəcək və məclisə qatılacaq şəxslər bəzi qaydalara əməl etməlidirlər. Onlardan biri də peyvənd olunmaqdır. Belə ki, 50 -150 nəfərin iştirakı ilə keçirilən toyda iştirak edən şəxsin vaksin pasportu olmalıdır. Bəs görəsən, COVİD-19 pasportu olmayan müğənni toy apara bilər?
Azadmedia.az xəbər verir ki, məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin (DİN) Kütləvi informasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev Axşam.az-a açıqlamasında peyvənd etdirməyən müğənninin toy apara bilməyəcəyini deyib.
"Daxili İşlər Nazirliyi və Qida Təhlükəsizliyi Agentliyinin ötən gün keçirdiyi monitorinqlərdə qayda pozuntusu müşahidə olunmadı. Toyda olan müğənnilərin vaksindən keçməməsi halına da rast gəlinmədi. Bu göstərir ki, müğənnilərin əksəriyyəti vaksinasiyadan keçib. Amma COVİD-19 pasportu olmayan müğənninin toy aparmasına icazə yoxdur.
İstər qapalı, istər açıq məkanlarda, istərsə də 50-150 nəfərin olduğu toy məkanlarda xidmət personalı, işçi heyətindən tam vaksinasiya, ya da avqustun 1-nə kimi ilk dozanın vurulması tələb edilir. Bu qaydaların qorunması ilə bağlı aidiyyəti qurumlar birgə nəzarət tədbirləri həyata keçirir", - E.Hacıyev bildirib.