Əliabbas Salahzadə
Milli Məclisin deputatı“Azərbaycanla Türkiyə dost və qardaş ölkələridr. İki ölkə həm sevincli, həm də kədərli günlərdə daim bir-birinin yanındadır. Qardaş Türkiyədə baş vermiş meşə yanğınlarını, bunun nəticəsində yaranmış vəziyyəti Azərbaycan xalqı olaraq böyük narahatlıqla və həyacanla izləyirik. Təəssüf ki, güclü yanğınlar nəticəsində insan itikisi baş verib, xeyli sayda türk qardaşlarımız evsiz-eşiksiz qalıb, həmçinin turizm sektoruna ciddi ziyan dəyib”. Bu fikirləri Milli Məclisin deputatı Əliabbas Salahzadə deyib.
Deputat bildirib ki, Azərbaycan xalqı bu çətin günlərdə qardaş türk xalqının yanındadır. Azərbaycan Prezidenti cənab İlham Əliyevin tapşırığına müvafiq olaraq, meşə yanğınlarının söndürülməsi və daha geniş miqyas almasına imkan verilməməsi məqsədilə qardaş Türkiyəyə Azərbaycandan yardım dəstələri göndərilib.
“Yanğınların başladığı ilk anlarda Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə Cümhuriyyətinin Prezidenti Rəcəb Tayyib Ərdoğana baş vermiş faciədən dərin kədər hissi keçirdiyini bildirib və Azərbaycan hökuməti və xalqının hər zaman olduğu kimi bu gün də qardaş Türkiyə xalqı ilə həmrəy olduğunu vurğulayıb. Azərbaycan Prezidentinin tapşırığına əsasən, Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürmə qüvvələri Türkiyədə meşə yanğınlarının söndürülməsində yaxından iştirak edirlər. Hazırda yüzlərlə FHN əməkdaşı təyyarə, helikopter və digər texnikalarla meşə yanğınlarının söndürülməsində fədakarcasına iştirak edirlər. Türkiyənin KİV-lərində yayımlanan xəbərlərdə Azərbaycanın Türkiyəyə göstərdiyi qardaş dəstəyi yüksək qiymətləndirilir. Biz həmçinin, sosial media vasitəsilə də azərbaycanlı və türk xilasedicilərin yanğınla necə fədakarlıqla mübarizə apardığının şahidi oluruq. Yanğınsöndürənlərimiz böhran məntəqəsinə çatmaq üçün hər gün kilometrlərlə piyada yol qət edərək alovla mübarizə aparırlar. Onlar qorxu bilmir, geri çəkilmir, alovla əzmlə mübarizə aparırlar. Azərbaycanın qəhrəman övladları mətanət və şücaətləri ilə tarix yazır, hər bir nümunəvi davranışları ilə qardaş türk xalqında olan Azərbaycan sevgisini zirvələrə qaldırırlar. Türk xalqı da Azərbaycanın bu qardaş dəstəyini yüksək dəyərləndirir”- deyə, millət vəkili vurğulayıb.
Əliabbas Salahzadə qeyd edib ki, Ulu Öndərimiz Heydər Əliyevin “Bir millət, iki dövlət” və Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir” kəlamları tarixin ən dar məqamlarında, ən çətin günlərində belə öz sözünü deyir: “Bu gün Prezident İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan da atdığı hər addımda bu iki dövlət adamlarının ideallarına sadiqdirlər. Eynilə, xalqımız, cəmiyyətimiz də sevincdə də, kədərdə də bir yerdədir. Bu baxımdan Türkiyənin müxtəlif bölgələrində baş vermiş güclü meşə yanğınları bizi dərindən kədərləndirir. Nəzərə alsaq ki, yanğında həyatını itirən insanlar, canlılar var, yanğın qardaş ölkəyə genişmiqyaslı maddi və mənəvi zərər vurub, hadisənin törətdiyi fəsadlar çoxdur. Azərbaycan hər zaman Türkiyənin yanındadır. Dünya ölkələri də öz dəstəyini göstərməlidir. Çünki ekologiyanın qorunması bəşəri bir məsələdir”.
Deputat Türkiyədə yanğınların məqsədli şəkildə törədilməsi haqqında yayılan məlumatlara münasibət bildirərək deyib ki, belə faktlar var bu, təəssüf doğurur: “Türkiyənin regionda və dünyada artan rolunu həzm edə bilməyən terror təşkilatları və onları himayə edən imperialist qüvvələr bəşəri cinayətə yol verirlər. Çünki təbiətə qarşı belə bir miqyasda cinayət törətmək insanlığa sığmayan hərəkətlərdir. Bu cür addımlarla Türkiyənin zəifləyəcəyini düşünənlər yanılırlar”.
Əliabbas Salahzadə Azərbaycan-Türkiyə qardaşlığının bütün çətinliklərin öhdəsindən gələcəyinə inamını ifadə edib: “Bildiyiniz kimi, bu gün Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olub. Dövlətimizin başçısı qardaş Türkiyənin müxtəlif bölgələrində baş vermiş güclü meşə yanğınları nəticəsində insanların həlak olması ilə əlaqədar Prezident Rəcəb Tayyib Ərdoğana bir daha başsağlığı verib. Prezident İlham Əliyev yanğınların söndürülməsi və onların törətdiyi fəsadların qarşısının alınmasında Azərbaycanın Türkiyənin yanında olduğunu bildirib və həmrəyliyini ifadə edib. Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğan isə meşə yanğınlarının ilk günlərindən Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq Azərbaycanın yanğınların söndürülməsində Türkiyəyə göstərdiyi dəstəyinə görə təşəkkürünü bildirib. O, Azərbaycandan olan yanğınsöndürənlərin yanğınsöndürmə əməliyyatlarında yüksək peşəkarlıq və sevgi ilə iştirak etdiyini vurğulayıb. Həmçinin, Prezident İlham Əliyev əlavə 40 ədəd yanğınsöndürən maşının artıq yola çıxdığını və sabah yanğın zonasına yetişəcəyini qeyd edərək, ərazidə xidmət göstərən yanğınsöndürən maşın və texnikanın sayının 93-ə çatacağını bildirib. Dövlətimizin başçısı yanğın zonasında 1 helikopter, 1 amfibiya tipli yanğınsöndürən təyyarənin və 150 nəfər əlavə heyət göndərilməklə 510 nəfər yanğınsöndürənin fəaliyyət göstərdiyini diqqətə çatdırib. Azərbaycan Prezidenti əlavə 200 nəfər xüsusi təlim keçmiş yanğınsöndürən heyətin də göndərilməsini təklif edib və beləliklə, Azərbaycandan olan yanğınsöndürən heyətin sayının 710 nəfərə çatdırılacaq. Bu, əsl qardaşlıq nümunəsidir. Ümid edirik ki, birgə səylər nəticəsində qardaş ölkədə yanğınların qarşısı tamamilə alınacaq”.