Azərbaycan ordusunun ötən ilin oktyabrında Hadrutu və daha sonra Füzulini azad edərkən düşməni necə darmadağın etdiyi, erməni bölmələrinin döyüş texnikasını və sursatı ataraq necə qaçdıqları haqda döyüşçülərimizin danışdıqları hekayətlərlə oxucular yəqin ki, tanışdır.
Azadmedia.az Virtualaz.org-a istinadən xəbər verir ki, cəbhənin həmin istiqamətində döyüşlərin necə getdiyi, Ermənistan ordusunun komandanlığının necə başını itirdiyi və xüsusi təyinatlılarımızın düşmənin arxasına keçib onu necə pərən-pərən saldığı haqda indi ermənilərin özləri danışırlar.
Bu döyüşlər indi irəvan məhkəməsində araşdırılır, erməni ordusunun o vaxt Füzuli-Hadrut istiqamətində mövqe tutmuş artilleriya diviziyonunun qərargah rəisi Gevorq Gevorqyan əsgərlərini atıb qaçmaqda ittiham olunur. Gevorqyanın diviziyonu 2020-ci il oktyabrın 12-də Füzuli şəhəri ətrafında Azərbaycan xüsusi təyinatlıları tərəfindən demək olar ki, tam tərkibdə məhv edilib. 21 nəfərdən 15-i öldürülüb. Həmin əsgərlərin valideyinləri isə günahı qondarma “dqr müdafiə naziri” olmuş general Calal Arutyunyanda və ordu korpusunun artilleriya rəisi Gennadi Baqdasaryanda görürlər. Bildirirlər ki, Calal Arutyunyan yaxınlaşan Azərbaycan xüsusi təyinatlıları barədə xəbəri alanda “bizimkilərdir, atmayın” deyib. Baqdasaryan isə artilleriya diviziyonunu daha əvvəl Azərbaycan pilotsuz təyyarəsinin zərbəsi ilə məhv edilmiş artilleriya batareyasının mövqelərinə qaytarıb, onlara vaxtında geri qaçmağa imkan verməyib.
Beləliklə, oktyabrın 5-də “Qarabağ müdafiə ordusu”nun 8-ci motoatıcı briqadasının D-20 qaubitsaları ilə silahlanmış diviziyonu Ağdamın Abdal-Gülablı kəndi yaxınlığındakı mövqelərindən Hadruta göndərilib. Çünki orada vəziyyət kifayət qədər ağır idi, Azərbaycan ordusu Hadrut istiqamətində irəliləyirdi.
Ölən əsgərlərdən birinin atası, istefada olan podpolkovnik Armen Əsriyan İrəvanda keçirdiyi mətbuat konfransında deyir ki, diviziyon artilleriya rəisi Baqdasaryanın əmri ilə Hadrut şəhərini keçib və “9-cu kilometr” deyilən sahədə yerləşib, döyüş mövqeyi tutub. Sonradan aydınlaşdığı kimi, “əks zərbə endirilməsi üçün”. Amma əks-zərbə planı iflasa uğrayıb, çünki Azərbaycan bölmələri Hadruta doğru irəliləyirdi, artilleriya zərbələri üçün isə rəqibin dayandırılması lazım idi.
Nəticədə diviziyon “9-cu kilometr” adlanan sahədən güclə canını qurtarıb və Xocavənd istiqamətində geri qaçıb. Lakin polkovnik Baqdasaryan onlara irəli getmək əmri verib. Diviziyon oktyabrın 8-9-da Füzulinin Cuvarlı kəndi ətrafında mövqe tutub.
“Oktyabrın 10-da pilotsuz təyyarə diviziyonunun 3-cü batareyasına zərbə endirib. Bundan sonra artilleriya rəisinin icazəsini alaraq diviziyon geri çəkilib. Amma bir neçə saat sonra polkovnik Baqdasaryan deyib ki, çox geri çəkilmisiniz, irəli gedin...”,-Əsriyan bildirir. Nəticədə diviziyon daha əvvəl Azərbaycan PUA-sının vurduğu mövqeyə geri qayıdır. Oktyabrın 12-də diviziyonun atəş mövqelərindən təxminən 1 kilometr məsafədə yerləşən müşahidə postundan məlumat gəlir: hansısa qrup onlara tərəf hərəkət edir. Diviziyon komandiri Tovmasyan və podpolkovnik Ayrapetyan dərhal bu haqda artilleriya rəisi Baqdasaryana məruzə edirlər. Hərəkət edən qrupun hansı tərəfə mənsub olduğunu soruşurlar.
Cavab alana qədər diviziyon komandiri bölmələrinə əmr edir ki, mövqeləri tərk etsinlər. Onlar tələm-tələsik sursatı maşına yükləyirlər, getməyə hazırlaşanda yeraltı komanda məntəqəsindən əmr gəlir: bunlar bizimkilərdir, atəş açmayın! Diviziyon komandiri bir daha dəqiqləşdirir və eyni cavabı alır. Nəticədə yaxınlaşan qrupu izləməyi dayandırırlar.
Bəs bu əmri verən kim idi? Polkovnik Baqdasaryan ölən əsgərlərin valideyinləri ilə söhbətində bildirib ki, qrupa atəş açmamaq və geri çəkilməmək barədə əmri şəxsən Calal Arutyunyan vermişdi. (Qeyd: həmin günlər Azərbaycan xüsusi təyinatlıları başda “Hadrut fatehi”, gizir , ölümündən sonra Vətən Müharibəsi Qəhrəmanı adını almış Camal İsmayılov olmaqla ermənilərin rabitə kanallarına daxil olaraq erməni dilində onların bölmələrini çaşdırıb, başqa istiqamətlərə yönləndirib, ehtimal ki, yaxınlaşan qrupu “özününkü” zənn edən Calal Arutyunyan da bu taktiki fənd nəticəsində aldanıb).
“Onlar cənub istiqamətindən gəliblər. Müşahidə postu yüksəklikdə idi, diviziyonun atəş nöqtələri isə aşağıda. Orada 1-ci və 2-ci batareyanın atəş mövqeləri olub, 3-cü batareya isə artıq yox idi...”,-Əsriyan deyir.
Yaxınlaşan Azərbaycan xüsusi təyinatlıları əvvəlcə düşmənin artilleriya diviziyonunun müşahidə postunu məhv edirlər və oradan diviziyonun atəş mövqelərinə, canlı qüvvəsinə atəş yağdırırlar. Əsriyan deyir ki, əvvəlcə mərmi dolu maşını qumbaraatanla vurublar, sonra şəxsi heyəti məhv ediblər.
Xüsusi təyinatlıların qəfil zərbəsindən şoka düşən diviziyonun qərargah rəisi Gevroq Gevorqyan birinci qaçır, necə qaçırsa hərbçilərdən biri onun avtomobilinə minib canını qurtarmağa da imkan tapmır. Əsriyan deyir ki, Gevorqyan qaçmazdan əvvəl avtomobilləri mövqelərə yaxınlaşdırmağı əmr edir, bu əmr yerinə yetirilir və nəticədə mərmi dolu yük avtomobili əla hədəfə çevrilir.
Ölən əsgərlərin valideyinləri deyirlər ki, günahkar təkcə mayor Gevorqyan deyil. Artilleriya rəisi Baqdasaryan və şəxsən Calal Arutyunyan da mühakimə olunmalıdır. “Əgər sən hədəfləri verirsənsə bilmirsən düşmən hardadır? Bilmirdin ki, oktyabrın 11-də artıq Məlikcanlı (Xocavəndin Bulutan inzibati ərazi dairəsində kənd) artıq götürülüb və o, atəş nöqtələrindən dörd kilometrlikdədir?”, - valideyinlər komandirlərə sual edirlər.
Əsriyan deyir ki, onlara Füzuli ətrafındakı mövqelərə geri qayıtmaq əmri gələndə diviziyonun zabitləri arasında mübahisə baş verib. Zabitlərin çoxu başa düşüb ki, onları ölümə göndərirlər.
“Hadrut ətrafında müdafiə xətti tam yarılmışdı: düşmənin diversiya qrupları, digər qruplar...ruslar demiş “proxodnoy dvor” idi. Amma deyirdilər ki, “qalib gəlirik, türkləri (azərbaycanlılar,-red.) Hadrutdan qovmuşuq. Heç nəyi qovmamışdılar...ayın 10-da türklər artıq Hadrutda idi, 11-də artıq Məlikcanlını götürmüşdülər, hansı ki, yeri gəlmişkən 18-ci diviziyonun komanda heyətindən orada çoxlu zabit öldü. Yenə də məlumatsızlıq üzündən, bunkerdən daxil olan məlumatlar üzündən...Gennadi Baqdasaryan deyir ki, Calal Arutyunyan deyib “gələnlər bizimkilərdir”. Nəyə görə? Bəyəm komandan bilmir ki, hansı dərəylə kimin qoşunu gedir?”,-Əsriyan sual edir.
Oktyabrın 27-də Azərbaycan ordusunun zərbəsindən möcüzə sayəsində, ağır yaralı halda sağ çıxan Calal Arutyunyan özü də bu iş üzrə dindirilib. Deyib ki, o yaxınlaşan qrupa atəş açmamaq barədə əmr verməyib, sadəcə deyib ki, “ola bilsin bizimkilərdir, baxın, özümüzünküləri öldürməyin...”. Valideyinlər isə deyirlər ki, ya Baqdasaryan yalan deyir, ya Arutyunyan özünü təmizə çıxarmağa çalışır.
“Mən Baqdasaryandan dəqiqləşdirdim: ona birmənalı şəkildə deyilib ki, gələnlər bizimkilərdir. Dəqiqləşdirib ki, yüz faiz, yoxsa şübhə var? Cavab verilib ki, yüz faiz, şübhə yoxdur. Axı heç olmasa bir az şübhə yeri olsaydı diviziyon atəş mövqeyini qoyub qaçmağa imkan tapardı...”, - Əsriyan bildirir.
Digər valideyin isə deyir ki, Arutyunyanın vurulması daha 4-5 batalyonu xilas etmiş olub. Çünki birinci və doqquzuncu müdafiə rayonlarının bir neçə batalyonu həmin günlərdə Füzuli ətrafında mövqe tutulmuşdu: sadəcə olaraq mövqelərdə oturmuşdular, heç nə edə bilmirdilər, üç tərəfdən mühasirədə idilər. “Türklər Füzulidə oturmuşdu, amma biz bir neçə batalyonu ön xətdə saxlayırdıq. Nəyin naminə? Nəyə görə onları vaxtında geri çəkmirdilər? Yaxşı ki, onu vurdular. Ondan sonra təyin olunan komandan ertəsi gün oradan qoşunları geri çəkdi: necəsə bir dəhliz vardı...Yaralılar orada susuzluqdan öldülər. Nəyin naminə orada batalyonları saxlamaqda davam edirdilər? Desinlər ki, guya bizim ön xəttimiz oradan keçir? Türk yaxşı bilirdi ki, qoşun darmadağın edilib...İnsanlar bu əraziləri böyük çətinliklə tərk edə biliblər...”,-mətbuat konfransında deyilib.
Qeyd edək ki, 44 günlük müharibə zamanı düşmənin 10 minə qədər hərbçisi fərarilik edib, döyüş meydanından qaçıb. Habelə əsgərlərini atıb qaçan komandirlər, əmrləri yerinə yetirməyənlər və iflasla nəticələnən əməliyyatlar hazırlayanlar barədə də çoxsaylı cinayət işləri araşdırılmaqdadır.