AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Masallı rayonu Binə Xocavar kənd Şəhidi Elməddin Nəzərovun anım mərasimi keçirilib

  • + A
  • - A
  • 18-11-2021, 08:04



    Şəhid əsgər Elməddin Nəzərovun anım mərasimi təşkil olunub.

    Azadmedia.az-ın cənub bürosunun məlumatına görə, 17 noyabr 2021-ci il tarixdə Masallı rayonunun Binə Xocavar kəndində 44 günlük Vətən müharibəsinin şəhid əsgəri Elməddin İsmayıl oğlu Nəzərovun anım mərasimi keçirilib.

    Mərasimdə Masallı Rayon İcra Hakimiyyətinin başçısı cənab Şahin Məmmədov və aparatı, müəssisə və təşkilat rəhbərləri, SHXÇDX Masallı rayon şöbəsinin əməkdaşları, YAP Masallı Rayon Təşkilatının fəalları, şəhid ailələri, qazilər, kənd sakinləri və başqaları iştirak ediblər.

    Mərasimdə Vətən şəhidlərinin portretləri asılıb.
    İcra başçısı cənab Ş.Məmmədov Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılan tarixi Qələbədən, ordu-xalq birliyindən, Elməddin İsmayıl oğlu və onun kimi şəhidlərimizin qanının yerdə qalmadığından söhbət açaraq bildirmişdir ki, Elməddin kimi oğullar bizə əyilən vüqarımızı qaytarmışlar. Elməddin, təkcə İsmayılın yox, hamının övladıdır. Onun kədəri bu kəndin, bu obanın, hamımızın kədəridir. Bizə Qələbə sevincini yaşadan şəhidlərimizin xatirəsi xalqımızın qəlbində əbədi yaşayacaq… Allah Elməddin balamıza, bütün şəhidlərimizə rəhmət eləsin, qazilərimizə şəfa versin.

    Masallı Rayon İcra Hakimiyyətinin təsisçiliyi ilə nəşr edilən “Yeni həyat” qəzetinin əməkdaşı mərasim keçirilən Binə Xocavar kəndindən xəbər verir ki, cənab Ş.Məmmədov həmçinin Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda Şanlı Ordumuzun qalib gəldiyi 44 günlük Vətən müharibəsində yanımızda olan, bizə dost, dəstək və düşmən olan ölkələrdən danışıb.

    Masallı rayonunun icra başçısı Ş.Məmmədov demişdir ki, Vətən müharibəsində 3 minə yaxın şəhid verdik. Elməddinlər cəsarət nümayiş etdirdilər. Şəhidlərin zirvəsi əbədidir, daimidir. Onlar qısa ömür sürdülər, amma şərəflə yaşadılar. Qürurumuzu qaytardılar. Heç kim şəhidlərin ruhunu incidə bilməz. İnsan ləyaqətlə yaşamalıdır… Bizə dəstək olan dövlətlər olub. Allah həmin dövlətlərin bayrağını ucadan-uca eləsin. Dünya o qədər də ədalətli deyil. Qələbəmizi qəbul etməyən ölkələr də var. Buna cavab olaraq Azərbaycan Prezidenti, möhtərəm Ali Baş Komandan İlham Əliyev keçən ayın, oktyabrın 3-də Tərtər rayonunun Suqovuşan qəsəbəsində Azərbaycan bayrağını ucaldarkən dediyi: «Bu sözləri deməklə, təkcə öz çirkin ağzını açaraq cəfəng sözləri deyən, naftalin qoxusu verən bir ünsürə cavab vermirəm. Bütün Ermənistanda onun kimilərə, bütün revanşist hisslərlə yaşayanlara müraciət edirəm - ağlınızı yığın başınıza. Dəmir yumruq buradadır, heç yerə getməyib, yerindədir. Bizi əsəbiləşdirməyin, özünüzü yaxşı aparın. Özünüzü yaxşı aparsanız, onda rahat yaşaya bilərsiniz. Yox, əgər bir daha bizə qarşı hər hansı bir təxribat, bəyanat, hərəkət olarsa, heç kimə baxmadan başınızı əzəcəyik. Heç kim də sizi müdafiə edə bilməz.

    Bu gün Suqovuşanda və Talış kəndində olarkən bir daha xalqımızın, Silahlı Qüvvələrimizin qəhrəmanlığını görürəm. Buraya gələn hər kəs bunu görür və görəcək. Çünki bu yerləri işğaldan azad etmək, ölümə getmək, bax, xalqımızın böyüklüyünü göstərir.

    Bu gün hər iki kənddə Dövlət bayrağını ucaldaraq şəhidlərimizin əziz xatirəsinə bir daha ehtiramımı bildirirəm. Azərbaycan xalqına da təşəkkürümü bildirirəm ki, müharibə dövründə bir yumruq kimi birləşib orduya dayaq oldu, mənə arxa oldu və biz bunun hesabına düşmənin başını əzdik, Qələbə çaldıq. Bundan sonra qalib xalq və müzəffər ölkə kimi əbədi yaşayacağıq.

    Qarabağ bizimdir! Qarabağ Azərbaycandır! sözlərini unutmaq olmaz.

    Bildiyiniz kimi ölkə başçımız bu günlərdə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası İstanbulda keçirilən VIII Zirvə görüşündə Türk Dünyasının Ali Ordeninə layiq görülmüşdür. Bu orden Azərbaycan Prezidentinə Qarabağın azad edilməsi işində göstərdiyim səylərə və türk birliyinin daha da güclənməsi işinə töhfələrinə görə verilmişdir. Dahi rəhbərin siyasi varisi, Azərbaycan Prezidenti cənab İlham Əliyev demişdir ki, bu, mənim üçün böyük şərəfdir, eyni zamanda, böyük məsuliyyətdir. Mənim sevincimi ikiqat edən odur ki, bu Ali Ordeni mənə Türk Şurasına üzv ölkələrin dövlət başçıları təqdim edirlər. Onların imzası ilə və əziz qardaşım, hörmətli Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğanın təşəbbüsü ilə bu yüksək mükafat mənə verilir.

    - Allah cənab Prezidentimizi, ailəsini, Masallımızı, masallıları qorusun. 3 gündən sonra Masallıda icra başçısı işləməyimin 2 ili tamam olur. Şəhidlərin bütün hüzr məclislərində iştirak etmişəm. Şəhid valideynləri və qazilər özlərini onların adlarına xəlil gətirəcək hərəkət etmədilər. Mən bütün masallılardan razıyam..,-deyə Masallı RİH başçısı geniş və məzmunlu nitqini yekunlaşdırmışdır.

    Məlumat üçün bildirək ki, Elməddin İsmayıl oğlu Nəzərov 22 noyabr 1996-cı ildə Masallı rayonunun Binə Xocavar kəndində anadan olmuşdur.

    2003-2014-cü illərdə Şəhid Bəşir Nuriyev adına Binə Xocavar kənd tam orta məktəbində təhsil almışdır.
    Elməddin Nəzərov 2015-2017-il tarixlərdə Azərbaycan Silahlı Qüvvələrinin Daşkəsən rayonunda yerləşən "N" saylı hərbi hissəsində müddətli həqiqi hərbi xidmətdə olmuşdur.
    Azərbaycan Ordusunun əsgəri olan Elməddin İsmayıl oğlu Nəzərov 27 sentyabr 2020-ci il tarixdə Azərbaycan Silahlı Qüvvələri tərəfindən erməni işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı döyüşlərdə iştirak etmişdir.
    2020-ci ilin sentyabr ayının 27 — dən başlanan Vətən müharibəsi uğurunda savaşda, Füzuli rayonu uğrunda gedən döyüşlərdə düşmənlərə qarşı böyük mərdliklə döyüşmüşdür. İgid döyüşçü oktyabrın 30-da Cəbrayıl istiqamətində gedən döyüşlərdə düşmən gülləsinə tuş gəlib, şəhidlik zirvəsinə ucalıb.

    Şəhid 17 noyabr 2020-ci il tarixdə Binə Xocavar kənd qəbiristanında dəfn edilmişdir.

    Subay idi...
    Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 15, 24 və 29 dekabr 2020-ci il tarixli sərəncamlarına əsasən Vətən müharibəsinin şəhidi əsgər Elməddin İsmayıl oğlu Nəzərov ölümündən sonra “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə” və “Qubadlının azad olunmasına görə” medalları ilə təltif edilmişdir.

    Şəhid Elməddin Nəzərovn ailəsi hər zaman onlara göstərilən diqqət və qayğıya görə Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə, birinci xanım Mehriban Əliyevaya və Masallı Rayon İcra Hakimiyyətinin başçısına dərin minnətdarlığını bildiriblər.
    Mərasimdə Qafqaz Müsəlmanları İdarəsinin Masallı rayonu üzrə qazısı Rəşid Talıbov, QMİ-nin səlahiyyətli nümayəndəsi Hacı Məftun Hüseynov və başqaları “Qurani-Kərim”dən ayələr oxuyub, ölkə başçımıza, ölkəmizə, millətimizə dualar etmişlər.
    Sonra mərasim iştirakçıları qəbiristanlıqda şəhid əsgər Elməddin İsmayıl oğlu Nəzərovun məzarını ziyarət ediblər.

    Şəhidin xatirəsi ehtiramla anılıb, məzarı üstünə qərənfillər düzülüb.
    Çıxışlarda şəhid barədə xatirələr danışılıb, Elməddinin heç vaxt unudulmayacağı, daim ürəklərdə yaşayacağı bildirilib.

    Allah bütün şəhidlərimizə rəhmət eləsin!

    Ülkər Piriyeva


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR