Daşkənddə “Nizami Gəncəvi və Əlişir Nəvai” yaradıcılığı ilə bağlı beynəlxalq konfrans keçirilib
Azadmedia.az xəbər verir ki, Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə Daşkənddə keçiriliən “Nizami Gəncəvi və Əlişir Nəvai mədəniyyət və ədəbiyyat günləri” çərçivəsində Əlişir Nəvai adına Daşkənd Dövlət Özbək dili və Ədəbiyyatı Universitetində “Nizami Gəncəvi və Əlişir Nəvai yaradıcılığı türk dünyası poeziyasının qürur mənbəyi, dünya ədəbiyyatının zirvəsidir” adlı beynəlxalq konfrans keçirilib.
Konfransda universitetin professor-müəllim heyəti, tələbələr, elm və mədəniyyət xadimləri iştirak edib.
Konfransa Azərbaycan və Özbəkistan mədəniyyət nazirlikləri, hər iki ölkənin yazıçılar birlikləri, Azərbaycan Respublikasının Özbəkistan Respublikasındakı səfirliyi, “Özbəkistan-Azərbaycan Dostluq Cəmiyyəti”, Əlişir Nəvai adına Daşkənd Dövlət Özbək dili və Ədəbiyyatı Universiteti, Nizami adına Daşkənd Dövlət Pedoqoji Universiteti, Əbu Reyhan Biruni adına Özbəkistan Milli Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutu, Özbəkistan Dövlət Konservatoriyası dəstək göstərib.
Konfransda Mədəniyyət Nazirliyini Kitab sənayesi şöbəsinin müdiri tarix üzrə fəlsəfə doktoru Akif Marifli təmsil edib. Konfransda çıxış edən Akif Marifli həm Azərbaycanın, həm də Özbəkistanın dünya ədəbiyyatı tarixinə böyük şair və filosoflar bəxş etdiyini qeyd etmiş, Nizami Gəncəvi və Əlişir Nəvainin ortaq türk ədəbi dəyərlərinin formalaşmasındakı rollarından bəhs etmişdir.
Özbəkistanda Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov da həmçinin hər iki şairin yaradıcılıqlarının ədəbiyyatımızın qürur mənbəyi və dünya poeziyasının ən parlaq nümayəndələri olduğunu qeyd etmişdir. Diplomat Nizami Gəncəvi və Əlişir Nəvai ilə başlayan ədəbi əlaqələrimizin bu gün da uğurla davam etdiyini bildirib.
Universitetin prorektoru Zeynobiddin Abduraşidov, professor Nurboy Cabborov, Azərbyacan Respublikası Milli Məclisinin deputatı, Əməkdar elm xadimi, akademik Nizami Cəfərov, Bakı Dövlət Universitetinin Türkologiya kafedrasının müdiri, professor Ramiz Əsgər, AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Kərimulla Məmmədzadə, Yazışılar Birliyinin sədrinin müşaviri, yazıçı Sayman Aruz Nizami Gəncəvi və Əlişir Nəvai ilə bağlı tezislərlə çıxış ediblər.
Sonda Akif Marifli “Nizami yurdu Gəncə” kitabını və Qarabağın simvolu olan Xarıbülbül nişanını Universitetin rəhbərliyinə hədiyyə edib.