AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclası keçirilib

  • + A
  • - A
  • 9-02-2023, 20:45

    İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclası keçirilib

    Fevralın 9-da Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin yaz sessiyasında növbəti iclası keçirilib. Komitə sədri Tahir Mirkişili iclasda 3 məsələnin müzakirəyə çıxarıldığını deyib.
    O, əvvəlcə, Türkiyə Respublikasında baş vermiş dəhşətli zəlzələ ilə bağlı qardaş ölkəyə Azərbaycan dövlətinin və xalqının dəstək olduğunu söyləyib. Ölkə Prezidenti İlham Əliyevin tapşırığına əsasən zəlzələdən zərər çəkmiş insanlara yardım məqsədilə Türkiyəyə xilasedicilərin, tibb heyətinin göndərildiyini bildirib. Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə Fond tərəfindən yardım kampaniyası çərçivəsində zəruri addımların atıldığını deyib. Milli Məclisin sədri Sahibə Qafarovanın təşəbbüsü ilə deputatların və parlament Aparatı əməkdaşlarının yardım kampaniyasına fəal şəkildə qoşulduqlarını qeyd edib.
    Sonra Tahir Mirkişili gündəlikdəki məsələlər barədə məlumat verib. Bildirib ki, təqdim olunan qanun layihələri Miqrasiya Məcəlləsində edilən dəyişikliklər və bununla əlaqədar "Banklar haqqında" və "Qiymətli kağızlar bazarı haqqında" qanunlarda nəzərdə tutulan düzəlişlərlə bağlıdır. O, diqqətə çatdırıb ki, hər üç qanun layihəsi ölkə Prezidenti tərəfindən qanunvericilik təşəbbüsü qaydasında bir məktubla Milli Məclisə daxil olub. Komitə sədri bu gün bölgədə yaranmış vəziyyətlə bağlı və ölkəmizdə sabitliyin möhkəmləndirilməsi üçün Azərbaycanın miqrasiya siyasətinin təkmilləşdirilməsinin zəruri olduğunu qeyd edib. O, təklif edilən dəyişikliklərin iki istiqamətdə olduğunu deyib. Bildirib ki, burada ölkəmizin qanunlarına əməl etməklə yaşayıb yaratmaq istəyən xarici vətəndaşlar üçün prosedur qaydaların daha da sadələşdirilməsi və öz fəaliyyətində qanunvericiliyimizi pozan xarici vətəndaşlar üçün isə şərtlərin daha da sərtləşdirilməsi öz əksini tapıb. Ümumilikdə, yerli əmək bazarının, daxili miqrasiyanın tənzimlənməsi ilə bağlı, xaricdən gələn vətəndaşların Azərbaycanda müvəqqəti və daimi yaşayış hüququnun təmin edilməsi, eyni zamanda, bu hüququ itirən vətəndaşlara yenidən şərait yaradılması baxımından təklif edilən dəyişikliklər təqdirəlayiqdir.
    İclasda iştirak edən Hüquq siyasəti və dövlət quruculuğu komitəsini üzvü Kamal Cəfərov Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi (birinci oxunuş) barədə ətraflı məlumat verib. O, bildirib ki, Miqrasiya Məcəlləsində əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün Azərbaycanda uzun müddətli yaşamağın iki növü var – müvəqqəti və daimi yaşamaq. Müvəqqəti yaşamaq icazəsinin müddəti 1 ildir və bu hər bir ildən bir artırıla bilər. İkinci ildən sonra həmin müvəqqəti yaşamaq hüququ olan şəxslərin daimi yaşamaq üçün hüququ yaranır. Daimi yaşamaq icazəsinin müddəti isə 5 ildir. Daimi yaşamaq icazəsi olan əcnəbi və vətəndaşlığı olmayan şəxslərin tək vətəndaşlıq adından başqa, digər Azərbaycan vətəndaşları kimi sosial, işləmək və pensiya hüquqları mövcuddur. Qeyd edilib ki, müzakirəyə təqdim olunan dəyişikliklərin mahiyyəti bu sahədə münasibətləri təkmilləşdirmək, sui-istifadə hallarının qarşısını almaq, eyni zamanda, Azərbaycan iqtisadiyyatına töhfə vermək istəyən əcnəbilər üçün imkanları daha da dəqiqləşdirmək və asanlaşdırmaqdan ibarətdir.
    Diqqətə çatdırılıb ki, birinci dəyişiklik müvəqqəti yaşamaq icazəsi ilə bağlıdır. Miqrasiya Məcəlləsinin 45-ci maddəsində edilən dəyişiklik əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan ərazisində müvəqqəti yaşamaq üçün icazənin verildiyi hallar, həmin icazənin müddətinin uzadıldığı halları əhatə edəcək. Bu təklif ölkə daxilində miqrasiya proseslərinin təkmilləşdirilməsinə xidmət edir. Yeni redaksiyada verilmiş 45.1.2-ci maddədə əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan ərazisində müvəqqəti yaşamaq üçün icazənin verilməsi şərtləri yumşaldılır. Qeyd edilib ki, 45.1.6-1-ci maddəsinə əsasən Azərbaycanda təsis edilmiş və təsisçisi və ya təsisçilərdən ən azı biri xarici hüquqi və ya fiziki şəxs olan hüquqi şəxsin rəhbəri və onun müavini vəzifəsini tutan əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə verilir. Həmin maddənin yeni redaksiyada verilməsi nəticəsində azı 1 il Azərbaycan ərazisində müvəqqəti yaşamış əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə müvəqqəti yaşamaq üçün icazənin verilməsi şərtləri sərtləşdirilir.
    Bildirilib ki, Məcəlləyə əlavə edilən yeni 45.3-cü maddəyə əsasən, dövlət qiymətli kağızlarına və ya paylarının (səhmlərinin) 51 və daha artıq faizi dövlətə məxsus olan hüquqi şəxslərin investisiya qiymətli kağızlarına malik olmaqla, Azərbaycan ərazisində müvəqqəti yaşamaq üçün icazə almış şəxslərin siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən 3 iş günü müddətində Milli Depozit Mərkəzinə göndərilir. Həmin siyahıda göstərilmiş şəxslərin mülkiyyətində olan investisiya qiymətli kağızlarının, o cümlədən dövlət qiymətli kağızlarının ümumi nominal dəyəri 100.000 manatdan aşağı düşdükdə və ya həmin qiymətli kağızlar özgəninkiləşdirildikdə Milli Depozit Mərkəzi bu barədə müvafiq icra hakimiyyəti orqanına 3 iş günü müddətində məlumat təqdim edir. 45-ci maddənin “Qeyd” hissəsində ediləcək dəyişiklikdən sonra ölkəmizdə sahibkarlıq fəaliyyətinin dövriyyəsi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi həcmdə olmalıdır, əcnəbi və vətəndaşlığı olmayan şəxs azı 1 il Azərbaycan ərazisində müvəqqəti yaşamalıdır.
    Qeyd olunub ki, Miqrasiya Məcəlləsinin 52.1-ci maddəsi təkmilləşdirilərək yeni redaksiyada verilir. Belə ki, Azərbaycan ərazisində daimi yaşamaq icazəsinin əcnəbilərə ölkə ərazisində uzun müddət yaşamaq, icazəsi almadan haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaq, gələcəkdə Azərbaycan Respublikası vətəndaşlığının əldə edilməsi üçün müraciət etmək imkanı və digər geniş imkanlar yaradır. Bundan başqa, qabaqcıl ölkələrin təcrübələrinə əsasən əcnəbilər yüksək ixtisaslı mütəxəssis və ya ərazisində olduğu ölkənin vətəndaşı ilə birinci dərəcəli yaxın qohum olarsa, həmin ölkə ərazisində daimi yaşamaq icazəsi almaq imkanı verilir. Bu baxımdan qohumluq münasibətlərinə görə daimi yaşamaq icazəsinin alınması üzrə qohumların dairəsinin məhdudlaşdırılması və yalnız müraciət edən şəxsin atası, anası, əri (arvadı), övladı, bacısı və ya qardaşı Azərbaycan vətəndaşı olduqda daimi yaşamaq icazəsi ala bilməsi təklif olunur.
    Sonra "Banklar haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi (birinci oxunuş) və "Qiymətli kağızlar bazarı haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi (birinci oxunuş) barədə qanun layihələrinə baxılıb.
    "Banklar haqqında" qanuna təklif edilən əlavəyə əsasən, Azərbaycan Respublikasında fəaliyyət göstərən banka müddətli əmanət müqaviləsi əsasında pul vəsaiti qoymaqla Azərbaycan Respublikasının ərazisində müvəqqəti və ya daimi yaşamaq üçün icazə almış əcnəbilərin və ya vətəndaşlığı olmayan şəxslərin müddətli əmanəti barədə məlumatlar müvafiq icra hakimiyyəti orqanına Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsi ilə müəyyən edilmiş hallarda verilir.
    "Qiymətli kağızlar bazarı haqqında" qanuna təklif olunan yeni 28.4-cü maddədə isə bildirilir ki, dövlət qiymətli kağızlarına və ya paylarının (səhmlərinin) 51 və daha artıq faizi dövlətə məxsus olan hüquqi şəxslərin investisiya qiymətli kağızlarına malik olmaqla Azərbaycan Respublikasının ərazisində müvəqqəti və ya daimi yaşamaq üçün icazə almış əcnəbilərin və ya vətəndaşlığı olmayan şəxslərin investisiya qiymətli kağızları, o cümlədən dövlət qiymətli kağızları barədə məlumatlar müvafiq icra hakimiyyəti orqanına Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsi ilə müəyyən edilmiş hallarda verilir.
    İclasda çıxış edən komitənin sədr müavini Əli Məsimli, üzvləri Aydın Hüseynov, Mahir Abbaszadə, Rüfət Quliyev, Ziyad Səmədzadə, Məzahir Əfəndiyev təklif olunan dəyişiklikləri müsbət qiymətləndiriblər, qanun layihələrinin bu sahənin günün tələbinə uyğun təkmilləşdirilməsi baxımından əhəmiyyətindən bəhs ediblər. Millət vəkilləri bəzi qeyd və təkliflərini də səsləndiribər.
    Deputat Kamal Cəfərov və parlament Aparatının Dövlət quruculuğu, inzibati və hərbi qanunvericilik şöbəsinin baş məsləhətçisi Emin Əzimzadə deputatların qaldırdığı məsələlərə münasibət bildiriblər.
    Müzakirələrin sonunda gündəlikdəki hər üç qanun layihəsi birinci oxunuşda Milli Məclisin plenar iclasına tövsiyə olunub.



    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR