Bir həftədir Azərbaycanın bütün ərazilərində qeyri-sabit hava şəraiti hökm sürür. Havaların əlverişsiz keçməsi zamanı yol işçilərinin üzərinə böyük məsuliyyət düşür. Yollar nə qədər təmiz olarsa, qəzaların sayı da bir o qədər az olar. Azadmedia.az hava şəraiti ilə əlaqədar ən çox gediş-gəliş yollarından hesab edilən Bakı-Şamaxı yolunda hazırda vəziyyəti öyrənmək üçün AAYDA-nın nəzdində fəaliyyət göstərən 19 saylı Xüsusi Təyinatlı Yol İstismarı MMC-nin direktoru Nazim Eynallı ilə əlaqə saxlayıb. 19 saylı Xüsusi Təyinatlı Yol İstismarı MMC-nin direktoru Nazim Eynallı bildirib ki, Bakı-Şamaxı-Yevlax magistral avtomobil yolunun asfalt hissəsində buzlaşma yaranıb. 19 nömrəli xüsusi təyinatlı yol-istismar idarəsinin canlı qüvvəsi tərəfindən yolun kənarında olan ehtiyat duz-qum qarışığı materialı asfalt örtüyünə verilir.
Hal-hazırda havanın temperaturunun -10 dərəcə olduğunu bildirən Nazim Eynallı qeyd edib ki, paralel olaraq Şamaxı rayonu Nərimanov prospektində yollar qardan təmizlənir, yollara qum, duz qarışığı səpilir. Şamaxı rayonunda yerləşən işçi heyəti və texnikası ilə Şamaxı-Dəmirçi yolunun buzdan, qardan təmizlənməsi davam edir. N.Eynallı bildirdi ki, özü də hadisə yerindədi, işin gedişatına nəzarət edir, hal-hazırda yolda heç bir məhdudiyyət yoxdur.