Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamına əsasən, Qarabağ və Şərqi Zəngəzurda Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən yol infrastrukturunun yenidən qurulması istiqamətində genişmiqyaslı tikinti işləri həyata keçirilir. İşğaldan azad edilmiş ərazilərdə icra olunan bu cür yol infrastrukturu layihələrindən biri də Bərdə-Ağdam avtomobil yoludur.
Başlanğıcını Bərdə şəhərindən götürən Bərdə-Ağdam avtomobil yolunun uzunluğu 44,5 kilometr təşkil edəcək. Dövlətimizin başçısının tapşırığına əsasən, Bərdə-Ağdam avtomobil yolu Qarabağın inkişaf planı nəzərə alınmaqla 4 hərəkət zolaqlı olmaqla I texniki dərəcəyə uyğun olaraq inşa edilir.
Hazırda Bərdə-Ağdam avtomobil yolunun 14-40-cı kilometrləri arasında olan hissələrində torpaq işlərinin icrası davam etdirilir. Belə ki, xüsusi texnikalardan istifadə olunmaqla yararsız qrunt qazılaraq çıxarılır, genişləndirmə işləri aparılmaqla 26.5 metr enində yeni yol yatağının inşası istiqamətində addımlar atılır. Hazırda yol yatağı hazır olan hissələrdə yol əsasının tikintisi işlərinə də başlanılıb. Bunun üçün tikinti ərazisinə lazımi sayda qüvvə cəlb edilib.
İş həcmi və layihənin qısa müddət ərzində yekunlaşdırılması tapşırığı nəzərə alınaraq tikintini Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin “54 N-li Yol İstismarı” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə subpodratçı şirkət olaraq “Körpü-Bina-Tikinti” Məhdud Məsuliyyətli Cəmiyyəti birgə icra edir.
Yeni inşa edilən yol boyunca layihəyə uyğun suların ötürülməsini təmin etmək məqsədilə 79 dairəvi suötürücü boru, 5 düzbucaqlı su keçidi, həmçinin zəruri olan yerlərdə 5 yeraltı keçid, o cümlədən 2 yeni avtomobil körpüsünün və 1 yol ötürücünün inşası aparılır.
Belə ki, Bərdə-Ağdam avtomobil yolunun 25 və 40-cı kilometrlik hissəsində yerləşən 18.2 metr uzunluğa malik 1 aşırımlı körpü və 32.2 metrlik yol ötürücü üçün svay qazma işləri və dayaqların inşası aparılır. Uzunluğu 91.3 metr təşkil edən körpünün hazır olan dayaqları üzərinə isə aşırım tirləri quraşdırılır.
Bundan başqa, 1-ci texniki dərəcəli avtomobil yolu boyunca hərəkətin təhlükəsizliyini təmin etmək məqsədilə 8 nöqtədə geriyə dönmə hissələrinin yaradılması, 24 yerdə isə avtobus dayanacaqlarının inşası da həyata keçiriləcək.
Yolun tikintisinin qısa müddət ərzində icra edilməsini təmin etmək məqsədilə ərazidə yeni düşərgə inşa edilib. Düşərgədə asfalt-beton zavodu, maşın-mexanizmlərin saxlanılması və xidməti üçün xüsusi ərazi, həmçinin işçilər üçün hər bir şəraiti olan ofis, yeməkxana və dincəlmək üçün yerlər qurulub.
Qeyd edək ki, Bərdə-Ağdam avtomobil yolu işğaldan azad edilmiş Ağdam şəhərinə qədər inşa edilir. Avtomobil yolunun ilk 14 kilometrlik hissəsi Bərdə şəhəri və rayonun bir neçə yaşayış məntəqəsinin daxilindən keçir. Ümumilikdə isə yol Bərdə və Ağdam şəhərləri də daxil olmaqla, sözügedən rayonların 20-dən çox yaşayış məntəqəsini əhatə edəcək.