Füzuli, 20 dekabr, Tahir Ağaməmmədov, AZƏRTAC
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi (AQUPDK) və Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı (BMTİP) Füzuli rayonunda yerli icmanın təşəbbüsü ilə həyata keçirilən üç Sürətli Təsir Layihəsinə yekun vurub. Layihə çərçivəsində Qazaxlılar və Əhmədalılar kəndlərində əhəmiyyət kəsb edən bir neçə ictimai yol (hər kənddə 15 kilometr uzunluğunda) yenidən qurulub ki, bu da 700-dən çox ailənin məktəblərə, xəstəxanalara və digər ictimai xidmətlərə daha yaxşı çıxışını təmin etməyə kömək edib. Horadiz şəhərində isə 120 evə su təchizatının yaxşılaşdırılması məqsədilə suvarma xətti çəkilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, layihənin başa çatması münasibətilə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova və BMTİP-in Azərbaycandakı rezident nümayəndəsinin müavini vəzifəsini icra edən Çaru Bist Füzuli rayonuna səfər edib.
Əvvəlcə Horadiz şəhərində ümummilli lider Heydər Əliyevin abidəsini və Qəhrəmanlar parkında şəhidlərin abidə kompleksini ziyarət edib, önünə tər güllər qoyublar. Sonra Füzuli Rayon İcra Hakimiyyətində görüş keçirilib. Görüş zamanı “Füzuli rayonunun üç icmasında həyata keçirilən Sürətli Təsir” layihəsi çərçivəsində görülmüş işlər və əldə edilmiş nailiyyətlər müzakirə olunub. Məlumat verilib ki, sözügedən layihələr BMTİP tərəfindən maliyyələşdirilən və Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığı tərəfindən qismən maliyyələşdirilən və AQUPDK və Azərbaycan Mikromaliyyə Assosiasiyası (AMFA) ilə birgə icra edilən “Azərbaycanın Füzuli-Horadiz, Ağcabədi və Tərtər rayonlarında əhalinin həssas qruplarının erkən bərpa və icma dayanıqlılığının təmin edilməsi” layihəsi çərçivəsində həyata keçirilib. Bu layihələr həssas qrupdan olan 3308 insana iş bacarıqları təlimləri, habelə mütəmadi olaraq psixo-sosial və hüquqi yardım təqdim edən Füzuli İcma Resurs Mərkəzi və Azərbaycan Mikromaliyyə Assosiasiyasının dəstəyi ilə həyata keçirilib. Bundan əlavə, səyyar ekspertlər qrupu səfər etmək imkanı və resursları olmayan insanların xidmətlərə çıxışını təmin etmək üçün tez-tez kəndlərə səfər edir.
İcma Resurs Mərkəzi yerli icra hakimiyyətinin 8 nümayəndəsi üçün potensialın gücləndirilməsi üzrə bir sıra təlimlər keçirib. Mərkəz, həmçinin Füzuli, Ağcabədi, Tərtər İcma Resurs Mərkəzləri koordinatorları və Zaqatala, Qusar və Bakı-Xəzər Qadın Resurs mərkəzlərinin koordinatorları üçün ən yaxşı təcrübələri müzakirə etmək və mübadilə aparmaq məqsədilə görüşlər təşkil edib.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova bildirib ki, Azərbaycanda ondan artıq rayonda qadın resurs mərkəzləri var və onlar indiyə kimi yüzlərlə qadına öz işlərini qurmağa, peşəkarlığını artırmağa kömək edib, onlara texniki dəstək göstərib. Dövlət komitəsi, BMT və onun müxtəlif qurumları ilə əməkdaşlığa yüksək önəm verir və biz reallaşdırdığımız layihələrin müsbət nəticələrini həm insanların həyatında, həm də ümumi əhval-ruhiyyəsində görürük.
Diqqətə çatdırılıb ki, Füzuli-Horadiz rayonunun üç icmasında həyata keçirilən Sürətli Təsir layihələri əvvəllər təmas xətti olmuş ərazilərdə insanların bəzi ehtiyaclarının aradan qaldırılmasına yönəlib.
BMTİP-in Azərbaycandakı Rezident Nümayəndəsinin müavini vəzifəsini icra edən Çaru Bist bildirib ki, həm psixo-sosial, həm də digər sahələrdə olan dəstəyin göstərilməsi məqsədilə keçirilən layihələr ümumilikdə 3308 nəfəri əhatə edir. İcma Resurs Mərkəzi vasitəsilə insanlara psixo-sosial yardımın göstərilməsi, bilik və bacarıqların formalaşdırılması həyata keçirilir. Bu gün açılışını edəcəyimiz layihələr kimi tədbirlər gələcəkdə bütün rayonu əhatə edəcək. Biz istərdik ki, əldə etdiyimiz bu təcrübə növbəti illərdə davam etdirilsin.
Füzuli Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev həyata keçirilən layihənin əhəmiyyətini yüksək qiymətləndirib, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə və BMT-nin İnkişaf Proqramına minnətdarlığını bildirib.
Sonra Horadiz İcma Resurs Mərkəzinə Steam proqramı iştirakçıları olan qadınlarla görüş keçirilib, İcma layihələrinin həyata keçirilməsi videosu izlənilib. Qadınların rəqəmsallaşması ilə (sosial media marketinqi və dizayn) bağlı layihə təqdim edildi. Tədbir iştirakçıları Qazaxlılar və Əhmədalılar kəndlərində yolların təmir edilməsi, eləcə də Horadiz şəhərində su təchizatının yaxşılaşdırılması məqsədilə görülən işlərlə tanış olublar.