Azadmedia.az xəbər verir ki, bu gün Milli Məclisin Plenar iclasında Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov “Elektroenergetika haqqında” qanun layihəsini (birinci oxunuş) təqdim edib. O, bildirib ki, qanun layihəsi Azərbaycan Prezidentinin 2017-ci il 4 aprel tarixli “Sahibkarların mövcud və ya inşa ediləcək tikinti obyektlərinin elektrik enerjisi ilə təchizatı prosedurunun sadələşdirilməsi haqqında” Fərmanının 4.2-ci bəndinin icrası məqsədi ilə hazırlanıb.
Komitə sədri deyib ki, qanun elektrik enerjisinin istehsalı, saxlanması, ötürülməsi, paylanması, təchizatı, idxalı, ixracı və istehlakı ilə bağlı elektroenergetika subyektləri, istehlakçılar və elektroenergetika sektorunda fəaliyyət göstərən dövlət orqanları arasında yaranan münasibətləri tənzimləyəcək, elektroenergetikanın hüquqi, iqtisadi və təşkilati əsaslarını müəyyən edəcək. Qanunun qəbulu ölkəmizdə rəqabət mühitində və antiinhisar siyasətində rəqabətli və azad sahibkarlığı təşviq etməklə həm iqtisadiyyatın inkişafını, həm də istehlakçıların rifahını, məhsul və xidmətlərin keyfiyyətini təmin edəcək. Habelə növbəti onillikdə ölkənin sosial-iqtisadi inkişafına dair 5 milli prioritetdən ikisini – dayanıqlı artan rəqabətli iqtisadiyyat və təmiz ətraf mühit və yaşıl artım ölkəsi üzrə strateji çərçivəyə uyğun olmaqla yanaşı, 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf strategiyasının hər iki prioritet üzrə tədbirlər planına daxil edilmiş məsələlərin icrasına öz müsbət təsirini göstərəcək.
Diqqətə çatdırılıb ki, layihə hazırlanarkən beynəlxalq təcrübə, bazar iqtisadiyyatının mövcud inkişaf səviyyəsi və perspektiv inkişaf istiqamətləri nəzərə alınıb. Layihədə subyektlərin ayrılması, yəni elektrik enerjisi istehsalçısının, ötürücünün, paylayıcının və satıcının ayrı-ayrı subyektlər olması müəyyən edilir. Bu subyektlər arasında yaranan münasibətlərin müqavilə əsasında həyata keçirilməsi bazar iqtisadiyyatının mahiyyətinə uyğun olmaqla, layihənin tələblərindən biri kimi göstərilir. Habelə, bazara girişin təmin edilməsi, yəni elektroenergetika subyektlərinin elektrik enerjisi bazarında sərbəst iştirakı nəzərdə tutulur. Layihədə topdan və pərakəndə satış bazarlarının subyektləri müəyyən edilib və malın alqı-satqısı, xidmətlərin göstərilməsi proseduru da öz əksini tapıb.
Bildirilib ki, layihədə əsas məsələlərdən biri də tənzimləyici orqanın yaradılmasıdır. Tənzimləyici orqan elektroenergetika sektorunda qiymətləri, tarifləri müəyyənləşdirən, elektrik enerjisi bazarını tənzimləyən orqan kimi çıxış edəcək. Digər məsələ, sərbəst istehlakçıların elektrik enerji təchizatçısını seçmək hüququnu əldə etməsidir. Layihəyə əsasən, istehlakçı həmin ərazidə fəaliyyət göstərən və sərfəli qiymət və xidmət təklif edən istənilən təchizatçı ilə müqavilə bağlaya bilər. Sənəddə, habelə elektrik enerjisinin istehsalı və təchizatı sahəsində rəqabət mühitinin formalaşmasına imkan verən müddəalar nəzərdə tutulub. Qeyd edilir ki, elektroenergetika subyektlərinin və istehlakçıların elektrik enerjisi bazarında dəyişikliklərə uyğunlaşması, o cümlədən azad rəqabət mühitinin tətbiqi və subsidiyalaşmanın ləğv edilməsi məqsədi ilə elektrik enerjisi bazarında elementlərin tətbiqi prosesi 3 mərhələdə həyata keçirilir.
Komitə sədri deyib ki, qanunun qəbulu biznes subyektlərinin bazara girişinin və bazarda inkişafın qarşısını alan maneələrin aradan qaldırılmasına, təbii inhisar sahələrinin mərhələli şəkildə rəqabətli bazara keçidinin formalaşmasına, rəqabət mühitinin təsir dairəsinin genişləndirilməsinə, ölkənin rəqabət indeksinin yüksəlməsinə töhfə verəcək.
Deputatlar Vüqar Bayramov, Qüdrət Həsənquliyev, Etibar Əliyev, Aydın Mirzəzadə sənəd barədə fikirlərini və bəzi qeydlərini açıqlayıblar. Komitə sədri Sadiq Qurbanov səsləndirilən məsələlərə aydınlıq gətirib.
Qanun layihəsi səsə qoyularaq birinci oxunuşda qəbul edilib.