"31 mart tarixi, ermənilər tərəfindən azərbaycanlılara qarşı törədilmiş qanlı qırğının qurbanlarının xatirəsinin anıldığı Azərbaycanlıların Soyqırımı Günüdür".
Bu, Azərbaycan Xarici İşlər Nazirliyinin Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar yaydığı bəyanatda əksini tapıb.
"1918-ci ilin mart-aprel aylarında Bakı Sovetinin mandatı altında fəaliyyət göstərən daşnak-bolşevik silahlı dəstələri tərəfindən Bakı şəhərində, habelə Bakı quberniyasına daxil olan digər şəhər və qəzalarda xüsusi qəddarlıqla kütləvi qırğınlar törədilib və on minlərlə dinc sakin məhz etnik və dini mənsubiyyətinə görə qətlə yetirilib. Bu hadisələrin qurbanlarının xatirəsini anır və gələcəkdə bu kimi faciələrin qarşısının alınması üçün bu yaddaşın qorunub saxlanılmasını vacib hesab edirik.
Qafqazın Fövqəladə Komissarı, etnik erməni olan Stepan Şaumyan etiraf edirdi ki, Azərbaycanlılara qarşı olan qırğınlarda Bakı Sovetinin 6000 və Daşnaksutyun partiyasının 4000 silahlı əsgəri iştirak edib.[1]
Azərbaycanlılara qarşı törədilən soyqırımı Bakı ilə yanaşı, Şamaxı, Quba, İrəvan, Zəngəzur, Qarabağ, Naxçıvan və Qars bölgələrini də əhatə etdi. 1918-ci ilin ilk beş ayı ərzində təkcə Qubada xüsusi vəhşiliklə 16.000-dən artıq insan öldürüldü, 167 kənd məhv edildi. Quba rayonu ərazisində 2007-ci ildə aşkar olunmuş kütləvi məzarlıq ermənilərin törətdiyi qeyri-insani əməllərin əyani sübutunu təşkil edir.
1918-ci ilin mart qırğınları radikal millətçi ermənilərin azərbaycanlılara qarşı irqi ayrı-seçkilik və etnik təmizləmə siyasəti əsasında əvvəlcədən hazırlanmış və qəddarcasına həyata keçirilən siyasəti idi.
Azərbaycan Xalq Cümhuriyyətinin hökuməti ermənilərin törətdikləri ağır cinayətlərin araşdırılması üçün 1918-ci ildə Fövqəladə İstintaq Komissiyası yaratmış, Komissiyanın üzə çıxardığı həqiqətlərin xalqın yaddaşında hifz edilməsi və dünya ictimaiyyətinə çatdırılması üçün bir sıra tədbirlər görmüşdür. Müxtəlif millətlərin, o cümlədən ruslar, yəhudilər, polyaklar, gürcülər və hətta ermənilər olmaqla, həmin dövrün ən yaxşı hüquqşünaslarının təmsil olunduğu Fövqəladə İstintaq Komissiyası sübutlar əsasında dinc əhaliyə qarşı müxtəlif cinayətlərə görə təqsirləndirilən 194 nəfər barəsində cinayət işi açdı və törətdikləri cinayətlərə görə Bakıda 24 və Şamaxıda təxminən 100 nəfər həbs olundu.
Lakin Xalq Cümhuriyyətinin süqutundan sonra bu proses dayandırıldı, baş verənlərin sona qədər təhqiq edilməsinin və ona müvafiq siyasi-hüquqi qiymət verilməsinin qarşısı alındı. Yalnız 80 il sonra - 1998-ci il martın 26-da ümummilli lider Heydər Əliyevin imzaladığı “Azərbaycanlıların soyqırımı haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanında həmin dəhşətli hadisələrə adekvat siyasi qiymət verildi və 31 mart “Azərbaycanlıların Soyqırımı Günü” elan edildi.
Azərbaycanlıların Soyqırımı Gününün yad edilməsi keçmişdə və müasir mərhələdə azərbaycanlıların qırğın və etnik təmizləmələrə məruz qalması barədə dünya ictimaiyyətinin məlumatlandırılmasında mühüm rol oynayır.
Azərbaycana qarşı 30 ilə yaxın davam edən hərbi təcavüz siyasəti çərçivəsində Ermənistan tərəfindən Azərbaycanlılara qarşı etnik zəmində cinayətlər davam etdirildi. Ermənistanın özündə və Azərbaycanın işğal olunmuş ərazilərində bir milyon azərbaycanlı etnik təmizləmənin qurbanı oldu. Ermənistan, 1992-ci ilin fevralında Xocalı soyqırımı da daxil olmaqla, soyqırımı aktları, çoxsaylı hərbi cinayətlər və insanlıq əleyhinə cinayətlər törətdi. Ermənistan silahlı qüvvələri 44 günlük müharibə zamanı Azərbaycanın Gəncə, Bərdə, Tərtər və digər şəhərlərinin dinc insanlarını məqsədyönlü şəkildə raket hücumlarının hədəfinə çevirdi. Beləliklə də, Ermənistan bir əsr öncəki Mart qırğınının xatirələrini geri qaytardı.
Ermənistan tərəfindən Azərbaycan xalqına qarşı bu günədək törədilən soyqırımı, bəşəriyyət əleyhinə cinayət, irqi ayrı-seçkilik və etnik təmizləməyə əsaslanan məqsədyönlü siyasəti qəti şəkildə pisləyir və bu qəbildən olan qeyri-insani cinayətlərin qarşısının alınması və gələcəkdə təkrarlanmaması üçün Ermənistanın cəzasızlığına son qoyulmasının vacibliyini vurğulayırıq. Azərbaycan, öz növbəsində sülhü təmin etmək və cəzasızlığa son qoymaq üçün bütün lazımı hüquqi tədbirləri görəcəkdir.
Mart qırğınının günahsız qurbanlarını hüznlə və rəhmətlə anırıq", - bəyanatda qeyd olunub.