İsrailin müdafiə naziri Livandan atılan atəşdən sonra istənilən cavab tədbirinə hazırlaşmağı əmr edib
[/center]
İsrailin müdafiə naziri Yoav Qalant Livan ərazisindən raket hücumundan sonra mümkün cavab tədbirlərinə hazırlaşmağı əmr edib, The Times of Israel xəbər verir.
Nəşrin məlumatına görə, Qalant İsrailin müdafiə strukturlarının yüksək rütbəli nümayəndələrinin iştirakı ilə vəziyyəti qiymətləndirmək üçün iclas keçirib. İclasın sonunda nazir hərbi-siyasi kabinetin axşam iclasında vəziyyəti müzakirə etməzdən əvvəl müdafiə nazirliyinə baş verənlərə “cavab vermək üçün bütün variantları” işləyib hazırlamağı tapşırıb.
İsrail Xarici İşlər Nazirliyi həmçinin öz səfirlərinə direktivlər göndərərək, onların yerləşdikləri ölkələrin diplomatik nümayəndəliklərinə hakimiyyətlərin Livandan yəhudi dövlətinin atəşə tutulmasına cavab tədbirləri planlaşdırdıqları barədə məlumat verməyi tapşırıb, İsrail portalı Walla yazır.
Bundan əvvəl İsrail mediası İsrailin şimalının Livandan raket hücumlarına məruz qaldığını bildirmişdi. İsrail Müdafiə Qüvvələri ölkəyə azı 34 raket atıldığını, onlardan 25-nin hava hücumundan müdafiə sistemləri tərəfindən tutulduğunu, beşinin isə İsrail ərazisinə düşdüyünü bildirib.
İsrail Müdafiə Qüvvələrinin məlumatına görə, atəşin arxasında Fələstin HƏMAS qruplaşmaları dayanır.