“İsmayıllı xəbərləri” qəzeti nəzdində 15 ildir fəaliyyət göstərən “Dağ çiçəkləri” ədəbi məclisinin oktyabr ayının ilk şənbəsinə təsadüf edən növbəti toplantısı keçirilib.
İsmayıllı Rayon Uşaq Kitabxanasında təşkil olunan məclisdə əvvəlki toplantılardan fərqli olaraq yeni yazarlar və ədəbiyyat həvəskarları da iştirak ediblər. Bu da məclisə marağın artdığını və sıralarının genişləndiyini göstərib.
Toplantıda “İsmayıllı Yazarları” Ədəbi-İctimai Birliyinin sədr müavini, Azərbaycan dili və ədəbiyyatı müəllimi Hacıməmməd Məmmədov ədəbiyyata giriş mövzusunda çıxış edərək bədii yaradıcılığın əsas prinsipləri barədə fikirlərini bölüşüb. İştirakçılar gələcək görüşlərdə ədəbiyyatın müxtəlif istiqamətlərinə dair maarifləndirici söhbətlərin davam etdirilməsini təklif ediblər.
Təxminən iki saat davam edən toplantıda məclis üzvlərinin yeni qələm nümunələri dinlənilib, əsərlər ətrafında müzakirələr aparılıb, müəlliflərə tövsiyə və rəylər verilib. Bədii dəyəri yüksək qiymətləndirilən yazılar “İsmayıllı xəbərləri” qəzetinin “Dağ çiçəkləri” səhifəsində dərc olunmaq üçün qəbul edilib.
Görüş zamanı gənc yazarların ədəbi məclisə cəlb edilməsinin vacibliyi də vurğulanıb. Bildirilib ki, yeni istedadların üzə çıxarılması və onların yaradıcılıq fəaliyyətinə dəstək göstərilməsi məclisin əsas prioritetlərindən biridir.
Toplantının gedişi videoçəkilişlə qeydə alınıb. Sonda iştirakçılar İsmayıllı Rayon Uşaq Kitabxanasının kollektivinə göstərdikləri qonaqpərvərliyə görə təşəkkür edib, xatirə şəkli çəkdiriblər.
Növbəti toplantının 2 noyabr tarixində keçirilməsi nəzərdə tutulur. Məclis üzvləri növbəti görüşün daha geniş tərkibdə və daha maraqlı müzakirələrlə yadda qalacağına ümid etdiklərini bildiriblər.
Mənbə: Rüstəm Aslanov
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.